Modern.az saytı “Kadrarxası” layihəsini davam etdirir. Bu dəfə “Kadrarxası”nda “Qayınana”filmində İlqarı oynayan xalq artisti İlham Namiq Kamaldır.
Arayış : İlham Namiq Kamal oğlu Əhmədov əslən Şamaxının Sarıtorpaq məhəlləsindəndir. 9 yanvar 1949-cu ildə Bakıda doğulub. Babası Ağa Cəfər Azərbaycanın ilk manufaktura tacirlərindən idi, atası mühəndis-energetik, anası evdar qadın olub. Ailədə 3 qardaşdılar. 1966-cı ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycan xalq artisti Rza Təhmasibin kursunda təhsil alıb. Ailəlidir. 4 övladı-iki qızı, iki oğlu var. Qızları ailəlidir, Türkiyədə yaşayırlar, oğlanları orta məktəbdə oxuyur.
1982-ci ildə əməkdar artist, 2002-ci ildə xalq artisti adına layiq görülüb. 2013-cü ildə "Şöhrət" ordeni ilə təltif edilib. Prezident təqaüdçüsüdür. 2014-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Sənətkar” ordeninə layiq görülüb. Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti kafedrasının müdiridir. Eyni zamanda teatrda aktyor və rejissor kimi fəaliyyət göstərir.
“Qayınana” filminin çəkilməsini Heydər Əliyev təklif edib”
“Qayınana” filmi 1978-ci ildə Məcid Şamxalovun eyniadlı pyesinin motivləri əsasında çəkilib. Ssenari müəllifi Əjdər İbrahimov, Marqarita Maleyevadır. Quruluşçu rejissor Hüseyn Seyidzadə, bəstəkar Tofiq Quliyevdir. Baş rolları Nəsibə Zeynalova, İnarə Quliyeva, İlham Namiq Kamal, Tanilə Əhmərova, Fuad Poladov, Səfurə İbrahimova oynayıb.
İlham Namiq Kamal: ““Qayınana” operettası uzun illər səhnədə oynanılıb. Librettonun müəllifi Məcid Şamxalov, musiqisi Zakir Bağırovundur. Mərhum prezident Heydər Əliyev tamaşada Nəsibə Zeynalovanın aktrisalıq qüdrətini seyr edəndən sonra filmin çəkilməsini təklif edib: “Niyə bu film yeni nəsillər üçün yadigar qalmasın?” deyən Heydər Əliyevin Azərbaycan kinosu və teatrı üçün belə bir xeyrixah təklifindən sonra qərara alınıb ki, film üçün ayrıca kinossenari yazılsın”.
Bu təklifdən sonra hazırlıqlar başlanır. Rejissor, SSRİ xalq artisti Əjdər İbrahimov həyat yoldaşı Marqarita Maleyeva ilə birlikdə Məcid Şamxalovun teatr librettosunun əsasında kinossenari yazırlar. Bəstəkar Tofiq Quliyev isə film üçün musiqi yazır. Filmin çəkilişini görkəmli rejissor Hüseyn Seyidzadəyə həvalə edirlər.
““Qayınana”nın evi İçərişəhərdə deyil, pavilyonda qurulmuşdu”
Bundan sonra filmdə rol alacaq aktyorların sınaq prosesi başlanır.
İlham Namiq Kamal: “Filmdə baş rolun ifaçısı bəlli idi. Nəsibə Zeynalova. Ayaz, Afət, Sevda, İlqar obrazlarını oynamaq üçün sınaq çəkilişləri oldu. Sınaqda həddindən artıq çox aktyor iştirak edirdi. Təkcə İlqar roluna görə, respublikanın ən üzdə olan aktyorlarından 15 nəfəri sınaq çəkilişində iştirak etdi. Komissiya bizə cütlük şəklində baxırdı. Elə oldu ki, Bədii Şuranın üzvləri bizim cütlüyü daha çox bəyəndilər. Beləcə, mən ilk dəfə olaraq bədii filmdə rol aldım. Filmə çəkilərkən 27 yaşında idim”.
Maraqlıdır ki, filmin bütün epizodları kinostudiyanın pavilyonunda çəkilib.
İlham Namiq Kamal: “Çəkilişlər əsasən pavilyonda gedirdi. İnanın, indiyə qədər əksəriyyət filmdə göstərilən evin harada yerləşdiyini soruşur. Hətta yayılan digər söhbətə görə, filmin İçərişəhərdəki evlərin birində çəklidiyi iddia olunur.
Amma bu belə deyil. Çəkilişlərin heç biri həqiqi evdə aparılmayıb. Filmdə gördüyünüz “Cənnət xalanın evi” kinostudiyanın ən böyük pavilyonlarından birində qurulmuş evdə çəkilirdi. Adi evdə işıqların qurulması çətin idi. Odur ki belə qərar verilmişdi. Hətta cehizlərin daşındığı blok səhnəsi də pavilyonda çəkilib. Filmin rəssamı Nadir Zeynalov çox böyük ustalıqla işləmişdi”.
Filmin digər epizodları isə Nardaranda, İçərişəhərdə və dəniz sahilində çəkilib.
Cənnət xalanın diş çəkdirməsi səhnəsi kemiş “İnqilab”, indiki Həsən Əliyev prospektində yerləşən stomotoloji kabinetdə çəkilib. Oradakı “Diş kabineti” indi də durur. Filmin çəkilişləri 5-6 ay davam edib. Oradakı geyimlər hamısı xaricdən gətirilmiş, bahalı paltarlar olub.
“Hər çəkiliş günü bir bayram idi”
İlham Namiq Kamal: “Bir teatrda işləməsək də, Nəsibə Zeynalova ilə yaradıcılıq əlaqələrimiz vardı. Mən o vaxtı Milli Dram Teatrında, Nəsibə xanım isə Musiqili Komediya Teatrında çalışırdı. AzTV-nin “Mavi işıq” Yeni il proqramında, “Səhər görüşləri”, “Yumoristik novellalar” proqramlarında Nəsibə xanımla bir çox səhnəciklərimiz olmuşdu. Nəsibə xanıma həm sənətçi kimi hörmətimiz həddən artıq idi. Onun oğlu Cahangir Novruzovla da dost idik, bir-birimizi tanıyırdıq. Nəsibə xanıma nurani bir ana kimi ona çox böyük hörmət edirdik. Hər çəkiliş günü bir bayram idi. Zarafatla, deyib-gülməklə...Yaradıcı heyət xoş əhval-ruhiyyədə idi. Nəsibə xanımın həyatda da maraqlı yumoru vardı. Həddindən artıq səmimi insan idi”.
“Operatoru çəkilişdən qovdular”
İlham Namiq Kamal: “İş prosesi çox ciddi olurdu. Belə bir hadisə oldu. Səhv etmirəmsə, 2-ci ya da 3-cü operator işə daim gecikirdi. Bir gün, iki gün... Nəhayət onu işdən qovdular. Onu qovan günü çəkiliş təxirə salındı. Mən Nəsibə xanımdan soruşdum ki, bəs “Filankəs doğurdan işinə səhlənkar yanaşıb?”. O bir kəlmə ilə cavab verdi ki, “Çoooox”. Dəyərli sənətkarımız bu çox sözü ilə həmin operatorun bütün bioqrafiyasını açıqladı. Yəni o, qayda-qanunu pozandı, tənbəldir, qanacaqsızdır, tərbiyəsizdir və s. Həyatda bir kəlmə ilə insanın bioqrafiyasını xarakterizə edən insan, gör indi çəkiliş meydanında, teatr səhnəsində necə idi, necə improvizələr edirdi”.
Məşhur replika belə yaranıb: “Özümdən ixtiyarsız ”mehriban olun!” dedim”
İlham Namiq Kamal: “Yalnız bir yerdə improvizə etmişəm. O da gəlini qayınanaya təhvil verdiyim yerdə olub. Mən Afəti Cənnət xalaya təqdim edib getməli idim. Amma özümdən ixtiyarsız ”mehriban olun!” dedim. Rejissor onu saxladı, kəsmədi. O zaman mənim ağ rəngdə avtomobilim vardı. Çox istəyirdim filmə öz avtomobilimlə çəkilim. Ama rejissor bildirdi ki, film rəngli olduğuna görə, maşın rəngli olmalıdır. Buna görə də, başqa maşın çəkəsi oldular.
“Bibi, bibi, can bibi”- deyə oxuyan Tələt Rəhmanovun çox maraqlı bir obrazı vardı. Bu obraz filmə sanki bir rəng qatırdı. Çəkiliş vaxtı hamı bir-birilə ailə kimi idi. Sağlam bir ansambl vardı. Çəkilən, lakin filmə düşməyən kadrlar çox oldu. Bu, qonşu xanımın çəkildiyi bir çox epizodlar idi. Onları filmə salmadılar. Yəqin ki rejissor belə məsləhət bildi”.
“Afətin məşhur kuklası sonradan ssenariyə salındı”
Filmdə əks olunan Afətin kuklası da ssenaridə olmayıb. Bu sonradan rejissorun öz imporvizəsi ilə ssenariyə daxil olunub.
İlham Namiq Kamal: “Kukla rejissorun improvizəsi oldu. O fantaziya da çox maraqlı alındı. Sonra Cənnət xalanın başının üstündə asılan “Məşədi Kazım”ın şəkli də improvizə idi. Hörmətli aktyor Məmməd Sadıqovun şəkli idi. Onu müxtəlif rakurslardan çəkmişdilər. Cənnət xala müxtəlif situasiyalara uyğun ona baxanda həmin portret də o tərzə uyğun reaksiya verirdi. Bu rejissorun tapıntısı idi. Çılçırağın qırlaraq brilliant kimi dağılması, yanğınsöndürənlərin o cür hoqqa ilə geniş hərəkəti, hamısı rejissor təxəyyülünün məhsulu oldu. Yanğınsöndürənlər ssenaridə olsa da, filmdəki kimi geniş deyildi. Rejissorun həddindən artıq böyük fantaziyası vardı. Bazar səhnəsi, diş klinikasında olan qalmaqal imporvizə olunmuşdu. İlqarın “çək dişimi” deyərək birdən bağırması ssenaridə yox idi.
Bunların hamısını Hüseyn müəllim artıq quruluş verəndə aktyorlara deyirdi. Hər bir epizod o qədər maraqlı alındı ki, bu gün də sevilirərək izlənilir”.
“Nəvəni oynayan Zeynəb Xanlarovanın oğlu deyil”
“Qayınana” filmində Cənnət xalanın nəvəsini oyanayan uşağın SSRİ xalq artisti Zeynəb Xanlarovann oğlu olması barədə də uzun illər bir mif gəzib. Amma əslində bu heç də belə deyil.
İlham Namiq Kamal: “Filmdə nəvə rolunu oynayan uşağın Zeynəb Xanlarova ilə heç bir bağlılığı yoxdur. Rejissor köməkçisi nəvə rolunu oynamaq üçün 3-4 uşaq tapıb gətirdi. Bu uşaqlardan birinin dişi yox idi, üzündə də bir komiklik vardı. Həmin uşağı nəvə roluna çəkdilər. Nədənsə bu uşaq haqqında danışanda hamı elə bilir ki, Zeynəb Xanlarovanın övladıdır. Səbəbini mən də bilmirəm”.
“Cənnət” kimi qayınanalar...
İlham Namiq Kamal: “Komediya olduğu üçün istər-istəməz şişirtmələr olur. Amma həyatda elələri var ki, Nəsibə xanım onları yaradıb. İllər keçsə belə, mövzu aktualdır. Filmi izləyərkən tamaşaçı özündən nəsə tapır. Rayonlara, şəhərin özünə baxsaq o qədər “mızı” qayınanalar görərsiniz ki... Düşünürəm ki, təqdimatdan çox şey asılıdır. Rejissor aktyor və aktrisanı çox yüksək səviyyədə təqdim etdi. Dünyanın hansı ölkəsində baxılmasından asılı olmayaraq orada peşəkarın imzası seçilir. Mən Nəsibə Zeynalovanı xüsusi qeyd etmək istəyirəm.Təkrarolunmaz sənətkar idi.
2013-cü ildə “Qayınana” filminin 35 yaşı tamam oldu. Film artıq 35 ildir ki, hər bayramda bir sovqat kimi tamaşaçılara təqdim olunur. Xaricdə yaşayan Azərbaycanlıların evində “Qayınana”nın kassetlərini, disklərini görəndə çox təəccübləndim və şad oldum”.
Gülşən Raufqızı