Modern.az

İntizam xarakterli hərbi hissədə cəzaçəkmə halları ARTIB

İntizam xarakterli hərbi hissədə cəzaçəkmə halları ARTIB

Ölkə

18 İyul 2025, 13:56

2024-cü ildə Azərbaycanda məhkəmələr tərəfindən intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilənlərin sayı artıb. Rəsmi məlumata görə, ötən il bu cəzaya 36 nəfər məhkum olunub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2023-cü ildə 18, 2022-ci ildə isə 21 nəfər təşkil edib.

Modern.az xəbər verir ki, qanunvericiliyə əsasən, bu cəza yalnız müddətli həqiqi hərbi xidmətdə olanlara və müqavilə əsasında sıravi və gizir vəzifəsində xidmət edən hərbi qulluqçulara tətbiq oluna bilər. Şərtə əsasən,  məhkəmə hökmü çıxarılanadək həmin hərbçilər xidmət müddətini başa vurmamış olmalıdır.

İntizam xarakterli hərbi hissədə saxlama cəzası adətən hərbi xidmət əleyhinə törədilən cinayətlərə görə təyin olunur. Azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulan hallarda isə məhkəmə həmin cəzanı intizam xarakterli hərbi hissədə saxlama ilə əvəz edə bilər. Bu zaman cəzanın müddəti “günə-gün” prinsipi ilə hesablanır.

Cəzaların İcrası Məcəlləsinə əsasən, bu cəza xüsusi məqsədlə yaradılmış intizam xarakterli hərbi hissədə, həmin hissənin komandiri tərəfindən icra olunur. Məhkumlar burada yalnız ümumi təhsil və peşə hazırlığı tədbirlərindən kənar digər islah üsullarına cəlb edilir, əlavə olaraq döyüş hazırlığı təlimlərinə qatılırlar.

Hərbi qulluqçular cəza çəkərkən telefonla danışmaq, video əlaqə qurmaq, habelə qısa və uzunmüddətli görüşlər keçirmək hüququna malikdirlər.

Məhkum edilmiş hərbi qulluqçu sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararsız hesab edilərsə, o və ya onun qanuni nümayəndəsi məhkəməyə müraciət edərək, şərti olaraq vaxtından əvvəl azad olunmasını və ya cəzanın daha yüngül cəza ilə əvəz olunmasını tələb edə bilər.

Hərbi xidmət yaş həddinə çatmış məhkumlar isə cəzalarını başa vurduqdan sonra hərbi xidmətdən tərxis edilirlər.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi