“Ünvanlı sosial yardım kartlarının gizlədilməsi halları var. Bütün kartlar yeni kartlarla əvəz olunacaq”. Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir sözlərinə görə, kartların yeniləri ilə əvəz olunması üçün tender elan olunub. “Bu prosesdə bütün banklar iştirak edə biləcəklər. Ən aşağı qiymət verən və müvafiq bankomat sistemi olan banklar təbii ki, bu tender də iştirak edib uda bilər”.Kartların dəyişdirilmə səbəbinə gəlincə, nazir qeyd edib ki, Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin rəhbərlərinə xəbərdarlıq edilib və onlara 3 ay vaxt verilib. “Həmin müddət ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində olan kartları, o cümlədən əhalinin kartlarını təhvil versinlər. Amma gələn şikayətlər göstərdi ki, hələ də bu proses davam edir. Yəni gizlədilmə halı var. Bunun tam ortadan qaldırılması üçün tender elan olunub. Odur ki, köhnə kartların yenisi ilə əvəzlənməsinə ehtiyac var və proses həyata keçiriləcək”.
Gültəkin Ələsgər