Modern.az

Türkmənistan Türk Dövlətləri Təşkilatına GƏLİR

Türkmənistan Türk Dövlətləri Təşkilatına GƏLİR

Ölkə

17 İyul 2025, 11:16

Türkmənistan Xalq Məsləhətinin sədri, sabiq Prezident Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri Mərkəzi Asiyada yeni geosiyasi konfiqurasiyanın rəsmən başladığını göstərir. Qapalı və neytral siyasi xətti ilə tanınan Türkmənistanın belə bir səviyyədə və belə bir dövrdə Azərbaycana səfəri, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində yeni əməkdaşlıq fəslinin başlandığının siqnalıdır.

Bu səfərin arxasında təkcə neft və qaz anlaşmaları var deyənlər yanılır. Burada tarixi, mədəni və siyasi bağların gücləndirilməsi dayanır. Berdiməhəmmədovun səfəri onu göstərdi ki, türkmən dövləti artıq Türk dünyasının gələcəyində yalnız müşahidəçi olmaq istəmir, birgə qurucu kimi baxmağa başlayır.

Türkmənistanın TDT-yə tamhüquqlu üzvlüyü, neytrallıqdan qardaşlığa doğru

İllərlə öz “əbədi neytrallıq” statusunu qoruyan Türkmənistanın Türk Dövlətləri Təşkilatına tamhüquqlu üzv olmağa doğru irəliləməsi Mərkəzi Asiyanın siyasi xəritəsini dəyişəcək prosesdir. Əgər bu baş verərsə TDT-nin real iqtisadi-siyasi güc mərkəzinə çevriləcəyinin göstəricisi olacaq.

Türkmənistanın TDT-yə üzvlüyü həm Transxəzər nəqliyyat dəhlizini genişləndirəcək, həm enerji siyasətində yeni oxlar yaradacaq, həm də Türk birliyi ideyasına daha praktik məzmun qazandıracaq.


Azərbaycanın liderliyi, TDT-nin strateji beyni

Son illərdə Türk Dövlətləri Təşkilatında Azərbaycan sadəcə üzv ölkə kimi görünmür. Həm də istiqamətverici güc kimi qəbul edilir. Qarabağ Zəfərindən sonra Azərbaycanın siyasi nüfuzu regionda xeyli artdı və bu, TDT müstəvisində də aydın hiss olunur. İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” mesajı, bu liderliyin təməl fəlsəfəsini təşkil edir.

Odur ki, proseslərdə Azərbaycan lokomativ olaraq fəaliyyət göstərir. Şuşada keçirilən TDT qeyri-rəsmi zirvəsi, Azərbaycanın Türk dünyasının mədəni və strateji platforması rolunu gücləndirdi. TDT-nin gələcək yol xəritəsinin hazırlanmasında Azərbaycanın mövqeyi, Ankara ilə yanaşı Astanada və Özbəkistanda da dəstəklənir.

Azərbaycan-Türkmənistan yaxınlaşması, Xəzərdən başlayan güvən körpüsü

Bu yaxınlaşma TDT-nin daxilində enerji, nəqliyyat və mədəni əməkdaşlığın dərinləşməsi deməkdir. Xəzərin şərq sahilində yerləşən Türkmənistanın qərb sahili ilə, yəni Azərbaycanla strateji körpülər qurması, Transxəzər dəhlizini region üçün ən effektiv yol xəttinə çevirə bilər.

Eyni zamanda, Azərbaycanın beynəlxalq layihələrdə qazandığı etibar, TANAP, TAP, Bakı-Tbilisi-Qars kimi layihələrdəki uğurları Türkmənistana TDT-yə üzvlükdə böyük stimullar təqdim edir. Türkmənistan bu yolla həm enerji satışını şaxələndirir, həm də öz neytrallıq siyasətinə uyğun şəkildə Türk dünyasının bir hissəsinə çevrilir.


TDT-nin gələcəyi, strateji güc mərkəzinə doğru

Türkmənistanın TDT-yə yaxınlaşması, Azərbaycanın təşkilatda aparıcı rol oynaması, Türk dövlətləri arasında siyasi dialoqun dərinləşməsi, bütün bunlar göstərir ki, TDT gələcəkdə regional təhlükəsizlik, enerji diplomatiyası, nəqliyyat logistikası və beynəlxalq siyasətdə söz sahibi olan ciddi güc mərkəzinə çevrilə bilər.

Bu prosesdə Azərbaycanın rolu açardır. Coğrafi baxımı bir yana qoyaq, Türkmənistanın TDT-yə gəlməsi isə bu açarın yeni qapıları açacağının müjdəsidir.

Elnur Əmirov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi