Xəbər verdiyimiz kimi, “İçərişəhər” stansiyasında yeraltı avtomobil dayanacağı tikiləcək. Artıq dayanacağın layihələndirilməsinə başlanılıb. Layihələndirmə Türkiyənin “Yüksel Proje” şirkəti tərəfindən icra ediləcək.
Modern.az təfərrüatları öyrənmək üçün "Bakı Metropoliteni"nə sorğu göndərib.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, yeraltı avtomobil dayanacağının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaxınlığında yerləşməsi planlaşdırılır.
O da qeyd edilib ki, dayanacağın inşası hələ layihələndirmə mərhələsindədir.
Yeniliklərlə bağlı ictimaiyyətə məlumat veriləcəkdir.
Xatırladaq ki, Türkiyə şirkəti ilə "Bakı Metropoliteni" arasında 35,4 milyon manat dəyərində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində Yaşıl xətt üzrə Y14-Y17 və Bənövşəyi xətt üzrə B5-B8 stansiyaları və bu stansiyalar arasında tunellərin, “28 May” stansiyasında Yaşıl və Qırmızı xətlərin ayrılmasının, “İçərişəhər” stansiyasında keçid kamerası, geri dönüş tuneli və yeraltı avtomobil dayanacağının layihələndirilməsi nəzərdə tutulur.