Modern.az

Motal qoxusu, şor dadı - Nağıla çevrilən pendirimiz

Motal qoxusu, şor dadı - Nağıla çevrilən pendirimiz

Ölkə

8 Sentyabr 2025, 09:04

Pendir kənd təsərrüfatı zəncirinin ən mühüm məhsullarından biridir. Südün dəyərini artırmaq, uzunmüddətli saxlanma imkanını genişləndirmək üçün pendir əvəzsiz rol oynayır. Çoban həyatının, heyvandarlığın təbii nəticəsi kimi pendir min illərdir insanların süfrəsindədir. O, həm kəndlinin gəlirini təmin edir, həm də ölkə iqtisadiyyatına əlavə dəyər qatır. Pendir olmadan süd məhsullarının istehsalı yarımçıq qalar. Bu səbəbdən kənd təsərrüfatı strategiyalarında pendir xüsusi yer tutmalıdır.

Qida məhsulları arasında pendir həm qidalılıq, həm də enerji dəyəri ilə seçilir. Zülal, kalsium, fosfor və vitaminlərlə zəngin olması onu insan orqanizmi üçün vacib edir. Dünyanın əksər mətbəxlərində pendir əsas qida elementlərindən biridir. Uşaqların inkişafı, yaşlıların sümük sağlamlığı üçün pendir mütləq tövsiyə olunur. Çörək və tərəvəzlərlə birlikdə sadə bir yeməkdən tutmuş, mürəkkəb mətbəx nümunələrinə qədər pendir hər yerdə öz yerini tapır. Pendir həm sağlamlıq, həm də kulinariya baxımından strateji məhsuldur.

Dünyada ən çox pendir növü istehsal edən ölkələrdən biri Fransadır. İsveçrə, İtaliya, Hollandiya və Türkiyə də bu sahədə zəngin ənənəyə malikdir. Məsələn, Fransada 400-dən çox pendir növü mövcuddur. İsveçrə isə “Emmental”, “Gruyere” kimi dünya brendləri ilə tanınır. Hər ölkə özünəməxsus dad, texnologiya və ənənə ilə pendirini fərqləndirib. Bu müxtəliflik həmin ölkələrin qida mədəniyyətinin gücünü göstərir.

Çox çeşidli pendir istehsalı ölkələrə həm iqtisadi, həm də mədəni üstünlük gətirir. Əvvəla, ixrac potensialı artır və valyuta gəlirləri yüksəlir. İkincisi, turizm baxımından bu məhsullar ölkələrin vizit kartına çevrilir. Fransanın, İtaliyanın pendir festivalları milyonlarla turisti cəlb edir. Üstəlik, pendir markaları ölkələrin qlobal mətbəx imicini möhkəmləndirir. Beləliklə, sadə süd məhsulu strateji iqtisadiyyat sahəsinə çevrilir.

Azərbaycanda pendir istehsalı əsasən kiçik emal müəssisələrində aparılır. Ənənəvi “Motal pendiri”, “Şor”, “Suluguni” və “Ağ pendir” kimi növlər geniş yayılıb. Lakin sənaye miqyasında çeşid zənginliyi hələ də məhduddur. Yerli istehsal daxili tələbatı qarşılamağa yönəlib. Brend səviyyəsinə qaldırılmış məhsullar çox azdır. Bu sahə dövlət dəstəyinə və texnoloji modernləşməyə böyük ehtiyac duyur.

Hazırda ölkəmizdə pendir istehsalı daxili bazarın əsas hissəsini qarşılayır. Ancaq əksər premium pendir növləri xaricdən gətirilir. Bu da həm bazarda qiymət artımına, həm də xarici asılılığa səbəb olur. Əslində, Azərbaycanın süd potensialı daha böyükdür və bazarımız tam təmin edilə bilər. Bunun üçün istehsal gücü artırılmalı və yeni texnologiyalar tətbiq olunmalıdır. Beləcə həm özümüzü təmin edə, həm də ixraca yönələ bilərik.

Azərbaycanda pendir çeşidini artırmaq üçün ilk növbədə regional südçülük potensialı dəyərləndirilməlidir. İkinci addım xarici texnologiya və təcrübənin gətirilməsidir. Qafqaz mətbəxinin özəlliklərinə uyğun brend pendirlər istehsal edilə bilər. Eyni zamanda kənd təsərrüfatı kooperasiyaları yaradılmalıdır. Əslində bununla bağlı qanunvericilkdə hər şey əks olunub. Gerçəklikdə isə vəziyyət başqadır.
Dövlət dəstəyi ilə mini pendir zavodları inşa olunsa, həm iş yerləri açıla bilər, həm də məhsul müxtəlifliyi artar. Bu, ölkənin ərzaq təhlükəsizliyi və ixracı üçün vacib addımdır.


Azərbaycan bazarında mövcud pendir növlərinin fərqləndirilməsi çox çətindir. Çox vaxt eyni tipli ağ pendirlər istehsal olunur və onların dadı bir-birinə oxşayır. Əgər üzərində etiket və brend adı olmasa, istehlakçı məhsulu tanıya bilmir. Bərdə pendiri, Xaçmaz pendiri, İsmayıllı pendiri, Naxçıvan pendiri və digərlərini biri-birindən ancaq üz'rindəki yazılar fərqləndirir.
Təbii ki, bu, həm istehsalçıya, həm də alıcıya zərər gətirir. Müxtəlif dad və forma yeniliklərinə ehtiyac var. Bu sahədə marketinq və qablaşdırma ciddi rol oynaya bilər.

Pendir istehsalı Azərbaycanda qədim ənənələrə malikdir. Xüsusilə dağlıq ərazilərdə çobanların hazırladığı motal pendiri tarix boyu məşhur olub. Sovet dövründə kolxoz və sovxozlarda pendir istehsalı geniş yayılmışdı. Lakin müstəqillikdən sonra bu sahə fərdi təsərrüfatların üzərinə qaldı. Bu gün isə ənənəvi pendir istehsalı yaşasa da, müasir sənaye istehsalı zəifdir. Tarixlə bu günü birləşdirmək üçün yeni yanaşmaya ehtiyac var.

Uzun illər ərzində kənd təsərrüfatı siyasətində pendir istehsalı ön planda olmayıb. Çox vaxt taxılçılıq və pambıqçılıq əsas sahə kimi seçilib. Südçülük və pendir istehsalına maraq isə ikincil səviyyədə qalıb. Halbuki bu sahə həm iqtisadi, həm də sosial fayda gətirə bilərdi. Məsul şəxslərin diqqətsizliyi nəticəsində pendir sənayesi inkişafdan geri qaldı. Bu, bazarın daralmasına və idxaldan asılılığa səbəb oldu.

Diqqət edək, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov daha çox regional idarələrin tikintisi ilə yadda qaldı. O, inzibati struktur qurmağa üstünlük verdi, amma məhsul yönümlü siyasət zəif qaldı. Süd və pendir istehsalının artırılması üçün ciddi proqram hazırlanmadı. Halbuki həmin dövrdə bazarda böyük boşluq var idi. Əgər o vaxt pendir istehsalına sərmayə qoyulsaydı, bu gün Azərbaycan dünya bazarında tanınmış ola bilərdi. Əfsus ki, fürsət əldən verildi. Ondan öncə də, sonra da eyni hal yaşandı.

Hazırkı kənd təsərrüfatı rəhbərliyi müəyyən dərəcədə süd istehsalını dəstəklədiyini bəyan edir. Ancaq görünən odur ki, pendir sahəsi hələ də prioritet səviyyəsinə yüksəlməyib. Kiçik müəssisələrə verilən dəstək genişləndirilsə də, brend formalaşdırmaq hələ də problem olaraq qalır. Nazirliyin proqramlarında pendir xüsusi bir istiqamət kimi qeyd olunmur. Halbuki Avropa təcrübəsi göstərir ki, bu sahə iqtisadiyyat üçün strateji ola bilər. İndi əsas məsələ bu boşluğu aradan qaldırmaqdır.

Pendir yalnız qida məhsulu olmaqla yanaşı, həm də turizm üçün önəmlidir. Dünyanın bir çox ölkəsində pendir festivalları keçirilir. Azərbaycanda da belə tədbirlər regionlara turist cəlb edə bilər. Məsələn, “Motal pendiri festivalı” həm kənd iqtisadiyyatını, həm də mədəniyyəti canlandıra bilər. Turistlər üçün pendir dadmaq, onu yerindəcə görmək maraqlı təcrübədir. Bu, ölkənin qida turizminə böyük töhfə verə bilər.


Yenə dünya təcrübəsinə əsaslansaq, çıxış yolu olaraq pendir istehsalında müasir texnologiyalar tətbiq olunmalıdır. Yerli pendir növləri brendləşdirilməli və dünya bazarına çıxarılmalıdır. İstehsalçılar üçün dövlət dəstəyi və subsidiyalar genişləndirilməlidir. Marketinq və qablaşdırmaya böyük diqqət ayrılmalıdır. Turizm və kənd təsərrüfatı əlaqələndirilməlidir. Bu addımlar pendir istehsalını strateji sahəyə çevirə bilər.

Azərbaycanda Quba, Şəki, Qax, Kəlbəcər və s. kimi bölgələrdə süd bolluğu var. Amma orada mini pendir zavodları geniş yayılmayıb. Bunun səbəbi həm dövlət dəstəyinin zəifliyi, həm də sahibkar təşəbbüslərinin azlığıdır. Halbuki belə fabriklər kəndli üçün yeni iş yeri və gəlir mənbəyi ola bilərdi. İstehsalın yerində təşkili həm də məhsulun keyfiyyətini qoruyar. Bu boşluğun doldurulması hələ də vacibdir. 

Hazırda Azərbaycanın kənd təsərrüfatı potensialı digər ölkələrlə həm də orqanikliyinə görə fərqlənir. Əlavə olaraq ölkəmizin çox zəngin pendir ənənəsi olsa da, brend səviyyəsinə qaldırılmış məhsul yoxdur. “Motal” və “Şor” kimi nümunələr beynəlxalq bazarda tanıdılmadı. Heç yerli bazarda da möhkəmlənə bilmədi. 
Brend formalaşdırmaq üçün həm keyfiyyət, həm də marketinq lazımdır. Dünyada pendir markaları ölkələri tanıtdığı halda biz bundan yararlana bilməmişik. Halbuki Azərbaycanın dağlıq bölgələri Avropa pendirlərindən geri qalmır. İndi əsas vəzifə yerli pendiri qlobal səviyyəyə qaldırmaqdır. Fərqli bölgələrdə fərqli növ pendirlər istehsal etməkdir.

Bazara diqqət etdikdə, ancaq təəssüflənə bilirik. Məsul təşkilatlardan cavab gözləyirik. Ola bilsin ki, bu yazıdan sonra aidiyyatı qurumlar açıqlama verəcəklər, deyəcəklər ki, bəs, deməzsən Azərbaycanda pendir çeşidi yüzlərlədir. Hətta yazı qərəzli hazırlanıb iddiası da ortaya çıxa bilər. Amma necə necə deyərlər, görünən dağa nə bələdçi. Az qala pendirmiz barədə nağıllarda olduğu “kimi biri vardı, biri yoxdu” kimi danışırıq.  

Elnur Əmirov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?