Modern.az

Prezidentin Xocalı sakinləri ilə səmimi söhbəti

Prezidentin Xocalı sakinləri ilə səmimi söhbəti

Ölkə

18 İyul 2025, 19:59

Bu gün Prezident İlham Əliyevin Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşündə maraqlı dialoq olub.

 

Modern.az dövlət başçısı ilə sakinlərin dialoqunu təqdim edir:

 

Sakin: Ürəyim Sizə qurban. Xoş gəlmisiniz!

 

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz.

 

Sakin: Bu günümüzə şükür, Allah xanımınızı qorusun! Allah Sizi qorusun! Bu günü bizə yaşatdığınız üçün Allah üstünüzdə yar olsun! 200 neçə illik qara buludu üstümüzdən götürdünüz. Ağlasam, məni qınamayın. Sevinc göz yaşlarıdır.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakin: Sağ olun, var olun, öpürəm. Allah Sizi qorusun! Amin!

 

Prezident İlham Əliyev: Sağ olun. Siz də xoş gəlmisiniz. Artıq bir neçə gündür ki, doğma torpağınızda yerləşmisiniz, şərait də yaxşıdır. Mən bu gün həm Təzəbinə kəndində, həm də Xanyurduda şəraitlə tanış oldum. Biz iki gözəl kəndi demək olar ki, yenidən bərpa etdik və sizin sərəncamınıza verdik.

 

Sakinlər: Çox sağ olun, minnətdarıq.

 

Prezident İlham Əliyev: Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun.

 

Sakin: Cənab Prezident, Allah Sizə qüvvət versin! Sizin gərgin əməyiniz öz yerində. Sinəsini düşmən gülləsinə sipər edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizin canını sağ eləsin.

 

Prezident İlham Əliyev: Amin.

 

Sakin: Allah Sizi, xanımınızı qorusun. Var olun. Bu gün Sizinlə burada üz-üzə durmaqdan qiymətli heç nə yoxdur.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Sakin: Cənab Prezident, bir dəqiqə olar?

 

Prezident İlham Əliyev: Bəli, buyur.

 

Sakin: Səhər-səhər mən evdən çıxanda, bağışlayın, bizim xanım dedi: Kişi, ən xoşbəxt insansan ki, bu gün Prezidentlə görüşəcəksən. Allah haqqı, elə belə də dedi.

 

Prezident İlham Əliyev: Sağ olun. Bütün qohumlara, ailə üzvlərinə salam yetirin. İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardı gəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb - evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni, yenə də deyirəm, siz buna layiqsiniz.

 

Sakin: Maşallah, hər şey yüksək səviyyədədir.

 

Prezident İlham Əliyev: Çünki ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz il ərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınız ki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilin antiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allah şəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi