Modern.az

Azərbaycana gələnlərin də sayı AZALIB, gedənlərin də...

Azərbaycana gələnlərin də sayı AZALIB, gedənlərin də...

Ölkə

21 İyul 2025, 16:35

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 217,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalıb.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, Azərbaycana gələnlərin 25,8 faizi Rusiya, 17,6 faizi Türkiyə, 9,4 faizi Hindistan, 8,2 faizi İran, 4,2 faizi Gürcüstan, 3,7 faizi Qazaxıstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Pakistan, 2,1 faizi Çin, hər birindən 1,9 faiz olmaqla İsrail və Özbəkistan, 1,8 faizi BƏƏ, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,6 faizi isə digər ölkələrin vətəndaşları olub.

Ölkəmizə gələnlərin 67,9 faizini kişilər, 32,1 faizini isə qadınlar təşkil edib.

Kimlər daha çox gəlib?

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana səfər edənlərin sayında nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, İsraildən gələnlərin sayında 1,9 dəfə, Tacikistandan 1,8 dəfə, Çindən 1,6 dəfə, Yaponiyadan 44,3 faiz, Qırğızıstandan 40,5 faiz, İordaniyadan 20,7 faiz, Niderlanddan 19,1 faiz, Qazaxıstandan 18,3 faiz, ABŞ-dən 17,7 faiz, Pakistandan 16,7 faiz, Kanadadan 16,0 faiz, İtaliyadan 13,2 faiz, Cənubi Koreyadan 13,0 faiz, Almaniyadan 11,1 faiz, Özbəkistandan 10,3 faiz artım müşahidə olunub.

Regional göstəricilər

Avropa İttifaqı ölkələrindən gələnlərin sayı 6,4 faiz artaraq 49,7 min nəfərə çatıb. Körfəz ölkələrindən gələnlərin sayı isə 7,0 faiz azalaraq 186,0 min nəfər olub.


Bundan əlavə, MDB ölkələrindən gələnlər 7,3 faiz azalaraq 422,9 min nəfərə düşüb. Digər ölkələrdən gələnlərin sayı 5,8 faiz artaraq 558,8 min nəfərə çatıb.

Ümumilikdə isə turistlərin 74,3 faizi hava, 24,3 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatı ilə ölkəmizə gəlib.

Azərbaycan vətəndaşlarının xaricə səfərləri də azalıb

2025-ci ilin ilk yarısında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz azalaraq 988,2 min nəfər təşkil edib.

Səfərlərin istiqamətləri üzrə vəziyyət belə olub:

İrana gedənlərin sayı 14,2 faiz,
Gürcüstana gedənlərin sayı 25,3 faiz artıb.
Türkiyəyə səfərlər 4,3 faiz,
Rusiyaya səfərlər isə 24,6 faiz azalıb.

Azərbaycan vətəndaşlarının 38,1 faizi Türkiyəyə, 16,7 faizi Rusiyaya, 11,1 faizi Gürcüstana, 10,0 faizi İrana, 24,1 faizi isə digər ölkələrə gedib.

Gedənlərin 66,0 faizi kişilər, 34,0 faizi qadınlar olub.

Qeyd edək ki, səfərlər zamanı 68,6 faiz hava, 29,3 faiz dəmir yoluavtomobil, 2,1 faiz isə dəniz nəqliyyatından istifadə edilib.

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü