Modern.az

Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birinə düşmən kimi baxmamalıdır - Sabiq nazir

Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birinə düşmən kimi baxmamalıdır - Sabiq nazir

Ölkə

25 İyul 2025, 11:06

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə iki ölkə arasında etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi barədə razılıq əldə olunub. Tərəflər eyni zamanda ikitərəfli danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Əbu-Dabidə əldə olunan razılaşmanı Modern.az-a şərh edib.

O bildirib ki, beynəlxalq əlaqələrdə bu artıq formalaşmış ənənəvi təcrübədir.

“Əgər tərəflər - Azərbaycan və Ermənistan bəyan edirlərsə ki, onlar münaqişəyə son qoymaq və onun doğurduğu fəsadları aradan qaldırmaq istəyirlər, o zaman təkcə siyasi razılaşmalarla kifayətlənmək doğru olmaz. Paralel olaraq, ictimaiyyət arasında da qarşılıqlı münasibətlərin dəyişməsi istiqamətində addımlar atılmalıdır”.

O əlavə edib ki, digər tərəfdən, müxtəlif sahələrdə ictimai rəyə təsir edən şəxslər, ekspertlər və mütəxəssislər bu istiqamətdə fəaliyyət göstərməli, qarşı tərəfə dair formalaşmış “düşmən obrazı” dəyişdirilməlidir.

“Ola bilsin, bu proses dərhal nəticə verməyəcək, amma gələcəkdə Azərbaycan və Ermənistan cəmiyyətləri bir-birinə düşmən kimi baxmamalıdır. Bu dəyişiklik məhz bu gün başlaya bilər”.

Sonda T.Zülfüqarov onu da qeyd edib ki, Əbu-Dabidə əldə olunan razılaşma ilk növbədə cəmiyyətə və beynəlxalq ictimaiyyətə verilən bir mesajdır:

“Biz artıq yeni post-münaqişə mərhələsinə keçid edirik. Bu beynəlxalq təcrübə ilə uzlaşır və elə bu baxımdan hər iki tərəf bu təcrübəyə uyğun hərəkət etməlidir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış