1941-ci il. Müharibənin başlanmasından bir neçə ay sonra Moskvada – Kremldə Azərbaycan xalqının başına gətiriləcək növbəti, dəhşətli, təhqirli, ağlasığmaz fəlakətin planı çəkilmiş, qərarı hazırlanmışdı. Mikoyanın, Beriyanın, Mexlisin hazırladığı bu qərar – etimadsızlıq, etibarsızlıq adıyla Bakı əhalisini Qazaxıstana sürgün etmək qərarı Stalinin imzasını gözləyirdi. Bu barədə Mir Cəfər Bağırova xəbər çatmışdı.
Ağəmi İsmayılov əsl köhnə bakılı idi. Div kimi nəhəng adam idi. Əllinci illərin axırlarınacan yaşadı. Ömrünün son aylarında da qədd-qamətini itirməmişdi. Astma – sinəgir, tənginəfəs xəstəliyindən öldü. Qızının adı Lalə idi, Lola deyirdilər. Oğlunun adı Tarix idi.
İndi kağıza köçürdüyüm bu söhbəti həmişə hərbi qiyafədə - komandir görkəmində gördüyüm Ağəmi İsmayılovdan eşitmişəm:
...Polkovnik rütbəsində respublikanın hərbi komissarı idim. Müharibə gündən-günə qızışırdı. Bakını qan, dərman iyi, yaralı iniltiləri bürüyürdü. Bütün məktəblər qospitallara dönmüşdü. Həftələrlə ev üzü görmür, harda gəldi gözümüzün acısını alırdıq. Mərkəzi Komitə, bütün dövlət aparatı saat kimi işləyirdi. Söz söz idi, göstəriş göstəriş idi, əmr əmr idi, qanun qanun idi. Aşağıdan yuxarı qeydsiz-şərtsiz dəmir tabeçilik, saniyəsinə qədər dəqiq icra...
Hərbi komissarla Bağırovu – MK Aparatı, Xalq Komissarları Soveti öz yerində - məhz Bağırovu birləşdirən telefon səsləndi.
Ayağa qalxıb dəstəyi götürdüm. Telefonla onunla heç kim oturan yerdə danışmazdı, danışmağa cəsarət də etməzdi.
- Eşidirəm, yoldaş Bağırov.
- Ağəmi?!
Qulağıma inanmadım. Bağırov tək-tük adamdan başqa hamını çılğın, əsəbi, eləcə, quruca familiyası ilə çağırardı. Məni adımla, tay-tuş kimi çağırdı, bu “Ağəmi” sözünün deyişində əmrdən çox ərk, dilim-ağzım qurusun, şeytan qulağı kar... lap elə bil yalvarış vardı.
- Bəli, yoldaş Bağırov.
- Ağəmi, yoldaş vaxtı, Bağırov vaxtı deyil, tez bura gəl.
Elə bil maşın yerimirdi, istəyirdim sürücüyə, adyutanta, qoruyucu zabitə deyim ki, düşün maşını itələyək.
Ayaqlarımı cütləyib, əlimi gicgahıma aparıb hərbi təzim etdim. Müharibə şəraitində bütün müttəfiq respublika MK birinci katibləri (Bağırov həm də Xalq Komissarları Şurasının sədri və həm də Zaqafqaziya hərbi dairəsi hərbi şurasının üzvü idi) general-polkovnik rütbəsindəydilər. Əlbəttə, mən ömrümdə bircə dəfə də olsun onu hərbi paltarda görmədim.
- Ağəmi, əyləş. Evimiz yıxılıb.
İlk dəfə qeyri-ixtiyari mən də onu adıyla çağırdım.
- Nə olub, Mir Cəfər?!
- Mikoyanın, Beriyanın, Mexlisin təklifiylə qərar hazırlanıb ki, Bakını – Bakı camaatını etimadsız və etibarsız kimi Qazaxıstana sürgün etsinlər. Ümid ancaq Stalin yoldaşa qalıb.
Mən çaşmışdım, vahimələnmişdim, heyrət və təəccüb içindəydim. Bu işdə hərbi komissar kimi, Bağırovun əlində, hökmündə, itaətində olan Azərbaycanın bir zərrəsi kimi konkret neyləməliydim, neyləyə bilərdim. Olmaya Bağırov məni Moskvaya – Kremlə Stalinlə danışığa göndərmək istəyir? Yooxx...
- Ağəmi!
- Eşidirəm, yoldaş Bağırov.
- Ağəmi, hər gün ki, cəbhəyə ümumi-təcili səfərbərlik qanuniylə əsgər dolu eşelonlar gedir aa... bax bu eşelonlardan əlavə, səhər mənimçün Biləcəri məntəqəsinə povestkasız, rəsmi çağırışsız, hərbi komissarlıqların heç birində qeydə almadan 5000 nəfər seçmə oğlan yığa bilərsən?! Məqsədim var, Ağəmi, yığa bilərsən?
- Yoldaş Bağırov, sizin hər sözünüz...
- Get vaxt itirmə... Söz işə dönsün! Əfəlləri, sısqaları, arıqları, füləsən yerə yıxılanları istəmirəm. Hamısı boylu-buxunlu, yarlı-yaraşıqlı... şairlər tez-tez deyir ey, Azərbaycan, Azərbaycan... bax Azərbaycanın seçmə oğulları olsun.
Mən xahiş şəklində bu əmri, şəxsi haqq-hesaba, şəxsi mənafeyə, mənəm-mənəmliyə yox, xalqın taleyinə, ölüm-diriminə xidmət edən bu müqəddəs əmri necə eşqlə, müqəddəs məsuliyyətlə yerinə yetirdim – onu Allah bilir. Ancaq, Bağırovun bu 5000 oğlanla nə iş görəcəyini düzü başa düşə bilmirdim. Onları da adi qaydada vaqonlara doldurub qeydsiz, dəftər-kitabsız cəbhəyə göndərəcəkdimi, ya sürgün əməliyyatı başlananda şəhərdə, körpülərdə, gəmilərdə qayda-qanuna nəzarət üçün istifadə edəcəkdi? Bilmirdim. Soruşmağa da cəsarət etmirdim.
Səhəri gün Biləcəri... Müxbirlər, fotomüxbirlər, jurnalistlər. Yaşıl işığın himinə, semaforların açılmasına bənd eşelonlar, yük qatarları, sisternlər...
Böyük bir meydanda 5000 nəfər povestkasız oğlan.
- Yoldaş Bağırov, əmriniz yerinə yetirildi, uşaqlar hazırdır.
Mir Cəfər uşaqlara baxanda mən də ona baxdım. Göy üzü tərtəmiz idi. Ancaq, Mir Cəfər Bağırovun çeşməyinin bərq vuran şüşələrinə elə bil seyrək yağış damcıları düşmüşdü...
Silahlı əsgərlərlə dövrələnmiş xüsusi rabitə məntəqəsinə daxil olduq. Bağırov telefon aparatlarından birinin dəstəyini qaldırdı.
- İosif Vissarionoviç, salam.
- Salam, Mir Cəfər, vəziyyət necədir?
- Bakıdan arxayın olun. Hər neçə saatdan bir cəbhəyə yanacaq və eşelon dalınca eşelon gedir. Bu eşelonlardan əlavə bu saat Biləcəriyə 5000 nəfər könüllü gəlib - cəbhəyə getmək üçün. Heç birinin də çağırış vərəqəsi, povestkası yoxdur. İosif Vissarionoviç, necə bilirsiniz, belə uşaqların xalqına, Vətəninə, Azərbaycanın paytaxtı neft Bakısına, Sizin fəhlə şəhərinizə faşizmlə ölüm-dirim müharibəsində etimadsızlıq, etibarsızlıq göstərmək, onu Qazaxıstan səhralarına sürgün etmək nə dərəcədə düzgündür?
Sükut... sükut...
- Mir Cəfər, məsələ aydındır. Narahat olmayın. Kompozitor Üzeyir Hacıbəyov, Koroğlu-Bülbül, şair Səməd Vurğun Vəkilov yoldaş necədir?
- Çox sağ olun, yaxşıdırlar, İosif Vissarionoviç.
Bağırov çeşməyini çıxarıb şüşələrini qar kimi ağappaq dəsmalla silib, çeşməksiz üzümə baxdı.
- Ağəmi, Stalin məndən bilirsən kimləri xəbər aldı? Üzeyiri, Səməd Vurğunu, Bülbülü. O demək istəyirdi ki, nəinki 5000 nəfər könüllüsü olan xalqı, təkcə belə dahilər yetişdirən xalqı xəyanətlə damğalamaq cinayətdir. Ağəmi, uşaqlara de, çox sağ olsunlar, haçan qanuni növbələri çatar, onda gələrlər.