Modern.az

Atəşkəsin 20 ili - TƏHLİL

Atəşkəsin 20 ili - TƏHLİL

14 Aprel 2014, 09:25

Azərbaycanla Ermənistan arasında Bişkekdə imzalanmış atəşkəs sazişinin gələn ay 20 ili tamam olacaq.

Tərəflər arasında imzalanmış “Bişkek Protokolu” adlı atəşkəs sazişi əslində formal xarakterli, hüquqi qüvvəyə malik olmayan sənəddir.   Sənədin qəbul olunduğu zamandan bu günə qədər atəşkəs davamlı olaraq Ermənistan tərəfindən pozulub. Bu da “Bişkek Protokolu”nun mahiyyətini sıfır həddinə gətirib.

 

  “Bişkek Protokolu” niyə hüquqi qüvvəyə malik deyil?

 

Bu paradoksallıqlar, sazişin qeyri-hüquqi mahiyyəti sənədin imzalanmasında iştirak etmiş şəxslərin də mövqelərində əks olunur.  

 Diqqət edək, Azərbaycan parlamentinin keçmiş spikeri,  Rəsul Quliyev açıqlamalarının birində “Bişkek Protokolu”nun heç bir hüquqi qüvvə daşımadığını bildirməklə bunun yalnız təklif, müraciət xarakterli bir bəyanat olmasını qeyd edir. Eks spikerin sözlərindən belə nəticəyə gəlmək olar ki, təklif elə təklif olaraq qalıb və bununla bağlı hər hansı müqavilə imzalanmayıb.

 Digər tərəfdən, bu atəşkəs sazişinin hazırlanması istiqamətində danışıqlarda aktiv rol oynamış, ATƏT-in Minsk Qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirov da xatirələrində sənədin heç bir hüquqi gücə malik olmadığını yazıb. Kazimirovun yazdıqlarından belə anlaşılır ki, sənəd tərəflər üzərinə hər hansı hüquqi öhdəlik də qoymur, sadəcə olaraq sülhə çağırışdır.

Azərbaycanın sabiq dövlət müşaviri Vəfa Quluzadə isə tərəflər üzərinə konkret öhdəlik qoyulduğunu xatırladır.

Digər keçmiş dövlət müşaviri Qabil Hüseynli isə protokolun gizli məqamları barədə danışarkən Azərbaycanın məcburiyyət qarşısında sənədi imzaladığı üzərində dayanıb. Politoloq düşünür ki, Azərbaycan bu sənədə imza atmasaydı, Gəncə və Yevlaxı da itiricəkdi. Yəni, belə demək mümkünsə, Azərbaycan Rusiyanın dəstəyi ilə Ermənistanın digər bölgələri də işğal etmək niyyətlərinin qarşısına səd çəkməyi bacarıb.  

 

ATƏT-in “diplomatik” xətaları 

 

 

“Bişkek Protokolu” ilə bağlı səslənən mövqelərdə oxşar məqamlar olsa da, ziddiyyətlər də az deyil. Sazişin hazırlanması ilə bağlı danışıqlarda bilavasitə və ya birbaşa iştirak etmiş o vaxtkı dövlət rəsmilərinin biri-biri ilə uzlaşmayan fikirləri də hardasa, sazişin özündəki dolaşıq siyasi əsaslarından irəli gəlir.

Atəşkəs rejiminin bəyanat olaraq mövcudluğu sonradan sülh müqaviləsinin bağlanmasına hesablanmış addım idi. Ermənistanın qeyri-konstruktivliyi fonunda isə bu sülh əldə edilmədi.

Əlbəttə ki, bütün bunlar işğalçı Ermənistanın bölgədə yaratdığı yeni siyasi “xəritə”nin, status-kvonun saxlanılmasına xidmət edir. Azərbaycan isə yalnız təsəlli olaraq “Bişkek Protokolu”ndan irəli gələn məqsəd və vəzifələri xatırladır. Ermənistan isə nədənsə, ümumiyyətlə bu sazişdən danışmır ki, bunun da bir səbəbi onun Rusiyanın forpostu olmasıdır.   Rəsmi Yerevan Kremlin siyasi orientasiyasından kənara çıxmır, deməli, atəşkəslə bağlı sərgilədiyi mövqe də Rusiyanın maraqlarının diktəsidir. Sözsüz ki, zaman-zaman cəbhədən gələn atəş səslərinin arxasında Rusiyanın dayandığı da məlumdur.. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasən Rusiyanın kurasiyasında olmasını bir daha təsdiqləyən məqamdır. Müşahidəçilər hesab edirlər ki, aktiv hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan sənədin hazırlanması elə Rusiyanın ideyası olub.  

 Mürəkkəb siyasi proseslər fonunda bir məsələni də kənarda saxlamaq olmaz. ATƏT-in Minsk Qrupunun monitorinq dəstəsi cəbhə xəttində reydləri qondarma “Dağlıq Qarabağ Respublikası”nın hərbiçilərinin və “hökumət nümayəndələri”nin müşayiəti ilə keçirir.  Bu nə deməkdir? Münaqişənin həlli ilə əlaqədar yaradılmış Minsk Qrupu Dağlıq Qarabağ konfliktinin nizamlanmasında separatçı qurumu tərəf kimi görürmü?  

Hər halda açıq rəsmi bəyanatlar olmasa da, dolayı yolla separatçılara dəstək verilməsi və onların şirnikləndirilməsi nüansının üzərindən keçmək olmaz. Elə bu məqamda başıbəlalı “Bişkek Protokolu” ətrafında yaranmış problemlərdən biri də separatçı “DQR”in sənədə tərəf kimi imza atması ilə bağlı sərsəm iddialardır. Görünən odur ki, bu cür ssenarilərin arxasında elə ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri dayanır (ABŞ, Rusiya, Fransa). Yoxsa niyə Cənubi Qafqaz regionunun əsas konflikt ocağında aparılan monitorinqlərdə qondarma bir qurum da iştirak etsin?!

 

Atəşkəs necə susdurulacaq?

Bəzi yerli mətbuat orqanları yazır ki, bu il atəşkəs sazişinin müddəti bitir. Düzdür, onsuz da heç bir rol oynamayan sənədin icra limitinin tükənib-tükənməməsi proseslərə elə də təsir edə bilməz. Əslində isə sənəddə hər hansı konkret müddət nəzərdə tutulmayıb. O da bəllidir ki, atəşkəs rejiminin qeyri-müəyyənliyi bölgədə hər an müharibə ehtimallarını artırır. Bura danışıqlar predmetinin Ermənistanı qane etməməsini də əlavə etsək, o zaman müharibədən danışmağa kifayət qədər əsaslar var. Danışıqlar nəticə vermirsə, Azərbaycan işğal altındakı torpaqlarını geri qaytarmaq yolunda başqa hansı addımlar ata bilər ki?!  

Maraqlıdır, atəşkəsin pozulması nə vaxt müharibənin başlanmasına və “Bişkek Protokolu”nun da avtomatik olaraq qüvvədən düşməsinə səbəb ola bilər?   Ekspertlərin qənaətincə, istənilən zaman tərəflərdən biri atəşkəsi pozmaqla müharibəyə başlayacağını bəyan edə bilər. Buna görə atəşkəs sazişində hər hansı qadağa yoxdur. Eyni zamanda belə bir addımın atılacağı təqdirdə avtomatik olaraq sənəd qüvvədən düşmüş sayılır. Bundan sonra isə beynəlxalq təşkilatların hansı addım atacaqları sənəddə göstərilmir. Amma məsələnin maraqlı tərəfi odur ki, hər gün atəşkəsi pozan Ermənistan bunu açıq şəkildə bəyan etmir.  

İndiki geopolitik şərtlər daxilində atəşkəsi pozan tərəfin rəsmi müharibə elan etməsi də real görünmür. Halbuki, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün Ermənistan tərəfindən zəbt edilmiş bölgələrini azad etmək üçün müharibə etmə hüququ var. Ancaq yenə böyük güclər və onların bölgədə toqquşan maraqları, Ermənistanın işğalçılıq siyasətinə diplomatik don geyindirmələri və s. amillər Azərbaycanı gözləmə mövqeyinə çəkilməyə vadar edir. Azərbaycan üçün beynəlxalq güclərin regionda toqquşan maraqları kontekstində müharibəyə başlayacağı çətinliklər yaratsa da, rəsmi Bakı qəti mövqeyini ortalığa qoyub. Sülh prosesləri nəticə verməyəcəyi halda Azərbaycan öz torpaqlarını hərbi əməliyyatlarla geri alacağını bəyan edib. Bir gün tez, bir gün gec, bu, reallaşacaq.

Hər halda həm beynəlxalq təşkilatlar, həm də dünyanın böyük dövlətləri atəşkəs sazişinin hüquqi gücə malik olmadığının fərqindədirlər.

 

  Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi