Modern.az

Azərbaycanın Fransadakı SƏFİRLƏRİ 

Azərbaycanın Fransadakı SƏFİRLƏRİ 

Ölkə

5 Sentyabr 2025, 16:21

Səfirlərin yüksək səviyyədə diplomatik və şəxsi bacarıqlara malik olmaları vacibdir, çünki onların vəzifəsi çox müxtəlif və mürəkkəb məsələləri əhatə edir. Cəlbedici yanaşmalar ortaya qoymaq, lazımi əlaqələr qurmaq, gərgin və çətin vəziyyətlərdən çıxmaq, təşkilatçılıq və idarəetmə bacarığı, təhlil və strateji düşünmə, təzyiq altında işləmə qabiliyyəti, yüksək etik standartlar və s. - bunlar səfirin öz ölkəsini beynəlxalq səhnədə uğurla təmsil etməsi üçün zəruri olan keyfiyyətlər hesab olunur.

Modern.az saytı “Səfirlər” rubrikasında növbəti yazını təqdim edir.

Fransa Azərbaycan Respublikasının müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayında qurulub.
16 mart 1992-ci ildə Fransanın Azərbaycanda səfirliyi açılıb. 20 oktyabr 1994-cü ildə isə Azərbaycanın Fransada səfirliyi açılıb. 

Müstəqil Azərbaycandan Fransaya ilk yüksək səviyyəli səfər 4–5 noyabr 1993-cü ildə gerçəkləşib. Azərbaycanın o vaxtkı xarici işlər naziri Həsən Həsənov Fransaya səfər etmiş və prezident Fransua Mitteranla görüşmüşdü.

19–22 dekabr 1993-cü ildə isə Prezident Heydər Əliyev Fransaya rəsmi səfər etmişdi.

Bu gün Azərbaycanın Fransada - Parisdə səfirliyi, eləcə də Fransanın Azərbaycanda- Bakıda səfirliyi fəaliyyət göstərir. 

Azərbaycanı indiyə kimi Fransada 5 səfir təmsil edib.

Bakıdan Parisə təyinat alan ilk səfir Eleonora Huseynova olub. O, həmin vəzifəni 1994-2004-cü illərdə icra edib. Eleonora Məcid qızı Hüseynova 1965-1970-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda fransız və Azərbaycan dili müəllimi ixtisası üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda başlayıb. Ona 1994-cü ilin 25 iyul tarixində fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. E.Hüseynova 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Fransadakı səfiri, 2004-2013-cü illərdə ölkəmizin YUNESKO yanında daimi nümayəndəsi olub. Diplomatik fəaliyyəti zamanı E.Hüseynova Azərbaycan-Fransa və Azərbaycan-YUNESKO əlaqələrinin qurulmasında və inkişafında müstəsna xidmətlər göstərib.
Müstəqil Azərbaycanın ilk qadın diplomatlarından biri olan Eleonora Hüseynova 22 yanvar 2019-cu ildə Bakıda vəfat edib.

Azərbaycanı Fransada təmsil edən ikinci səfir Tarik Əliyev olub. O, 2004-2009-cu illrədə Fransadakı diplomatik korpusumuza rəhbərlik edib. T.Əliyev Azərbaycan Prezidentinin 23 iyun 2008-ci il tarixli sərəncamı ilə iqamətgahı Paris şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 6 yanvar 2010-cu ildə hər iki ölkədən –Fransa və Monakodakı vəzifəsindən geri çağırılıb.
5 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının Mərakeş Krallığında səfiri təyin edilib. 25 sentyabr 2012-ci il tarixində eyni zamanda Azərbaycan Respublikasının İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) yanında daimi nümayəndəsi təyin olunub. 31 oktyabr 2012-ci ildə iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycanın Tunisdə, 11 dekabr 2012-ci ildə eyni zamanda Portuqaliyada, Seneqalda və Qambiyada, 16 yanvar 2013-cü ildə eyni zamanda Mavritaniyada, 27 fevral 2013-cü ildə eyni zamanda Malidə səfir təyin olunub.
Tarik Əliyev 23 dekabr 2016-cı il tarixində Tunisdəki səfir vəzifəsindən geri çağırılıb.
16 oktyabr 2018-ci ildə Mərakeş, Qambiya, Mali, Mavritaniya, Portuqaliya, Seneqaldakı səfir postundan və Azərbaycanın ISESCO yanında daimi nümayəndəsi vəzifəsindənf geri çağırılıb.

Müstəqil Azərbaycanın Fransadakı üçüncü səfiri Elçin Əmirbəyovdur - (2010-2017).
E.Əmirbəyov 1992-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis-fransız tərcüməçilik fakültəsini bitirib. İlk əmək fəaliyyətinə 1991-ci ildə Xarici İşlər Nazirliyində (XİN) referent-tərcüməçi qismində başlayıb.
1992-1993-cü illərdə XİN-də çalışıb. 1995-1997-ci illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində ikinci katib olaraq fəaliyyət göstərib.
2001-2003-cü illərdə Azərbaycanın NATO-dakı nümayəndəliyində, 2003-2004-cü illərdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində çalışıb.
2004-cü ildən 2010-cu ilədək Cenevrədə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın daimi nümayəndəsi kimi fəaliyyət göstərib, 2005-2010-cu illərdə həmçinin Azərbaycanın İsveçrədəki səfiri işləyib. Bununla yanaşı, 2005-2017-ci illərdə Azərbaycanın Müqəddəs Taxt-Tacda ilk səfiri qismində çalışıb. Həmçinin 2006-2010-cu illərdə Azərbaycanın Lixtenşteyndə səfiri vəzifəsini icra edib.
E.Əmirbəyov 6 yanvar 2010-cu ildən 23 iyun 2017-ci ilədək Azərbaycan Fransadakı və eyni zamanda, Monako Knyazlığındakı səfiri olub.
2017-2023-cü illərdə Birinci vitse-prezidentin köməkçisi vəzifəsində çalışıb.
18 iyul 2023-cü Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

Rəhman Mustafayev səfir olaraq Azərbaycanı Fransada 2017-2022-ci illərdə təmsil edib.
O, 1980–1985-ci illərdə Moskva Dövlət Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil alıb. Diplomat 1993–1994-cü illərdə Prezidentin İcra Aparatında İnformasiya-analiz xidmətinin baş məsləhətçisi işləyib. 1994–1997-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyinin əvvəlcə üçüncü, sonra ikinci, ardınca birinci katibi işləyib.
1997–1999-cu illərdə Dövlət Əmlak Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri olub. 2000–2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir olub. 2006- 2009-cu illərdə XİN-də çalışıb.
R.Mustafayev 2009-ci ilin oktyabrından 2017-ci ilin iyununa kimi Azərbaycanın Yunanıstan və eyni zamanda Albaniyadakı səfiri vəzifəsində işləyib.
2017-2022-ci illərdə Azərbaycanın Fransada, 2022-ci ildən 1 oktyabr 2024-cü ilə kimi isə Niderland Krallığında səfiri olub.
1 oktyabr 2024-cü ildə Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Hazırda Azərbaycanın Fransadakı diplomatik korpusuna səfir Leyla Abdullayeva rəhbərlik edir. Leyla Abdullayeva Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magist pillələrində təhsil alıb.
2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub. Azərbaycan Respublikasının NATO yanındakı Nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib. XİN-də bundan öncə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini vəzifəsində çalışıb. 2018-2022-ci illərdə XİN-in mətbuat katibi olub.
Prezidentinin 17 oktyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular