Avqustun 8-də Prezident İlham Əliyevin ABŞ-yə rəsmi səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Ağ Evdə görüşü planlaşdırılır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil ediləcək görüş Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Görüş çərçivəsində bir neçə sənədin imzalanacağı gözlənilir.
Modern.az xəbər verir ki, rəsmi məlumatlara əsasən, Prezident İlham Əliyev bu günə qədər ABŞ-yə beş dəfə müxtəlif statuslarda səfər edib və bu səfərlər müxtəlif dövrlərdə fərqli məqsədləri daşıyıb.
2006-cı il - Oval Ofis görüşü və enerji təhlükəsizliyi gündəliyi
İlham Əliyevin ABŞ-yə ilk rəsmi səfəri 2006-cı ilin aprelində baş tutub. Prezident Corc Buşun dəvəti ilə Vaşinqtona səfər edən İlham Əliyev Ağ Evdə - Oval Ofisdə yüksək səviyyəli görüş keçirib.
Bu səfərin əsas gündəmində Azərbaycan vasitəsilə həyata keçirilən Cənubi Qafqaz enerji və nəqliyyat dəhlizlərinin genişləndirilməsi, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz layihəsi kimi böyük regional layihələr dayanırdı. ABŞ bu layihələr vasitəsilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu bir daha açıq şəkildə dəstəkləmişdi.
2010-cu il - BMT Baş Assambleyası çərçivəsində ikitərəfli görüşlər
Prezident İlham Əliyev 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının 65-ci sessiyasında iştirak məqsədilə Nyu-Yorka səfər edib. Bu çərçivədə ABŞ rəsmiləri ilə keçirilən görüşlərdə regional təhlükəsizlik, terrorçuluğa qarşı mübarizə, eləcə də Azərbaycanın beynəlxalq təşəbbüslərdə iştirakı məsələləri müzakirə olunub.
2012-ci il - NATO Sammitində iştirak
2012-ci ilin mayında Prezident İlham Əliyev ABŞ-yə iki dəfə səfər edib. Dövlət başçısı Nyu-Yorkda Azərbaycan Respublikasının BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü və ölkəmizin 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təşkil edilmiş rəsmi qəbulda çıxış edib. İlham Əliyev bundan bir neçə gün sonra Çikaqo şəhərində keçirilən NATO Sammitində iştirak edib. Azərbaycan tərəfi burada qeyri-NATO ölkəsi olaraq regional sabitlikdəki rolunu bir daha nümayiş etdirərək, Əfqanıstanla bağlı əməliyyatlara verdiyi töhfə, həmçinin koalisiya dəstəyindəki fəallığı diqqətə çatdırılıb.
2016-cı il - Nüvə təhlükəsizliyi sammiti və yüksək səviyyəli görüşlər
2016-cı ilin mart-aprel aylarında Prezident İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib. Bu səfər çərçivəsində ABŞ-nin vitse-prezidenti Co Baydenlə görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, regional təhlükəsizlik, Cənub Qaz Dəhlizi layihəsinin dəstəklənməsi, eyni zamanda insan hüquqları və vətəndaş cəmiyyəti məsələləri ətrafında müzakirələr aparılıb.
ABŞ tərəfi bu görüşdə Azərbaycanla enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı “strateji önəmli” adlandıraraq, Əliyev–Bayden görüşü Vaşinqton diplomatiyasında konstruktiv və gələcəyə hesablanmış dialoq nümunəsi kimi dəyərləndirilmişdi.
2017-ci il - BMT platformasında siyasi dialoq
İlham Əliyev 2017-ci ilin sentyabrında yenidən BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün ABŞ-yə səfər edib. Bu zaman aparılan görüşlərdə Azərbaycanın beynəlxalq təhlükəsizlik sistemində rolu, BMT TŞ-yə qeyri-daimi üzvlük təcrübəsi, Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn dəstəklənməsi məsələləri müzakirə olunub.
Prezident İlham Əliyevin ABŞ-ə budəfəki səfəri, həm də Azərbaycan-Ermənistan münasibətləri tarixində ilk dəfə Ağ Evdə keçiriləcək birbaşa sülh görüşü kimi yadda qalacaq. Vaşinqton görüşü eyni zamanda Azərbaycanın beynəlxalq müstəvidə artan çəkisinin, siyasi etimadının və regional liderliyinin növbəti sübutu kimi də dəyərləndirilə bilər.
Danışıqlar fonunda Zəngəzur dəhlizi məsələsi də xüsusi əhəmiyyət daşıyır. ABŞ rəsmilərinin açıqlamasına görə, imzalanacaq sənəddə Cənubi Qafqazda yerləşən və strateji əhəmiyyət daşıyan tranzit dəhlizi (Zəngəzur dəhlizi - red.) üzrə xüsusi inkişaf hüquqlarının ABŞ-a verilməsi də nəzərdə tutulur. Dəhliz “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (Trump Route for International Peace and Prosperity – TRIPP) adlandırılacaq.