Mayın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub.
Ağdamın müasir şəhər statusuna uyğun inkişafına xidmət edən strateji infrastruktur layihəsi olan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək.
Mayın 23-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım edib. Görüntülərdə Bakı-Ağdam qatarının platformaya çatması əks olunub.
Hələlik Ağdama qatarların hərəkəti bərpa edilməyib. Ancaq bir sıra xəbər saytlarında Ağdama tezliklə sürət qatarının yola düşəcəyi barədə məlumatlar dərc edilib.
Yeri gəlmişkən, bir neçə gün öncə "Azərbaycan Dəmir Yolları" ASC yayımladığı anonsda yeni istiqamətlərin açılacağına işarə edilib. Ancaq hansı istiqamət olduğu elan edilməyib. Bir çoxları bunun Ağdam olacağını düşür.
Modern.az-a açıqlamasında Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas hələlik Ağdama qatarın nə vaxt yola düşəcəyini bilmədiyini deyib.
O, dəmir yolunun fəaliyyətə başlamasının əhəmiyyətini belə izah edib: “Dəmir yolu həmişə rahat və vacib nəqliyyat vasitəsi olub. Dəmir yolu maşınla müqayisədə turistlərin də daha rahat hərəkətini təmin edəcək”.
Deputat qeyd edib ki, qatarın rahat fəaliyyət göstərməsi üçün əhalinin sıxlaşmasına ehtiyac var:
“Artıq Ağdamın 3 kəndinə əhali köçüb. Şəhərin özünə keçmiş məcburi köçükünlərin qayıdışı bu ilin sonuna gözlənilir. Boş-boşuna qatarın işləməyinə nə ehtiyac var?! Öna görə də gərək əhali bir az da sıxlaşsın ki, qatar da rahat işləsin”.
Qeyd edək ki, işğaldan azad olunmuş rayonlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin tərkib hissəsi kimi bu ərazilərimizdə mühüm yol-nəqliyyat layihələrinin icrasına da xüsusi diqqət yetirilir. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgədə ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, rayonun sosial-iqtisadi dirçəlişinə və regionlararası əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək, öz ata-baba yurdlarına qayıdan soydaşlarımızın digər şəhər və rayonlara rahat şəkildə səfər etməsində böyük rol oynayacaq, ümumilikdə Azərbaycanın nəqliyyat potensialının genişlənməsinə xidmət edəcək. Eyni zamanda, bu cür mühüm infrastruktur layihəsinin həyata keçirilməsi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizdə nəqliyyat sahəsində görülən işlərin ardıcıl və yüksək keyfiyyətlə davam etdiyinin bariz nümunəsidir.
Agdam Train Station. Baku-Agdam Train arrives at platform. pic.twitter.com/gjk8ezxuhq
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 23, 2025