Modern.az

Cibimizdəki “bomba” – Təyyarədə poverbank daşımaq QADAĞANDIR? 

Cibimizdəki “bomba” – Təyyarədə poverbank daşımaq QADAĞANDIR? 

Ölkə

30 İyul 2025, 17:55

İstanbul–Seul reysi zamanı qeyri-adi hadisə baş verib. Sərnişinlərdən birinin poverbank cihazı oturacaqlar arasına düşüb və çıxarılması mümkün olmayıb. Təhlükəsizlik riskini nəzərə alan pilot, təyyarəni havaya qalxdıqdan qısa müddət sonra İstanbul Hava Limanına geri döndərmək qərarı verib.

Hadisə uçuş zamanı poverbank kimi cihazların yarada biləcəyi riskləri bir daha gündəmə gətirib.

Ötən il Cənubi Koreyada göyərtəsində 170 sərnişin və 6 ekipaj üzvü olan təyyarədə poverbank partlayıb və yanğın baş verib.

Bundan sonra Beynəlxalq Aviasiya Təşkilatı şirkətlərə sərnişinlərin təyyarələrə poverbankla daxil olmasını məhdudlaşdırmağı tövsiyə edib. 

Qeyd edək ki, Azərbaycanda təyyarələrdə poverbank tam qadağan olunmasa da, bir sıra məhdudiyyətlər var. 

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Orxan Musayev Modern.az-a danışan zaman bildirib ki, poverbank cihazları gündəlik həyatımızda olduqca funksional və rahat olsa da, təyyarə şəraitində ciddi təhlükə mənbəyinə çevrilə bilər.

“Bu cihazların içərisindəki litium-ion batareyalar zərbə, təzyiq və ya həddindən artıq qızma nəticəsində alışa və hətta partlaya bilər. Baş verən belə gözlənilməz hadisələr isə uçuşun yarımçıq kəsilməsinə və fövqəladə enişə səbəb ola bilər”.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda poverbank kimi cihazların xüsusi daşınması qaydaları mövcuddur. Onun sözlərinə görə, belə cihazlar yalnız əl yükündə daşına bilər, baqajda isə aparılması qadağandır:

“Təəssüf ki, sərnişinlərin əksəriyyəti bu tələblərdən xəbərsizdir. Uçuş zamanı poverbank oturacaq altına yerləşdirmək, onu sıxmaq və ya digər əşyalarla üst-üstə qoymaq real təhlükə yarada bilər. Belə hallarda batareya isinməyə başladıqda reaksiya çox sürətlə inkişaf edir. Bu baxımdan kabin daxilində baş verəcək yanğın cəmi bir neçə dəqiqə ərzində bütün təyyarəyə tüstünün yayılmasına gətirib çıxara bilər”.

O.Musayev onu da əlavə edib ki, təyyarənin enməsi isə hava şəraitindən asılı olaraq daha uzun zaman tələb edir.

“Nəzərə almaq vacibdir ki, poverbank sadəcə elektrik cihazı deyil, həm də birbaşa uçuş təhlükəsizliyinə təsir göstərə biləcək elementdir. Beynəlxalq təcrübədə Çin, Cənubi Koreya və Yaponiya kimi ölkələr artıq bəzi növ poverbank uçuş zamanı istifadəsini məhdudlaşdırıb. Bəzi aviaşirkətlər hətta sərnişinlərin cihazlarını oturacaqlarda şarj etməsini qadağan edib, yalnız onların daşınmasına icazə verilir. Eyni zamanda, tutumu 100 Vat/saat və daha çox olan cihazlar üçün əlavə icazə və təhlükəsizlik yoxlamaları tələb olunur”,- deyə ekspert bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!