Prezident İlham Əliyev hələ ötən il keçirilən II Şuşa Qlobal Media Forumunda ABŞ-ın keçmiş Prezidenti Donald Tramp haqqında olduqca müsbət və praqmatik fikirlər səsləndirib. Bu, əslində təsadüfi və ya sıradan bir siyasi jest deyildi – Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq münasibətlərinə verdiyi önəm və dəyərin aydın ifadəsi idi. Həmin dönəmdə Tramp hələ Ağ Evə qayıtmağa namizəd idi və onun qələbəsi bir çox beynəlxalq siyasi dairələrdə də şübhə ilə qarşılanırdı.
Bunu Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu Modern.az-a açıqlamasında deyib. O bildirib ki, zaman İlham Əliyevin uzaqgörənliyini və diplomatik həssaslığını bir daha təsdiqlədi.
Həmsöhbətimiz əlavə edib ki, Tramp yenidən ABŞ prezidentidir və Azərbaycan liderinin o vaxt verdiyi qiymətin indi necə strateji rezonans doğurduğu daha aydın görünür:
“Bu il Şuşada – Xankəndidə keçirilən III Qlobal Media Forumda Prezident Əliyev Donald Trampı yenidən yüksək dəyərləndirdi. Və bu dəfə Trampın reaksiyasına bütün beynəlxalq ictimaiyyət șahid oldu. ABŞ Prezidenti özü şəxsən bu çıxışdan bir parçanı "Truth Social" platformasında paylaşdı. Bu, Trampın kommunikasiya üslubunu və xarici siyasətdəki seçimlərini nəzərə aldıqda olduqca qeyri-adi və diqqətəlayiq bir hadisədir. Tramp nadir hallarda xarici liderlərin çıxışlarını sosial media vasitəsilə tirajlayır”.
V.Zifəroğlu onu da qeyd edib ki, ABŞ rəhbərinin bu jesti isə təkcə şəxsi simpatiya deyil, həm də strateji mesajın dəyərini qəbul etdiyini göstərir.
“Bu, eyni zamanda Trampın ilk dəfə olaraq Cənubi Qafqaz regionundan bir liderin çıxışını paylaşmasıdır. Sadəcə olaraq Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı deyil, həm də Azərbaycan Prezidentinin Xankəndidən ünvanladığı mesajların doğru adresə – Vaşinqtona və şəxsən Trampa çatdığının sübutudur”.
O eyni zamanda bildirib ki, bir daha aydın görünür ki, İlham Əliyev bu çıxışları yalnız yerli və ya regional auditoriyaya deyil, qlobal güclərə və xüsusilə də ABŞ-ın siyasi elitasına ünvanlayır:
“Trampın paylaşımı bu ünvanlamanın düzgün oxunduğunu, mesajın siyasi dairələrdə əks-səda doğurduğunu nümayiş etdirdi. Yəni, əslində, Trampın paylaşdığı təkcə bir çıxış deyil. Bu, Xankəndidən – geosiyasi baxımdan həm rəmzi, həm də strateji məkan sayılan bir nöqtədən verilən və Qərbə, Vaşinqtona ünvanlanan bir çağırışın qəbul edilməsidir”.