Modern.az

Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

Zəngəzur dəhlizindən şəxsi avtomobilimizlə keçə biləcəyik

Ölkə

3 Sentyabr 2025, 12:10

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderləri Vaşinqtonda keçirilən sammitdə uzun müddətdir müzakirə olunan sülh sazişini paraflayıb və Zəngəzur dəhlizinin açılması barədə razılığa gəliblər.

“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan dəhlizin 42 kilometrlik Ermənistan ərazisinə düşən hissəsinə 99 il ərzində ABŞ (şirkəti) nəzarət edəcək.

Dəhlizin hüquqi rejimi tam məlum deyil, hələlik sazişin detalları açıqlanmayıb. Amma Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən maneəsiz keçəcəyi bildirilir. Bir müddət əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyan Azərbaycana məxsus yük və sərnişin avtomobillərinin Ermənistan ərazisindəki hərəkətinin gömrük nəzarətinə cəlb olunub-olunmayacağı ilə bağlı suala birbaşa cavab verməyib. O, yayımlanmış sənədə və baş nazir Nikol Paşinyanın açıqlamalarına istinad edərək, qarşılıqlı istifadə mexanizmini izah edib.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, Zəngəzur dəhlizi vasitəsi ilə şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin manesiz gediş-gəlişinin təmin olunması əvvəlcədən şərt kimi qoyulub:

“Bu şərt Ermənistan tərəfindən qəbul olunub. Sadəcə olaraq, Ermənistan bəzi məsələlərdə, xüsusilə yurisdiksiya məsələlərində təkid edir. Ermənistan yurisdiksiyasının icrası deyəndə hansı məqamları nəzərdə tutur, bu məqamlara aydınlıq gətirmək lazımdır. Amma Azərbaycan tərəfinin tələbi birmənalıdır və prinsipialdır. Ermənistanın sərhəd və gömrük məsələlərindən məsul dövlət orqanları ilə təmas olmadan vətəndaşlarımızın, yüklərimizin və nəqliyyat vasitələrinin manesiz və təhlükəsiz şəkildə gediş-gəlişi təmin edilməlidir".

Deputat vurğulayıb ki, nəqliyyat vasitəsi dedikdə, burada şəxsi nəqliyyat vasitələri ilə, yük avtomobili arasında heç bir fərq qoyulmur:

“Azərbaycan Respublikası vətəndaşlarının, ökəmizdə yaşamaq və işləmək icazəsi olan şəxslərin Azərbaycanın bir hissəsindən digərinə-Naxçıvan bölgəsinə öz şəxsi avtomobili və ya digər nəqliyyat vasitəsi ilə gediş-gəlişinin təmin edilməsi də həmin tənzimləmələr içərisində öz əksini tapacaq".

Zəngəzur dəhlizinin açılması Azərbaycanın geosiyasi mövqeyini gücləndirəcək, Naxçıvanla quru əlaqəsini bərpa etməklə ölkənin iqtisadi və sosial inteqrasiyasını artıracaq. Dəhliz həm də Türkiyə ilə birbaşa yol bağlantısını təmin etməklə türk dünyasının nəqliyyat xəritəsində strateji əhəmiyyət kəsb edəcək. Mütəxəssislərin fikrincə, bu layihə bölgədə yeni logistik imkanlar yaradacaq və Orta Asiyadan Avropaya uzanan tranzit marşrutlarının güclənməsinə töhfə verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular