Prezident İlham Əliyevin sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Modern.az xəbər verir ki, H.Hüseynovla bağlı hələ ki yeni sərəncam imzalanmayıb.
Qeyd edək ki, Hüseyn Hüseynov 2021-ci ildə Bolqarıstana səfir təyin olunmuşdu.
Onun qısa dosyesini təqdim edirik:
Hüseyn Cəlal oğlu Hüseynov 1977-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu beynəlxalq münasibətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə başa vurub. 2000-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının aspiranturasında təhsil alıb, 2007-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
1999-2000-ci illərdə təhsil naziri yanında Azərbaycan Respublikası Tələbə şurasının sədr müavini olub.
2001-ci ildə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik problemləri idarəsinə işə qəbul olunub və 2001-2005-ci illərdə adı çəkilən idarədə, həmçinin 2005-2008-ci illərdə Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyində, 2009-2011-ci illərdə Xarici İşlər Nazirliyinin Xarici siyasətin planlaşdırılması və strateji araşdırmalar idarəsində, 2011-2015-ci illərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.
2015-2018-ci illərdə Xarici İşlər Nazirliyinin Təhlil və strateji araşdırmalar idarəsinin rəis müavini, 2019-2021-ci illərdə adı çəkilən idarənin rəisi vəzifələrində çalışıb.
Ölkə başçısının 19 aprel 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, həmçinin “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” və “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalları ilə təltif edilib. Yerli və xarici nəşrlərdə dərc edilmiş 30-dan çox elmi məqalənin müəllifidir.
Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Leyla Yaşar qızı Abdullayeva 2022-ci ilin oktyabrında Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Cütlüyün iki övladı var.
A.Qorxmaz