Modern.az

Rusiyanın Azərbaycanda ikinci “Milli Şurası”

Rusiyanın Azərbaycanda ikinci “Milli Şurası”

8 Mart 2014, 10:25

 Azərbaycan hakimiyyətinin Rusiyanın bölgədəki məlum siyasətinə mövqeyi nə demarş xarakteri daşıyır, nə  üstüörtülü şəkildə onu tənqid etməyə, nə də haqq qazandırmağa çalışır. Son dərəcə ehtiyatlı bir yanaşma var və təbii ki, bu ehtiyatlı yanaşmanı yaxın qonşunun gücü, o cümlədən, siyasi münasibətlərdə tələb olunan diplomatik normalar tələb edir. Lakin belə bir gerçəklikdə “AzərRos” Ağsaqqallar Şurasının sədri, baş nazirin keçmiş müavini Abbas Abbasovun Rusiyanın Ukraynadakı siyasətinə dair verdiyi tam açıq müdafiə xarakterli son bəyanatı, ayaqları həmin torpaq üzərində dayanması səbəbindən  başadüşülən olsa da, etiraf etməliyik ki,  həm də qorxulu və sanki məqsədyönlü məzmun daşıyır. Çünki onun ötən ilin prezident seçkisi ərəfəsindəki fəaliyyətinin davamı olan bu mövqeyi ekstremal situasiyada hansı coğrafi məkanın, hansı siyasi hakimiyyətin yanında dayanacağını aydın təcəssüm etdirir. A.Abbasov geopolitik oriyentasiya dilemmasında Azərbaycanın üzləşə biləcəyi dramatik olaylardan sığortalandığını düşünsə də, bu düşüncəni hakim mövqeyə çevirmək çətindir. Ona görə ki, Yanukoviç də, həm Qərblə, həm də Rusiya ilə balaslaşdırılmış xarici siyasət yürütməyə, hər ikisi ilə şümal danışmağa üstünlük verirdi.  Ukrayna ilə sazişin imzalanması mövzusu olan tədbirdə maraqlı bir fraqment var idi ki, Yanukoviç Angela Merkelə tam  itaətedici bir  görkəmdə və tonda olmasa da, çox incə bir rəftarla onu başa düşmələrini təvəqqe edirdi. Proseslərin epiloqu nə oldu? Rusiya Qərb və  Avropa ilə toqquşmağa qərar verdi, ağır duruma Ukrayna düşdü.  Allah eləməsin, Azərbaycan Ukrayna analogiyasını yaşamaq zoru qarşısında qalarsa,  Abbasov yenədəmi Rusiyanı müdafiə edəcək?  Kim zəmanət verə bilər ki, Rusiya maraqları  Abbasova bu siyasətdə yeni bir rol həvalə etməyəcək, məsələn, ikinci bir Milli Şura oyunu səhnələşdirilməyəcək?!   

Və bu dəfəki Milli Şura Rusiya üçün “vuruş”duğunu açıq tekstlə ortya qoymayacaq?! Digər tərəfdən, kim inandıra bilər ki,  baş nazirin keçmiş müavini Rusiyanı müdafiə bəyanatını sətiraltı mənalarda, həm hakimiyyət, həm də  müxalifət üçün verməyib?! Bu, hakimiyyət tərəfə kimin yanında olacağının, müxalifət tərəfə isə əməkdaşlıq üçün mümkün variantların siqnalı deyilmi?  İndilikdə bildiyimiz ən dəqiq şey budur ki, bu gün Azərbaycanda Abbasovun mövqeyi ilə öz mövqeyini birləşdirəcək, Rusiya cinahından vuruşacaq siyasi qüvvə yoxdur. Siyasi fəaliyyətdə uzun illərdir,  Rusiya təmayülü epizodik istisnalar olmaqla, heç zaman cəlbedici seçim olmayıb. Müxalifətin bütün qolları ölkənin demokratik inkişafı ilə bağlı müzakirə və məsləhətləşmələri Qərb çevrələri, Avropa analitikləri ilə aparıblar və bunu enən, yüksələn xətt üzrə davam etdirirlər. 

Heç 2013-cü  il prezident seçkisində hakimiyyətə Domokl qılıncı olmağa çalışan Rusiya Milli Şura timsalında da öz “artilleriya”sını formalaşdırmamışdı. Rüstəm İbrahimbəyov istisna olmaqla, həmin qüvvələr sadəcə, fürsətcillik edərək, xarici amillərdən özləri üçün dəstək faktoru qazanmağa girişmişdilər. Amma o demək deyildi ki, Rusiyanın Azərbaycanı iqtisadi və siyasi baxımdan işğal etməsinə əlverişli  şərait yaradardılar. Maraqlar yenidən üst-üstə düşərsə, Rusiyanın ikinci Milli Şura yaratması, həmin formatda rol götürməyə hazır personaları tapmaq mümkünsüz məsələ deyil. Lakin Ukrayna hadisələrinin sonundan asılı olaraq, Rusiyanın Azərbaycanda etibarlı siyasi qüvvə axtarışları format baxımından fərqlilik tələb edə bilər. Məsələn, Rusiyanın Azərbaycanı idtisadi, siyasi baxımdan tam qazanmasına  imkan verəcək, bunun üçün indiki hakimiyyətin qarşısına çıxaracağı  siyasi qüvvə hazırkı müxalif spektrdə tapılmırsa, onda Rusiya sırf özünə bağlı bir partiyanın fundamentini qazmağa girişmək istəyəcək. Və bu partiyanın liderliyinə keçmiş oliqarxlardan kimisə gətirməyə çalışa bilər ki, ənənəvi müxalifətin simalarında effekt verməyən mübarizə, bəlkə bu ehtimalda hansısa nəticələr ortaya qoymağı mümkün etsin. Qeyri-dəqiqlik baxımından konkret kiminsə adı üzərində dayanmaq düzgün olmazdı. Lakin ehtimal etmək üçün bir neçə ad  səsləndirmək olar.  

Birincisi, Rəsul Quliyev. Yada salaq ki, Milli Şuranın ehtiyat namizədi gündəmə gələndə, Quliyevin rus rəsmiləri ilə təmaslara keçib, onlara əməkdaşlığını təklif etməsi haqqında təkzibedilməsi çətin olan informasiyalar yayılmışdı. Quliyevin partiya liderliyindən getməsi, ACP-nin başqa maraqlar altına keçməsi, yeni dəstək, yeni təşkilat  axtarışları mənasında  bu zəncirin bir halqası kimi təsir bağışlayır. 

Öz şəxsi azadlığını siyasi faktorlardan keçirən, buna görə də bəyanatlarını siyasi müxalifətlə birləşdirən  daha bir isim var ki, onun siyasi partiya yaratmaq niyyətləri ilə bağlı hələlik dəqiqləşməyən məlumatlar yayılır. Söhbət Əli İnsanovdan gedir. Bundan başqa, ənənəvi müxalifətin istefa çağırışları fonunda, yeni qüvvə olmağa iddialı insanların cəhdləri  ortaya çıxır. Odur ki,  Rusiyanın belə variantların hər biri ilə işləməsi mümkündür. Çünki   Azərbaycan hakimiyyəti dövlətin maraqlarında ayaqlarını yerə möhkəm basır. Rusiyanın əllərindən yapışmağı Avropaya sıx inteqrasiyanın  əlverişli alternativi kimi görə bilmir. Bununla da Rusiyanı məmnun etmir, əksinə ciddi şübhələrə salır.  

Məhz buna görə də Rusiya köhnə müxalifətdən yararlanmaq, yeni müxalifət yaratmaq variantlarını  ötən seçkilər zamanından etibarən  arxa plana keçirməyib. Abbas Abbasovun Ukrayna mücadiləsi gedişində  Rusiyanı müdafiə mövqeyi ciddiliyə alınmalı məqamdır. Birinci Milli Şuranın arxasında dayananlar vaxtı çatanda, başqa sözlə, ciddi ehtiyac yaranarsa,  şərti olaraq ikinci bir Milli Şura üçün də kimlərəsə mütləq kəmənd atacaqlar. Lakin başımız üzərinə elə bir fəlakət qübbəsi gələ bilər ki, altından salamat çıxmaq üçün dövlətin ətrafında indidən sarsılmaz bir vətəndaş birliyinə ehtiyac var...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi