Amerikanın nüfuzlu”Mercer” konsaltinq şirkəti dünyanın yaşamaq üçün ən yaxşı şəhərlərinin siyahısını açıqlayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, ikinci ildir ki, həyat keyfiyyətinə görə ən yaxşı şəhər olaraq Avstriyanın paytaxtı Vyana şəhəri seçilib. İkinci yerdə İsveçrənin Sürix, üçüncü yerdə yenə bu ölkənin Cenevrə şəhəri gəlir.
İlk onluğa daxil olan şəhərlər:
-Vyana (Avstriya)
-Sürix (İsveçrə)
-Cenevrə (İsveçrə)
-Vankuver(Kanada)
-Oklend (Yeni Zelandiya)
-Düsseldorf (Almaniya)
-Münhen (Almaniya)
-Frankfurt (Almaniya)
-Bern (İsveçrə)
-Sidney (Avstraliya)
Şəhərlərin tutduğu yerlər müəyyən olunarkən cinayətkarlığın səviyyəsi, siyasi sabitlik, xəstəxanaların sayı və tibbi xidmətin keyfiyyəti, nəqliyyat sisteminin yararlığı, kafe və restoranların olması, istirahət yeri, klimatik şərait, şəxsi azadlığın səviyyəsi və digər faktorlar (onlar 39 –dur) nəzərə alınır.
London 39-cu yerlə ilk 50-liyə daxil olmuş yeganə Britaniya şəhəridir. Aberdin 53-cü, Birmingem 55-ci və Qlazqo 57-ci yerdə gəlir. Rusiya şəhərlərindən heç biri ilk 50-liyə daxil ola bilməyıb.
Amerika şəhərlərindən reytinq cədvəlində ən yüksək mövqeni prezident Barak Obamanın doğma şəhəri olan Qonolulu tutur. Bu şəhər siyahıda 31–ci yerdədir. Onu San-Fransisko təqib edir. Nyu-York reytinq cədvəlində 49-cu yerdədir.
Asiyada yaşamaq üçün ən əlverişli şəhər Sinqapur (28-ci yer) hesab olunur. Daha sonra isə 40-cı yerdə Tokio (40-cı yer) gəlir.
Ən əlverişsiz şəhər kimi reytinq cədvəlinin sonunda Bağdad (221-ci yer) gəlir. Bu şəhərdə təhlükəsizlik və sabitlik çatışmır.
Keçmiş Sovet respublikalarından ilk 100-lüyə yalnız Avropa Birliyi məkanına daxil olan Baltikyanı respublikalar düşüblər: Vilnüs(79), Tallin (89), Riqa (91). Böyuk fasilə ilə onları Kiyev (161) təqib edir. Rusiya şəhərlərindən yalnız Moskva (166) və Sankt-Peterburq (170) siyahıya düşə biliblər.
Venesuela paytaxtı Karakas (165) və Qabon paytaxtı Librevill (156) Rusiya şəhərlərindən bir qədər üstündür.
Postsovet respublikalarının paytaxt şəhərləri isə reytinq cədvəlinin aşağı hissəsində cəmləşib:
-Yerevan (174)
-Almata (175)
-Minsk (185)
-Bakı (196)
-Daşkənd (200)
-Aşqabat (201)
-Bişkək (209)
-Düşənbə (210)
-Tiflis (217)
Daha sonra isə Xartum (Sudan), Ncamen (Çad), Banqi (Mərkəzi Afrika Respublikası) gəlir.
Yaşamaq üçün ən sərfəli şəhərlərin siyahısı 2007-ci ildən dərc olunur.
Reytinqi təşkil edənlər qeyd edir ki, bu cədvəl bir sıra iri beynəlxalq şirkətlərə öz əməkdaşlarının həyat və iş şəraitini qiymətləndirməyə, personalı düzgün seçməyə və əməkhaqlarını düzgün təyin etməyə imkan verir.
“Dünya iqtisadiyyat qloballaşdıqca biznesin inkişaf etdirilməsi nöqteyi-nəzərdən indiki ənənəvi maliyyə mərkəzləri ilə yanaşı yeni cəlbedici şəhərlər meydana gəlir”,-deyə “Mercer”in təhlilçisi Slaqin Parakatil bildirib. Onun sözlərinə görə, son illər Asiya və Yaxın Şərqin inkişaf edən ölkələrindəki şəhərlərə xaricdən beynəlxalq şirkətlərdə işləmək üçün işçi kütləsi axışmaqdadır.
Buna görə də şirkətlər öz əməkdaşlarını yerləşdirmək və maaşlarını vermək üçün bu şəhərlərdəki həyat səviyyəsini yaxşı bilməlidirlər.