Üç il idi ailə qurmuşduq. İki qız övladımız vardı. İndiki kimi gözümün qarşısındadır, 1994-cü il yanvarın 28-də onu Xaçmazdan cəbhəyə yola saldıq. Kəlbəcərdə, Murovdağ istiqamətində döyüşlərə qoşulduğunu bilirdik. Könüllü getmişdi. Gedən gündən sonra xəbər ala bilmədik. 31 ildir yolunu gözləyirdik. Az da olsa həmişə ümidim vardı ki, sağ-salamat qayıdacaq... Amma nəşinin tapılmasına da şükür edirəm. Nəhayət, ziyarət edəcəyimiz bir məzarı olacaq.
Modern.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a Birinci Qarabağ müharibəsində itkin düşümüş xaçmazlı döyüşçü Məzahir Kərimovun həyat yoldaşı Nəzakət Kərimova söyləyib.
Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində doğulub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Könüllü olaraq Birinci Qarabağ döyüşlərinə qoşulub. 1994-cü ildən itkin düşmüş hesab olunurdu. Şəhid Məzahir Kərimovun nəşinin qalıqları Ağdərə rayonu ərazində aşkarlanıb.
Şəhidin qızı Zülfiyyə Süleymanova bildirir ki, atası cəbhəyə yollananda bacısı 3 yaşında, özü isə yaş yarımlıq olub. “Atamgil özləri ailədə 3 bacı, 3 qardaş olublar. Ortancıl qardaş idi. Nənəm ötən ilin dekabrında dünyasını dəyişdi. Son günündək oğlunun yolunu gözlədi. Biz qəhrəman atamızla fəxr edirik. Onun adını qəlbimizdə yaşadırıq. İki yaşlı kiçik oğluma babasının adını vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhidin qızı söyləyib.
Şəhid Məzahir Kərimovun nəşini n qalıqları iyulun 18-də doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Usta Cəlilli kəndində torpağa tapşırılacaq.