Sumqayıtda ana öz oğlunun psixiatriya xəstəxanasına məcburi yerləşdirilməsi üçün məhkəməyə müraciət edib.
Modern.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin ambulator tibbi kitabçasında 1987-ci il təvəllüdlü şəxsə paranoid şizofreniya, fasiləsiz gedişli, dərin psixi qüsur halı diaqnozu qoyulduğu aydın olub.
Qadın ərizəsini onunla əsaslandırıb ki, oğlunu xəstəxanaya apara bilmir, sonuncu müalicə almaqdan imtina edir. Övladında aqressiv davranış, hallüsinasiyalar, sosial izolyasiya və özünə qapanma müşahidə olunur. Həmin şəxs bildirib ki, oğlu son zamanlar ona və ətrafdakılara qarşı zor tətbiq edir, nalayiq ifadələrlə hədələyir. Belə xoşagəlməz vəziyyət onun gündəlik həyatına, işinə və sosial münasibətlərinə ciddi təsir edir.
Qadın övladını müalicəyə aparmaq istəsə də, o, qəti şəkildə imtina edir. Belə ki, adı açıqlanmayan kişi yoldan keçənləri söyür, qışqırır, tanımadığı insanları çağırır və onlara hücum edir. Bu səbəbdən qadın qonşularının evində gecələməli olur.
Çarəsiz qalan qadın oğlunun məcburi şəkildə psixiatiriya xəstəxanasına yerləşdirilməsini təmin etmək üçün məhkəməyə müraciət edib.
Beləliklə, Sumqayıt Şəhər Məhkəməsi 1987-ci il təvəllüdlü şəxsin psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsinə qərar verib.