Bu gün Xankəndidə növbəti tarixi gün yaşanır. Belə ki, tarixi Azərbaycan şəhəriində uzun müddət qondarma rejimin əsas simvollarından sayılan “xarici işlər nazirliyi”nin binasının söküntüsünə başlanılıb. Binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır. Çünki məhz sentyabrın 2-də Azərbaycanın işğal olunmuş tarixi ərazilərində qondarma rejimin elan olunmuşdu.
Modern.az-a danışan Milli Məclisin komitə sədri Musa Quliyev bildirib ki, belə binaların hər biri təməlinə qədər sökülməlidir:
"Əlbəttə, işğal dönəmində ermənilər o bölgədə böyük dağıntılar törədib, eləcə də müəyyən uyğun olmayan binalar tikib. Orada qondarma bir həyat qurmaq üçün müəyyən siyasi mahiyyət daşıya biləcək binalar inşa ediblər. Bunların heç biri müasir, suveren Azərbaycana uyğun binalar deyil. O binaların hər biri təməlinə qədər sökülməlidir. Onlar Şuşada “Dağlıq Qarabağ”ın guya ki parlamentinin binasını tikmək istəyirdilər. Şuşa işğaldan azad edildikdən sonra cənab Prezidentin ilk göstərişi o oldu ki, həmin bina təməlinə qədər sökülsün. İndi həmin binanın yerində gözəl hotel tikilib. Şuşayla yanaşı, Xankəndidə də bəzi guya istirahət mərkəzləri, "siyasi-inzibati" binalar tikiblər. Onlar nə memarlıq, nə də müasir Xankəndinin görünüşünə uyğundur. Onların hamısı sökülməlidir".
Komitə sədri vurğulayıb ki, söhbət hər hansı bina və ya obyektdən getmir:
"Elə tikililər var ki sovet vaxtında Azərbaycanın vəsaiti ilə tikilib və yararlıdır, onları istifadə edəcəyik. Bunlar istehsalat və ya inzibati xarakterli binalar ola bilər. Burada söhbət hansısa bina və obyektdən getmir. Onların mahiyyətindən, tikilmə məqsədindən və indiki dövr üçün yaralı olub-olmamasından söhbət gedir. Hamısı da planlı şəkildə həyata keçirilir. Azərbaycan Ermənistandan fərqli olaraq nə binadan, nə tikintidən intiqam alır. Bizim belə niyyətimiz yoxdur. Sadəcə, bizim siyasətə, gördüyümüz bərpa, quruculuq işlərinə uyğun olmayan istənilən tör-töküntü yavaş-yavaş aradan qalxacaq. Daşnak, separatizm ruhlu tikililər hamısı silinib getməlidir. Azərbaycanın müstəqil, üçrəngli bayrağına, müstəqilliyinə uyğun yeni infrastrukturlar da, inzibati binalar da yaranacaq. Məsələn, Xankəndi stadionu, əslində, sovet dönəmində Azərbaycanın hesabına tikilmişdi. Orada da əsaslı bərpa, təmir işləri aparıb, yenidən qurduq. Ağdamda, Laçında, Kəlbəcər və digər bölgələrdə necə gözəl binalar tikirik. Biz binanın necə olmasına deyil, onun şəhərin memarlıq ansanblına uyğun gəlib-gəlməməsinə, vaxtilə onun mahiyyətinin nə olduğuna baxırıq. Yeni məzmun, forma və mahiyyətdə biz öz şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi yenidən bərpa edəcəyik. Cənab Prezidentin söylədiyi kimi, Qarabağı və Şərqi Zəngəzuru əsl cənnətə çevirəcəyik".