Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor, Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə törədir.
Modern.az xəbər verir ki, hazırda ərazidə 161 qeyri qanuni tikilmiş ev var. Burada ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırma göstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunu təmsil edirlər. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir.
Bunlardan 54 ailənin başqa ünvanda evi var. 11 nəfər isə oradakı evini kirayəyə verib.
Qeyd edək ki, evlər sənədsizdir, qeyri-qanuni tikilib. Dəmir yolunun mühafizə zolağında yerləşən bu evlər dəmiryolu nəqliyyatına ciddi problemlər yaratmaqla yanaşı, sakinlərin həyatı üçün də təhlükəlidir.
Belə ki, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb.
Bundan başqa, yanğınsöndürən, təcili tibbi yardım maşınları əraziyə daxil ola bilmir. Kommunal xidmət çox aşağı səviyyədədir, işin müvafiq qaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühiti mövcuddur.
Eyni zamanda, tikinti normalarına uyğun olmayan bu evlər şəhərin ümumi görünüşünü pozur.
"Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev APA-ya açıqlamasında deyib ki, Bakı şəhərində və ətraf ərazilərdə sürətli urbanizasiya və əhali artımı nəqliyyat və mobillik sahəsində islahatları zəruri edir:
"Mövcud vəziyyətdə şəhərin nəqliyyat sisteminin səmərəliliyini artırmaq və urbanizasiya nəticəsində yaranan çətinliklərin qarşısını almaq üçün strateji tədbirlərə ehtiyac var.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı tədbirlər planına əsasən, Bakı və ətraf ərazilərdə dəmiryol nəqliyyatının əlçatanlığının artırılması məqsədilə Bakıxanov–Binə–Qala, Zabrat–Maştağa–Bağlar, Qaradağ–Güzdək, Yeni Suraxanı–Hövsan və Güzdək−Qaradağ dəmiryol xətlərinin bərpası, eyni zamanda, bu xətlər boyunca yeni dayanacaqların istismara verilməsi nəzərdə tutulur. Məqsəd Bakı şəhərində və ətraf ərazilərdə dayanıqlı nəqliyyat sisteminin qurulması, sərnişin mobilliyinin keyfiyyətinin artırılması və yol-nəqliyyat hadisələrinin, habelə ekologiyaya dəyən ziyanın həcminin azaldılması üçün zəruri tədbirlər görülməsidir.
Dövlət Proqramının icrası Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, şəhərdaxili sıxlığın azaldılmasını və geniş nəqliyyat şəbəkəsinin qurulmasını təmin etməklə yanaşı, ictimai nəqliyyatdan istifadənin səmərəliliyini artıracaq, özəl sektorun innovativ həllərlə proseslərə töhfə verməsini təşviq edəcək və iqtisadi rifahın artmasına şərait yaradacaq.
Lakin qeyd edilən dəmiryol xətlərinə yaxın ərazilərdə inşa olunmuş fərdi evlər, obyektlər dövlət əhəmiyyətli layihələrin icrasında, o cümlədən dəmiryol xətlərinin bərpasında bir sıra çətinliklər törədir:
- Yaşayış məntəqəsində əhalinin təhlükəsizliyinin təmin olunması, xüsusilə yanğın və qəza kimi hadisələrin fəsadlarının operativ şəkildə aradan qaldırılması, dəmir yolu nəqliyyatı obyektlərinin istismarına lazımi şəraitin yaradılması üçün həmin obyektlərin ətrafında hüquqi rejimli mühafizə zonası (təhkim zolağı) yaradılır. Nazirlər Kabinetinin 23 fevral 2005-ci il tarixli Qərarı ilə dəmir yolunun mühafizə zonasının eni sahələrdə 24 metr, stansiyalarda isə ən azı 50 metr təşkil edir. Bu məsafələr daxilində, yəni təhkim zolağının hüdüdlarında hər hansı əsaslı tikinti işlərinin aparılmasına icazə verilmir. Lakin bu zonaların zəbt edilməsi, burada tikinti işlərinin aparılması yol hərəkəti təhlükəsizliyi tələblərinin pozulması ilə nəticələnir, qatarların təhlükəsiz və fasiləsiz hərəkətinə maneə yaranır.
- Qeyd olunan tikililər səbəbindən fövqəladə hallar zamanı relslərə giriş məhdudlaşır. Belə ki, xüsusi xilasetmə və təcili tibbi yardım xidmətlərinin texnikaları dəmiryol infrastrukturuna, eyni zamanda, həmin tikililərə tez bir vaxtda və ya ümumiyyətlə yaxınlaşmaq, operativ yardım göstərmək imkanını itirir, bu da hadisələrin fəsadlarının aradan qaldırılmasını ləngidir, faciənin miqyasının artması ilə nəticələnə bilir.
- Qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işlərini çətinləşdirir. Nəticədə təmir müddəti uzanır və bu da qatarların hərəkət qrafikində uzun müddət axsamalara səbəb olur.
- Dəmir yollarına ən yaxın məsafədə inşa olunmuş tikililər drenaj sistemlərinə, rabitə xətlərinə və elektrik təchizatına da zərər verir, xüsusilə keçidlərdə və stansiyalarda svetoforların və xəbərdarlıq nişanlarının görünməsini maneə törədə bilər.
- Yuxarıda qeyd olunan hallar sakinlərin həyat və sağlamlığına real təhlükə yaradır. Tikililər relslərin yaxınlığında yerləşdikdə faciə riski artır – qatarların insanlarla toqquşmasından tutmuş, relsdən çıxaraq tikililəri dağıtmasına qədər. Qəza zamanı qatar xüsusilə döngələrdə yoldan çıxa bilər. Bu da ərazidəki tikililərdə dağıntılara və insan tələfatına səbəb ola bilər.
- Elektrikləşdirilmiş xətlərdə tikililərin relslərə yaxın olması naqillərlə təmas nəticəsində elektrik cərəyanı vurmasına səbəb ola bilər.
- Hərəkət vasitələrində yanğın baş verərsə, xüsusən də qatar təhlükəli yük (neft və neft məhsulları, kimyəvi maddələr) daşıyırsa, yanğın asanlıqla bitişik tikililərə keçə bilər.
- Relslərin yaxınlığındakı qanunsuz tikililər dəmir yollarına maddi ziyan vura bilər. Məsələn, relslərin yataqlarının qazılması ilə tikilən qanunsuz tikililər torpaq sürüşməsinə səbəb ola bilər. Bu da öz növbəsində dəmiryol qəzalarının olmasına birbaşa səbəb ola biləcək amillərdən biridir.
- Dəmiryol yaxınlığında yerləşən maneələr qatarların yüksək sürətlə hərəkət etdiyi hallarda da qəzalara səbəb ola bilər. Buna görə də qatarların sürəti aşağı salınır, bu da gözlənilən xidmət keyfiyyətinə təsir edir.
- Qatarın qarşısına qəfil insan və heyvan çıxma halları, qatarların təcili tormozlanması halları intensivləşir. Bu da həm dəmiryol xətlərini müəyyən edilməmiş yerlərdən keçən insanların, həm də qatardakı sərnişinlərin, qatar heyətinin həyatına təhlükə törədir.
- Bu cür qanunsuz məskunlaşma gələcəkdə zərurət yarandığı halda dəmiryol xətlərinin genişləndirilməsinə imkan vermir.
Hazırda Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə sahələrində dəmir yollarının mühafizə zolağı və dəmiryol xətləri arasındakı sıx məskunlaşma ərazisində qeyd edilən problemlər özünü daha qabarıq göstərir. Həmin ərazidən qatarlar təhlükəsizlik məqsədilə aşağı sürətlə hərəkət edir, insanların qatarların qarşısına qəfil çıxma və qatarların təcili tormozlanması halları qeydə alınır. Bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arası təşkil edir".
Bəxtiyar Hacıyev əlavə edib ki, həmin xətlərdə və ümumiyyətlə, Abşeron dairəvi marşrutu üzrə son 3 ildə qatarların qarşısına qəfil insan çıxmasına görə insanların təhlükə yaşaması və qatarların təcili tormozlanması səbəbindən qatarların 67 dəfə qrafikdən çıxması qeydə alınıb.
"Bütün bu qeyd edilənlərdən də göründüyü kimi, Nərimanov–Böyük Şor və Bakı sərnişin–Keşlə xətləri arasındakı ərazidə məskunlaşmış insanlar ciddi təhlükə ilə üz-üzədirlər. Nəzərə alsaq ki, hər iki tərəfdən dəmiryol xətləri ilə əhatə olunmuş bu əraziyə təcili yardım, yanğınsöndürən maşınların və digər qəza-bərpa işlərini həyata keçirən maşın və mexanizmlərin girməsi qeyri-mümkündür, bu halda burada yaşayan insanlar daim ciddi təhlükə altındadırlar. Xüsusilə bu ərazidə baş verən hər hansı yanğın və ya qəza hadisəsi zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının əraziyə daxil ola bilməməsi hadisələrin miqyasının genişlənməsinə və təəssüf ki, insan tələfatı ilə nəticələnən çox böyük fəlakətə gətirib çıxara bilər.
Azərbaycan Dəmir Yolları tərəfindən qanunsuz tikililərin, müvafiq sənədləri, çıxarışı olmayan yaşayış və qeyri-yaşayış obyektlərinin monitorinqi aparılır, qanunsuz tikililərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir", - deyə o əlavə edib.
Şöbə rəhbəri xüsusilə vurğulayıb ki, ADY əhalinin sıx məskunlaşdığı ərazilərdə zərurət olduğu hallarda çəpərləmə işləri də aparır: "Lakin bəzən sakinlər yollarını qısaltmaq üçün həmin çəpərləri sökür və qatar yoluna çıxaraq hərəkətin təhlükəsizliyi üçün risk yaradır. ADY bu kimi hallarla mübarizə aparır, sakinlərin, sərnişinlərin, piyadaların təhlükəsizliyi üçün infrastrukturu sağlamlaşdırır. Çəpərləmələr zərurət olduğu yerlərdə, fövqəladə hallar zamanı hərəkətə mane olmayacaq şəkildə və ətrafdakı hərəkəti məhdudlaşdırmadan beynəlxalq təcrübə və normalara əsasən həyata keçirilir. Həmçinin dəmir yolları ətrafında yerləşən məktəblərdə təhlükəsizliklə bağlı mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir, şagirdlərə dəmir yolundan istifadə qaydaları öyrədilir, eləcə də dəmir yolu ətrafında təsərrüfat sahibi olan sahibkarlarla, fermerlərlə görüşlər keçirilir".