Azərbaycanda bələdiyyələrin idarəetmə strukturlarında dəyişiklik aparılır. Mövcud islahatlar çərçivəsində bir neçə bələdiyyənin birləşdirilməsi və yeni vahid idarəetmə modelinə keçid nəzərdə tutulur. Bu yanaşma idarəetmədə səmərəliliyin artırılması, maliyyə və insan resurslarının optimallaşdırılması məqsədi daşıyır. Yeni mexanizm bələdiyyə strukturunun sadələşdirilməsini və rəqəmsal xidmətlərin tətbiqini də əhatə edir.
Mövzu ilə bağlı Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov Modern.az-a açıqlamasında bildirib ki, birləşdirilən bələdiyyələrin hər birində ayrı-ayrı icra aparatlarının maliyyə şöbəsi, kargüzarlıq və digər struktur bölmələrin ləğv olunması nəzərdə tutulur. Onun sözlərinə görə, həmin bələdiyyələrin əvəzində vahid bələdiyyə üçün ümumi icra aparatı yaradılacaq:
“Yeni strukturda yalnız bir sədr, bir katib, bir mühasib və digər əsas vəzifələr nəzərdə tutulacaq. Əvvəllər, məsələn, 5 kəndin hər birində ayrıca bələdiyyə mövcud idisə, indi onlar vahid idarəetmə altında birləşdiriləcək”.
O həmçinin qeyd edib ki, bu proses çərçivəsində ştat cədvəllərində də ixtisarlar aparılacaq və struktur sadələşdiriləcək:
“Burada əsas məqsəd inzibati xərclərin azaldılması və resursların daha rasional şəkildə yönəldilməsidir. Edilən dəyişikliklər yalnız birləşən bələdiyyələrə şamil edilir və yeni struktur şəffaflıq, məsuliyyət bölgüsü, eləcə də maliyyələşmə mexanizmləri baxımından yeniliklər vəd edir”.
Sədr əlavə edib ki, yeni idarəetmə sistemində bələdiyyə üzvlərinin sayı da dəyişə bilər ki, bu da təmsilçiliyin daha balanslı şəkildə qorunmasını təmin etməyə xidmət edir. İdarəetmə mərkəzləşdirilmiş şəkildə, geniş əraziləri əhatə etməklə həyata keçiriləcək:
“İqtisadi və maliyyə idarəetməsi baxımından isə bələdiyyələrin büdcə resursları birləşdiriləcək, ümumi büdcə formalaşdırılacaq. Vergi və yerli rüsumlar mərkəzləşdiriləcək, vəsaitlərin xərclənməsi isə infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi istiqamətində prioritet əsasında həyata keçiriləcək”.
Birləşdirilən kənd və qəsəbələrin idarəetməsi də artıq həmin vahid bələdiyyələrin mərkəzində cəmləşəcək:
“Yeni idarəetmə modelində vətəndaşların ehtiyacının çevik şəkildə ödənilməsi məqsədilə qəbul günləri, səyyar iclaslar, ən əsası rəqəmsal xidmətlər və onlayn müraciət mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Əsas hədəf şəffaf, səmərəli və vətəndaşlara yaxın idarəetmə mexanizmi qurmaqdır. Qeyd etmək vacibdir ki, bu istiqamətdə elektron məlumat bazaları yaradılıb, açıq büdcə müzakirələri və ictimai dinləmələr də təşviq olunur. Nəticədə inzibati xərclər azalır, maliyyə imkanları birləşir və güclənir, idarəetmə isə şəffaf və effektiv çərçivə alır”.
O həmçinin vurğulayıb ki, bələdiyyələr hüquqi çərçivədə fəaliyyət göstərir və bu islahatlar onların idarəetmə mexanizmini digər bələdiyyələrlə eyniləşdirir. H.Məmmədovun fikrincə, hər bir bələdiyyə müvafiq inzibati ərazinin təmsilçisidir və həmin ərazilərin xarakterinə uyğun olaraq müxtəlif abadlıq və quruculuq layihələri həyata keçirilir:
“İlkin mərhələdə bəzi çətinliklər olsa da, nəticə etibarilə idarəetmə mexanizmi sadələşir və vətəndaşlara xidmət daha səmərəli formada təqdim olunur. Bələdiyyələr 6 aydan bir seçiciləri qarşısında hesabat verir, ilin sonunda isə maliyyə hesabatları təqdim olunur. Bu hesabatlar həm lövhələrdə nümayiş etdirilir, həm də elektron platformalarda əlçatan olur. Vətəndaşlar öz şəxsi kabinetləri vasitəsilə həm suallarını ünvanlaya, həm də ödənişlərini həyata keçirə bilirlər”.
Aytac Bəhruzqızı