Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır.
Modern.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bu cür hallarla bağlı sürücülərə xəbərdarlıq edib.
Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq ediləcəkdir.
DYP sürücülərə müraciət edərək baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə onlardan diqqətli olmağı, yol hərəkəti qaydalarına birmənalı olaraq riayət etmələrini xahiş edir.