Modern.az

Ziya Məmmədovun səlahiyyətləri Hacıbala Abutalıbova verildi

Ziya Məmmədovun səlahiyyətləri Hacıbala Abutalıbova verildi

14 Aprel 2014, 16:09

Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar imzalayıb.

Modern.az-ın məlumatına görə, Baş nazirin qərarı Bakı şəhərində sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi, sərnişindaşımaların yerinə yetirilməsi zamanı texniki və ekoloji baxımdan təhlükəsizliyin təmin olunması məqsədi  daşıyır.

Qərarda qeyd olunur:

1. Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən payları dövlətə məxsus "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılsın.

2. Cəmiyyətin nizamnamə kapitalının formalaşdırılması, ilkin mərhələdə fəaliyyətinin təşkili və Cəmiyyət tərəfindən sərnişin daşınması üzrə avtobusların alınması məqsədi ilə həmin Cəmiyyətə Azərbaycan Respublikasının 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 30,0 (otuz) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın 2-ci hissəsi ilə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Cəmiyyətə məxsus avtobusların marşrutlarını və hərəkət qrafiklərini müəyyən etsin.

5. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki:

5.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cəmiyyətin nizamnaməsinin təsdiq edilməsini, dövlət qeydiyyatına alınmasını və icra orqanlarının yaradılmasını təmin etsin;

5.2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə ən azı 200 ədəd iritutumlu avtobusun saxlanması məqsədi ilə avtonəqliyyat parkları (qarajları) üçün yerin ayrılmasını 1 ay müddətində təşkil etsin.

3 aprel tarixli qərar imzalandığı gündən qüvvəyə minib.

Qeyd edək ki, Bakıda sərnişindaşıma işini əsasən nəqliyyat naziri Ziya Məmmədova yaxın olan “Transgeyt” şirkəti həyata keçiridi. Sərnişindaşıma sektoruna nəzarət də nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinə daxil idi. Belə çıxır ki, bu səlahiyyətlər nazirdən alınıb Bakı merinə verilir..


Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi