Modern.az

Lazer epilyasiyası - Estetik rahatlıq, yoxsa xərçəng təhlükəsi?

Lazer epilyasiyası - Estetik rahatlıq, yoxsa xərçəng təhlükəsi?

Ölkə

21 İyul 2025, 17:12

Müasir dövrdə qadınlar arasında estetik görünüşə xeyli diqqət artıb. Xanımlar gözəl və cazibədar görünmək üçün sanki bir-birilərilə yarışırlar. Lakin bu "gözəllik yarışı" bir çox hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır.  Belə təhlükəli hesab olunan prosedurlardan birinin lazer epilyasiyası olduğu iddia edilir.  

Heç kimə sirr deyil ki, istənməyən tüklərdən qurtulmağı arzulayanlar tərəddüd etmədən lazer epilyasiyasına üz tutur. Uzunmüddətli nəticə və rahatlıq vəd edən bu prosedur artıq bir çox gözəllik salonlarında geniş şəkildə tətbiq olunur. Amma lazerin təsir mexanizmi, onun necə işlədiyi və hansı hallarda təhlükəli ola biləcəyi barədə ictimaiyyətdə hələ də yanlış təsəvvürlər var.

Lazer epilyasiyası necə işləyir?

Prosedur zamanı lazer şüası dəridən keçərək tükün içindəki piqment - melanin tərəfindən udulur. Melanin enerjini udduqda istilik yaranır və bu istilik tük follikuluna təsir edərək onu zədələyir.

Follikul zərər gördükdə tükün böyüməsi dayanır və ya xeyli zəifləyir. Maraqlıdır ki, bədəndəki tüklərin hamısı eyni vaxtda böyümə fazasında olmur. Ona görə də lazer seansları təkrarlanmalıdır ki, müxtəlif dövrlərdə böyüyən tüklər lazerin təsirinə məruz qalsın.

Mütəxəssislər seanslar arasında 4-6 həftə fasilə saxlanmasını məsləhət görür. Seansların sayı isə 4-dən 8-ə qədər dəyişə bilər. Bu, tükün sıxlığından, bədənin nahiyəsindən və fərdi xüsusiyyətlərdən asılıdır.

Tüklər bizə niyə lazımdır?

Bədən tükləri insanın təkamülündə mühüm rol oynayır. Necə?

Qaşlar və kipriklər gözləri tozdan, tərdən və kənar təsirlərdən qoruyur.
Burun tükləri tənəffüs yollarını toz və mikroorqanizmlərdən müdafiə edir.
Qulaq tükləri səs dalğalarının yönləndirilməsi və qoruyucu baryer funksiyasını yerinə yetirir.
Başdakı saçlar günəş və soyuğa qarşı qoruyur.

Digər nahiyələrdəki tüklər, məsələn, qolaltı və qasıq bölgəsində keçmişdə sürtünməni azaltmaq, bədəni infeksiyalardan qorumaq funksiyasını daşıyırdı. Müasir dövrdə isə geyim və gigiyena vasitələri geniş yayıldıqdan sonra bu funksiyalar önəmini itirib.

Düzgün edilməyən lazer epilyasiyası hansı təhlükələri yarada bilər?

Əksəriyyət düşünür ki, lazer epilyasiyası sadə kosmetik prosedurdur və hər yerdə edilə bilər. Halbuki, düzgün aparılmadıqda bu prosedur ciddi fəsadlara yol aça bilər.

Yanıqlar - Dəridə düzgün parametrlə seçilməyən lazer şüası dərini yandıraraq qalıcı izlər qoya bilər.
Hiperpigmentasiya və ya hipopiqmentasiya - Dəridə qəhvəyi və ya ağ ləkələrin yaranması mümkündür.
Folikulit (tük follikullarının iltihabı) - Əgər lazer gigiyenik qaydalara əməl edilmədən aparılarsa, dəridə infeksiyalara yol açır.
Dərinin həssaslığının artması - allergik reaksiyalar yarana bilər.
Sinir uclarının zədələnməsi - Nadirdir, amma peşəkar olmayan tətbiqlərdə belə hallar müşahidə olunub.

Dəri növü və lazer seçimi vacibdir

Hər dəri tipi üçün eyni lazer istifadə edilmir. Açıq rəngli dərilər, tünd dərilər, nazik və ya qalın tüklər, bunların hər biri üçün müxtəlif parametrlər seçilməlidir. Əks halda həm nəticə zəif olar, həm də fəsad riski artar.

 

Lazer şüası və xərçəng riski

Dəriyə yönəldilən lazer şüası yalnız səthi təsir göstərir. Onun əsas məqsədi tük kökündəki melanin piqmentinə təsir edərək istilik yaratmaq və follikulu sıradan çıxarmaqdır.

Beynəlxalq dermatoloji və onkoloji təşkilatların mövqeyi isə bu sahədə belədir: 

Amerika Dermatologiya Akademiyası (AAD) lazer epilyasiyasının dəri üçün təhlükəsiz olduğunu və ionlaşdırıcı, yəni hüceyrənin DNT-sinə zərər verə biləcək şüalanma yaratmadığını açıqlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (WHO) lazer epilyasiyası ilə xərçəng riski arasında əlaqə olduğunu təsdiq edən heç bir elmi sübutun olmadığını bəyan edib.
Amerika Milli Xərçəng İnstitutu (NCI) da bildirib ki, lazer epilyasiyası zamanı istifadə olunan şüalar ionlaşdırıcı deyil və onkoloji risk daşımır.

Dərinin qorunması vacibdir

Mütəxəssislər hesab edir ki, lazer epilyasiyasının dəriyə təsiri yalnız lokal xarakter daşıyır və dərin toxumalara nüfuz etmir. Buna görə də, düzgün icra olunduqda bu prosedurun xərçəng riski yaratması mümkün deyil.

Lakin dermatoloqlar bir məqama diqqət çəkir: Əgər dəri üzərində şübhəli xallar, pigment ləkələri və ya onkoloji risk daşıyan dəri dəyişiklikləri varsa, lazer epilyasiyasından əvvəl mütləq dermatoloq müayinəsi lazımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü