Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Azərbaycan və Ermənistan sülh prosesində “son nöqtəyə çatıblar”.
Modern.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etdiyi Çindən qayıdarkən deyib.
O bildirib ki, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiona müsbət təsir göstərəcək.
"İnanıram ki, inşallah, Cənubi Qafqaz çoxdan gözlənilən sülhü tapacaq. Cənab İlham Əliyevlə görüşüm zamanı mən bu ümidi onun gözlərində gördüm. Ağ Evdə sazişin imzalanması, şübhəsiz ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini sürətləndirdi. Azərbaycan və Ermənistan əngəlləri böyük ölçüdə dəf etdilər və hər iki ölkənin lideri mənimlə görüşdə sülh yolunda son nöqtəyə çatdıqlarını bildirdilər".
Ərdoğanın sözlərinə görə, o, Çində keçirilən sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanla ətraflı danışıqlar aparıb.
Ərdoğan Əliyevin və Paşinyanın eyni mövqedə olduğunu və eyni istiqamətə baxdıqlarını gördüyünü bildirib.
Ərdoğan Zəngəzur dəhlizi məsələsi ilə bağlı heç bir problem və ya fikir ayrılığının olmadığını vurğulayaraq, Əliyevin bu məsələdə daha çox arxayın olduğunu qeyd edib.
"Çox vacib olan bölgəmizdə sülhün bərqərar olması ilə quru və dəmir yolları daha da fəallaşacaq, sərhəd qapıları açılacaq, bir çox sahələrə, xüsusən də ticarətə müsbət təsir göstərəcək. Yəqin ki, region ölkələri də bu əməkdaşlıqdan müsbət təsirlənəcək. Rusiya və İran da gələcəkdə narahatlıqlarının əsassız olduğunu başa düşəcəklər”.