Səhər və axşam saatlarında Bakı-Sumqayıt yolunda saatlarla yaranan tıxacların aradan qaldırılması üçün yeni yol çəkilir. Daha doğrusu, Biləcəri-Xocahəsən avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsi genişləndirilir. İşlər başa çatdıqdan sonra yol hər tərəfə 4 olmaqla 8 hərəkət zolağından ibarət olacaq. Hazırda yolun iki zolaqlı olması nəqliyyat vasitələrinin hərəkətində problemlər yaradır ki, bu da müxtəlif saatlarda sürücülərin saatlarla tıxaclarda qalması ilə nəticələnir.
Ümumi uzunluğu 1,5 km olan yol istifadəyə verildikdən sonra Bakı-Sumqayıt yolundakı tıxacların aradan qaldırılmasına kömək etməklə yanaşı, bir neçə istiqamətdə avtomobillərin rahat hərəkətini təmin edəcək.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev: “Xocahəsən istiqamətində yeni bir dairə yaradılacaq. Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri yeni yaradılmış 4 zolağın hesabına, həm Xocahəsən eyni zamanda da Bakı-Şamaxı-Yevlax avtomobil yoluna sərbəst çıxa biləcəklər”.
Hazırda yolun müxtəlif istiqamətlərində torpaq bərkitmə işləri aparılr. Yolun sağ tərəfində yerləşən bəzi tikililər sökülüb və əraziyə düşən kommunikasiya xətləri köçürülüb. Ötən ilin dekabr ayından başlanılan işlərin bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. /anspress.com/