Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Bakı və İrəvan arasında sülh sazişinin layihəsi paraflanıb.
“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” adlandırılan layihənin mətni artıq tam razılaşdırılıb. Preambula və 17 maddədən ibarət saziş layihəsini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihəsini paraflayıblar.
İki ölkə xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması saziş mətninin tərəflər arasında razılaşdırıldığını təsdiq edir.
Modern.az bildirir ki, paraflanma hələlik sülh sazişinin imzalanması demək deyil.
Mətn üzərində razılıq əldə edildikdən sonra tərəflərin rəsmi nümayəndələri, adətən xarici işlər nazirləri və ya danışıqlar üzrə səlahiyyətli şəxslər sənədi paraflayır. Paraflanma sənədin hər səhifəsinin və ya son səhifəsinin baş hərflərlə imzalanmasıdır, bu proses sazişin mətni üzərində razılığın əldə edildiyini, lakin sənədin hələ rəsmi şəkildə qüvvəyə minmədiyini göstərir. Bu mərhələ siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır.
Paraflanma mərhələsi beynəlxalq hüquq praktikasında geniş istifadə olunan bir prosedurdur və tərəflərin diplomatik iradəsini göstərən mühüm addımlardan biri hesab olunur. Bu proses, əslində, gələcəkdə imzalanacaq rəsmi sənədin “dondurulmuş” versiyasıdır, yəni mətn üzərində daha dəyişiklik edilməyəcəyini təsdiqləyir.
Dünyada müxtəlif nümunələr göstərir ki, paraflanma ilə imzalanma arasında bəzən günlər, hətta aylar keçir. Məsələn 2015-ci ildə İran ilə “altılıq” ölkələri arasında nüvə sazişinin (JCPOA) mətninin paraflanması danışıqların son mərhələsini rəsmi şəkildə bağlasa da, imzalanma mərasimi bir neçə həftə sonra keçirilmişdi. 1998-ci ildə Şimali İrlandiyada “Yaxşı Cümə Sazişi” paraflandıqdan sonra imzalanma mərasiminə qədər tərəflər daxilində siyasi təsdiq prosesi aparılmışdı. 1993-cü ildə Oslo Sazişləri İsrail və Fələstin arasında əvvəlcə gizli görüşlərdə paraflanmış, sonradan isə ABŞ-da Prezident Bill Klintonun iştirakı ilə rəsmi şəkildə imzalanmışdı.
Bəzən isə paraflanmış sənədlər müxtəlif səbəblərdən heç vaxt imzalanmır. Məsələn, 2009-cu ildə Türkiyə və Ermənistan arasında imzalanması nəzərdə tutulan “Zürich protokolları” əvvəlcə paraflanmış, lakin sonrakı illərdə siyasi iradə və regional vəziyyət dəyişdiyi üçün imzalanma mərhələsi baş tutmamışdı.
Beləliklə, paraflanma beynəlxalq münasibətlərdə həm siyasi mesaj, həm də hüquqi-texniki mərhələ kimi mühüm rol oynayır. Paraflanma tərəflərin gələcəkdə imzalanacaq sənədə sadiqliyini göstərsə də, yekun nəticə yalnız rəsmi imzadan və ratifikasiyadan sonra qüvvəyə minir.
Vaşinqtonda imzalanan bəyannamədə qeyd olunur ki, sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac var. Burada söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsindən gedir.
Elnur Əmirov