Modern.az

İlham Əliyevin Vaşinqton səfəri - Hansı sənədlər İMZALANACAQ...

İlham Əliyevin Vaşinqton səfəri - Hansı sənədlər İMZALANACAQ...

Ölkə

8 Avqust 2025, 08:55

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib. Səfər bir çox cəhətdən tarixi əhəmiyyətə malikdir.

Səfər çərçivəsində imzalanacaq sənədlər onun tarixi əhəmiyyəti ilə bağlı mühüm mesajlar verir. Bu səfər ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır.

Belə ki, artıq əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir.

Modern.az xəbər verir ki, səfər çərçivəsində bir sıra tarixi sənədlərin imzalanması gözlənilir.

Azərbaycanla Ermənistan arasında Birgə Bəyannamə

Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqton görüşünün nəticəsi olaraq Birgə Bəyannamə imzalanacağı gözlənilir.

Məlum olduğu kimi, Azərbaycan Ermənistanla sülh müqaviləsini imzalamaq üçün 2 əsas şərt irəli sürmüşdü. Birinci şərt Minsk qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə birgə müraciətin edilməsi, ikinci şərt - Ermənistan konstitusiyasına dəyişikliklərin edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması ilə bağlıdır.

Azərbaycan və Ermənistan liderlərinin imzalayacağı Birgə Bəyannamədə Minsk qrupunun ləğv edilməsinə iki ölkənin ATƏT-in baş katibinə birgə müraciət edəcəyi təsdiqlənir.

Eyni zamanda, Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Sazişin mətni paraflanandan sonra adıçəkilən sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün növbəti addımların atılmasının zəruriliyi tanınır. Yəni yekun sülh sazişinin imzalanması üçün əsas tələblərdən biri - Ermənistan konstitusiyasının dəyişdirilməsinin zəruriliyi təsdiq olunur.

Vətən müharibəsindən sonra Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Dövlət başçımızın bu tələbi də Ermənistan tərəfindən qəbul edildi.

Belə ki, imzalanacaq Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunur. Beləliklə, Zəngəzur dəhlizi reallaşır.

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu

Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində "Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu" imzalanacaq.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edəcək:

- Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

- Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

- Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Yaradılacaq Strateji İşçi Qrupu regional bağlantılar infrastrukturunun və enerji sahəsində sərmayələrinin genişləndirilməsi, eləcə də regional iqtisadi-ticari əməkdaşlığın irəlilədilməsi, həmçinin süni intellektin inkişafı kimi vacib məsələlərlə məşğul olacaq.

Sülh sazişinin mətni paraflanır

Prezident İlham Əliyevin ABŞ səfəri çərçivəsində baş tutacaq növbəti mühüm məsələ isə "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin və sülhün qurulmasına dair Saziş"in mətninin paraflanmasıdır.

Bu sənəd, qısa ifadə etsək, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını nəzərdə tutur.

Bu isə tərəflərin saziş layihəsinin bütün bəndləri üzrə konsensusa gəlmələrinin və onun məzmunu ilə razılaşmalarının təsdiqidir.

Bu sənəd tərəflərin tamhüquqlu və hüquqi öhdəliyi olan sülh sazişinin bağlanmasına doğru irəliləməyə hazır olduğunu göstərir.

907-ci düzəliş dayandırılır

Səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampın "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacağı da gözlənilir.

Qeyd edək ki, ABŞ Konqresi tərəfindən 1992-ci ildə qəbul olunmuş bu sənəd Azərbaycanın maraqlarına zidd olan və ədalətsiz qanunvericilik aktıdır. Bu düzəliş, Azərbaycan Respublikasına ABŞ hökumətinin birbaşa yardımını qadağan edirdi.

Azərbaycanla ABŞ arasında münasibətlərin əməkdaşlıqdan strateji tərəfdaşlığa çevrilməsinin göstəricilərindən biri də 33 il sonra bu ədalətsizliyin aradan qaldırılmasıdır.

SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum"

Avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb.

Əvvəlcə dövlətimizin başçısı İlham Əliyevin və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə SOCAR-la "ExxonMobil" şirkəti arasında "Əməkdaşlıq haqqında Memorandum" imzalanıb.

Sənədi Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və "ExxonMobil" şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Sonra dövlətimizin başçısı İlham Əliyev ilə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun görüşü olub.

Görüşdə Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərinin ikitərəfli münasibətlərimizin gündəliyinin və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı bildirilib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarının strateji müstəvidə əməkdaşlığının inkişaf perspektivləri, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi və regiondakı sülh gündəliyinə dair fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir