Modern.az

Məhərrəmlik Azərbaycana Səfəvilər dövründə gəlib - Fazil Mustafa

Məhərrəmlik Azərbaycana Səfəvilər dövründə gəlib - Fazil Mustafa

Ölkə

15 İyul 2025, 14:48

Adərən Məhərrəm ayı başlayanda toy, nişan və digər bu kimi mərasimlərin keçirilməsi dayandırılırdı. Xüsusilə dini inancların güclü olduğu bölgələrdə bu, yazılmamış qayda kimi qəbul edilib. Lakin son illər bu ənənənin zəiflədiyi, cəmiyyətdə Məhərrəmlik dövrünə münasibətin dəyişdiyi görünür.

Artıq bir çoxları Məhərrəmlik dövrünü şəxsi seçim məsələsi kimi dəyərləndirir. Xüsusilə şəhər mühitində və gənclər arasında toy və tədbirlərə yanaşma daha sərbəstdir. 

“Azərbaycanda matəm günləri dövlət tərəfindən müəyyən olunmuş konstitusion prinsiplərə əsaslanır və bunlar qanunla təsbit edilir”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İcmai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib. O deyib ki, Azərbaycanda dövlət səviyyəsində anılan matəm günləri Xocalı soyqırımı və 20 Yanvar faciəsi ilə bağlıdır.

Deputatın sözlərinə görə, 1918-ci il martın 31-də 30 mindən çox azərbaycanlının qətlə yetirilməsi də dünya azərbaycanlıları tərəfindən soyqırımı kimi tanınır və bu tarix də xalqın yaddaşında xüsusi yer tutur.

“İslam dinində isə "matəm günü" anlayışı yoxdur. Əgər belə olsaydı, Peyğəmbərin və ya ilk xəlifələrin - Hz. Əlinin, Hz. Osmanın, Hz. Ömərin şəhid olduqları günlərdə müsəlmanlar matəm mərasimləri keçirərdi. Amma bu tarixlər heç bir şəkildə dini matəm kimi qeyd edilmir,” - deyə Fazil Mustafa bildirib.

Deputat vurğulayıb ki, Məhərrəmlikdə keçirilən matəm mərasimləri Qurana deyil, İran ənənələrinə və Səfəvilər dövründə formalaşmış adətlərə əsaslanır:

“Buveyhilər dövründə əsasını qoyduqları, sonradan İran vasitəsilə Səfəvilərin yaydığı bu ənənə bizim regionda da qəbul olunub. Səfəvilər dövrünə qədər Azərbaycanda belə kütləvi matəm mərasimləri keçirilmirdi. Bu, Qurandan qaynaqlanan bir ibadət deyil, sadəcə adət-ənənədir”.


Fazil Mustafa hesab edir ki, İslamın təməl prinsiplərinə əsaslanan müsəlmanların heç biri nifrət, qəzəb və ya özünə əzab verməyi təşviq edən, insanları qaranlıq düşüncələrə sürükləyən adətləri qəbul etməz:

“Qurana istinad edən müsəlman heç zaman radikalizm nümayiş etdirməz, özünü teatral şəkildə əzabkeş kimi göstərməz. Əgər belə bir anlayış İslamda olsaydı, müsəlmanlar ilin 90 faizini matəm və ağlamaqla keçirməli olardı. Amma nə sünnilikdə, nə də şiəlikdə belə bir dini əsas var”.

Deputatın sözlərinə görə, Azərbaycanın bir sıra bölgələrində - Balakən, Zaqatala, Şəki, Quba, Qax və digər rayonlarda insanlar dini bayram və şənlikləri sərbəst şəkildə qeyd edir və bu, təriqətə bağlı olmayan xalq ənənələridir:

“Ələm qaldırmaq, özünə zərbə vurmaq kimi adətlər isə cəmiyyət tərəfindən doğru qəbul edilmir və bu cəhalətin, xurafatın təzahürüdür. İslamda məzhəbçilik və təriqətçilik yox, birbaşa Allahın Quranda göstərdiyi prinsiplər əsas götürülür”.

Fazil Mustafa vurğulayıb ki, Quranda şiddətə, özünə əzab verməyə və ya dini nümayişkaranə formada təqdim etməyə icazə verən heç bir ayə yoxdur və müasir dövrdə müsəlman radikalizmə yox, sülhə və ağıla üstünlük verməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi