Modern.az

Bəzi nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Bəzi nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Ölkə

25 İyul 2025, 16:10

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır.

Nəzərdə tutulan islahatlarla məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların isə payızda açıqlanacağı gözlənilir.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, müasir dövrün reallıqları bütün sahələrdə islahatların aparılmasını zəruri edir.        

“İlk növbədə iş proseslərinin yenidən qurulması, idarəetmədə səmərəliliyin artırılması, əlaqələrin gücləndirilməsi və vətəndaşlarla daha effektiv ünsiyyətin qurulması məqsədinə xidmət edir. Azərbaycanda da son illərdə bir sıra mühüm sahələrdə islahatlar həyata keçirilir və bu addımlar sosial-iqtisadi inkişafla yanaşı, ictimai və mədəni həyatın da müxtəlif istiqamətlərində öz müsbət təsirini göstərməkdə davam edir”.

Deputat qeyd edib ki, xüsusilə idarəetmə sahəsində struktur islahatlarının təmkinlə və sistemli şəkildə aparılması gələcək inkişaf üçün həlledici amillərdəndir:

“Bu istiqamətdə artıq bir sıra mühüm addımlar atılıb. Prezidentin səlahiyyətli nümayəndələrinin təyin edilməsi, nazirliklərdə və komitələrdə həyata keçirilən struktur dəyişiklikləri idarəetmə sisteminin daha çevik və funksional olmasına töhfə verib”.

O əlavə edib ki, icra orqanlarında da bu günə qədər müxtəlif təkmilləşdirmə işləri görülüb. Eyni zamanda müasir idarəetmə bacarıqlarına malik mütəxəssislərin cəlb olunması istiqamətində də irəliləyiş müşahidə olunur:

“Bununla belə, bəzi idarəetmə strukturlarında hələ də yeni islahatlara ehtiyac duyulur. Mövcud vəziyyət onu göstərir ki, müəyyən nazirlik və komitələrin birləşdirilməsi və ya onların bazasında yeni strukturların yaradılması məqsədəuyğun ola bilər. İcra orqanlarında da optimallaşdırma və funksional dəyişikliklərə gedilməsi gözlənilir”.

Millət vəkilinin sözlərinə görə, bu proseslər yalnız düşünülmüş və mərhələli şəkildə həyata keçirildiyi halda müsbət nəticələr verə bilər:

“İdarəetmə sahəsində ediləcək hər hansı yanlış və tələsik addım gələcək inkişafı ləngidə, cəmiyyətdə narazılıq yarada bilər. Bu baxımdan  planlaşdırılan struktur islahatları həm qlobal idarəetmə təcrübəsinə, həm də ölkənin daxili ictimai-siyasi vəziyyətinə uyğunlaşdırılmalıdır. Çünki yalnız bu halda islahatlar real nəticələr verə və inkişafı sürətləndirə bilər”.

“Son illərdə Azərbaycanda həyata keçirilən islahatlar dövrün çağırışlarına uyğun olub və müsbət təsirini artıq göstərməkdədir. Gələcək mərhələdə də bu islahatların davam etdirilməsi gözlənilir. Çünki bu dəyişikliklər həm zəruridir, həm də dövrün tələbidir”, - deyə T.Rzayev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək