Modern.az

Başqalarının mənzilində yaşayan 687 nəfər Qarabağa köçürülüb - RƏSMİ

Başqalarının mənzilində yaşayan 687 nəfər Qarabağa köçürülüb - RƏSMİ

Ölkə

22 Avqust 2025, 16:03

İllərdir yataqxanalarda, yarımçıq tikililərdə, sanatoriyalarda və hətta başqa şəxslərə məxsus mənzillərdə müvəqqəti məskunlaşan keçmiş məcburi köçkünlər "Böyük Qayıdış" proqramı ilə öz dədə-baba torpaqlarına qovuşurlar. Həmin şəxslər müvəqqəti yaşadıqları evləri sahiblərinə təhvil verir. 

Modern.az-ın sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, bu günədək işğaldan azad edilmiş ərazilərə başqa vətəndaşa məxsus mənzildə müvəqqəti məskunlaşmış 192 ailə, ümumilikdə isə 687 nəfər köçürülüb.

"Bildiririk ki, keçmiş məcburi köçkünlər yalnız qeydiyyatda olduqları şəhər, rayon, kənd və qəsəbə üzrə daimi yaşayış sahəsi ilə təmin edilirlər", - açıqlamada qeyd edilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri sürətlə davam edir. İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzildə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama