Modern.az

"Vətən yaxşıdır" dastanı yazan Xudayar Yusifzadə 

"Vətən yaxşıdır" dastanı yazan Xudayar Yusifzadə 

Ölkə

15 İyul 2025, 10:13

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri, Vətən müharibəsinin şəhidi Xudayar Müslüm oğlu Yusifzadənin doğum günüdür.

Modern.az-ın məlumatına görə, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Onun doğumundan 24 gün sonra atası vəfat edib.

Xudayar 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.

O, 2016-2018-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət elədi və "gizir" hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl şair Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" mahnısını oxuyarkən döyüş yoldaşları ilə özünün videogörüntüsünü çəkib. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi