Prezident Bakıda ağac kəsənlərə xəbərdarlıq etdi: “Onlar məsuliyyətə cəlb edilməlidir”
“İlin sonuna qədər görüləcək işlər çoxdur. Biz bu işlərin hamısını yüksək səviyyədə görməliyik. İlk növbədə, Dövlət İnvestisiya Proqramı tam şəkildə icra edilməlidir. Bu il bu İnvestisiya Proqramı kifayət qədər böyükdür”. Modern.az saytının məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
”Hələ ki, biz infrastruktur layihələrini tam şəkildə başa çatdıra bilməmişik. Ancaq bu istiqamətdə müsbət irəliləyiş vardır. Bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişi layihələri icra ediləcəkdir və əslində icra edilir. Bəzi rayonlarda bu layihələr başa çatıb. Bəzi rayonlarda isə hələ ki, işlər davam edir. İçməli su və kanalizasiya layihələri hazırda əsas prioritet məsələdir. Çünki elektrik enerjisi ilə təminat, qazlaşdırma sahəsindəki işlərin böyük əksəriyyəti artıq görülübdür. Hazırda kənd yolları, içməli su və kanalizasiya layihələri daha da böyük investisiya tələb edir. Eyni zamanda, bu yaxınlarda Prezidentin ehtiyat fondundan artezian quyularının qazılması üçün əlavə vəsait ayrılmışdır. Bu da insanları içməli su ilə təmin etmək üçün çox önəmli bir addım olacaqdır”.
İlham Əliyev görüləcək işlər üçün maliyyə problemlərinin olmadığını deyib.
Prezidentin sözlərinə görə, sosial proqramların icrası da dövlət büdcəsində nəzərdə tutulub. “Biz çalışmalıyıq ki, insanlarımız sosial təminat baxımından əziyyət çəkməsinlər. Xüsusilə aztəminatlı ailələr üçün sosial dəstək daha da təsirli olmalıdır”.
İlham Əliyev deyib ki, çalışmaq lazımdır ki, Azərbaycanın neft-qaz sektoru ilə yanaşı, digər sektorlara da xarici və özəl investisiyaları daha böyük həcmdə cəlb edilsin.
Ərzaq təhlükəsizliyindən danışan Prezident deyib ki, Azərbaycanda istehlak edilən və istehsalı mümkün olan digər məhsulların istehsalı ilə ciddi məşğul olmaq lazımdır.
Azərbaycanda demoqrafik vəziyyətin çox müsbət olduğunu xatırladan dövlət başçısı deyib ki, artıq ölkədə əhalinin sayı 9 milyon 500 min səviyyəsinə çatıb.
”Ermənistanı götürsək, hər il Ermənistanı təxminən 80-100 min arası insan tərk edir və bu ilin birinci rübünün statistikasına görə, 20 mindən çox insan tərk edibdir. Əlbəttə bu, depopulyasiyadır. Bir müddətdən sonra orada ümumiyyətlə, 1 milyondan az əhali olacaq”.
2014-cü ilin “Sənaye ili” elan edildiyini vurğulayan Prezident deyib ki, hər bir rayonda sənaye zonaları yaradılmalıdır.
”Fevral ayında bu göstəriş verilmişdir və bu göstəriş icra edilməlidir”.
Şəhər nəqliyyatı ilə bağlı əlavə tədbirlər görüləcəyini vurğulayan İlham Əliyev metro tikintisinin sürətlə getdiyini söyləyib:
”Bildiyiniz kimi, biz metro stansiyalarının sayını 70-ə çatdırmaq əzmindəyik. Buna nail olacağıq. Bütün işlər qrafik üzrə gedir. Şəhərə ən yüksək standartlara cavab verən yeni sərnişin avtobusları gətiriləcəkdir. Bakıda yeraltı parkinqlər tikilibdir. Bu da tıxac probleminin həllinə bir dəstəkdir. Yerüstü parkinqlər də yaradılmalıdır. İnkişaf etmiş şəhərlərdə olduğu kimi, bizdə də yaxın aylarda küçələrdə parkinq avtomatları quraşdırılacaqdır ki, insanlar maşınlarını orada rahat park edə bilsinlər. Bu sahədə də şəffaflıq təmin edilməlidir”.
Ordu quruculuğundan danışan Prezident Hərbi Dəniz Qüvvələri bazasını xüsusi qeyd edib.
”Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Yeni hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər.
Ümid edirəm ki, yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaqdır. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi. Biz bunu açıq deməliyik. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın”.
Prezident deyib ki, bu il məcburi köçkünləri evlərlə təminetmə proqramı davam etdiriləcək. Keçən il 20 mindən çox köçkün yeni evlərə, mənzillərə köçüb. Bu il də ən azı 20 min köçkün köçəcək.
”Qarabağ müharibəsi veteranlarının və əlillərin də problemləri həll edilir. Bir müddət bundan əvvəl imzaladığım Sərəncam əsasında bu kateqoriyadan olan 80 min insanın sosial təminatı yaxşılaşdırılmışdır. Bu proses davam etdiriləcəkdir”.
TANAP layihəsinin icrasının artıq başlandığını deyən İlham Əliyev onu XXI əsrin layihəsi adlandırıb.
”“Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Artıq tenderlər elan edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. Artıq keçən ilin sonlarında bu layihəyə start verildi. Hazırlıq işləri başlamışdır. Azərbaycan bu layihənin icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir. Hesab edirəm, tam əminəm və bilirəm ki, bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır. Bütün riskləri Azərbaycan öz üzərinə götürübdür. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik”.
Bakının ekoloji vəziyyətindən danışan Prezident İlham Əliyev bir məsələni xüsusilə qeyd edib:
”İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.
Azərbaycanın bu aydan başlayaraq “Avro-4” standartına keçdiyini xatırladan İlham Əliyev bu addımın Bakıda havanın tərkibinin böyük dərəcədə yaxşılaşdıracağına gətirib çıxaracağını bildirib. Prezident Azərbaycanda istehsal olunan yanacağın keyfiyyətinin də yaxşılaşdırılmalı olduğunu vacib sayıb.
“Bakıda mövcud olan göllərin təmizlənməsi proqramı da artıq başlayır. Bu göllərin siyahısı mənə verilibdir. Burada 9 göl vardır. Amma bu gölləri heç göl adlandırmaq da düzgün deyildir. Çünki göl təbii, təmiz bir su hövzəsidir, bu göllər isə ekoloji fəlakət mənzərəsidir. İllər boyu bu göllərə kanalizasiya, çirkab suları, neftlə çirklənmiş sular, lay suları axıdılıb. Bu göllər şəhərin içində, şəhərin mərkəzində bir ekoloji fəlakətdir. Ona görə bu məsələ ilə bağlı artıq bütün göstərişlər verilibdir. Biz daha bundan sonra bu vəziyyətlə barışa bilmərik. Bu məqsədlər üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaqdır. Bu çirkab su hövzələrini biz təmiz göllərə çevirəcəyik. Bakı indi parklar şəhəridir. Bakı olacaq təmiz göllər şəhəri. Bu vəzifəni mən bu gün qarşıya qoyuram və hesab edirəm ki, biz tezliklə bu işlərə başlamalıyıq. Sözün düzü, artıq biz başlamışıq. Bu sahədə təcrübəsi olan xarici şirkətlərlə artıq müqavilələr də bağlanıbdır. Biz ən ağır, ekoloji və texniki cəhətdən ağır olan layihədən başlamışıq. Bu da Böyükşor gölünün təmizlənməsidir. Böyükşor gölünün ərazisi 11 kvadratkilometrdir. Yəni, min hektardan böyükdür. Böyükşor gölünü biz hələlik iki yerə bölürük. Bənd tikiləcəkdir. Bu bənd, eyni zamanda, avtomobil yolu olacaqdır. Həm nəqliyyat üçün, həm bu təmizləmə işlərini mərhələlərə bölmək üçün biz bu işləri görürük.
Birinci mərhələdə gölün tikilən Olimpiya Stadionuna yaxın olan hissəsi təmizlənəcəkdir. O sahənin ərazisi 300 hektardır. Orada təmiz, şəffaf su olacaqdır. Gölün ətrafında gözəl bulvar tikiləcəkdir. Bizim Dənizkənarı Bulvarımız vardır. İndi, bundan sonra Böyükşor Bulvarımız da olacaqdır və gözəl yaşıllıqlar salınacaqdır, ağaclar, kollar əkiləcəkdir, istirahət zonaları və təmiz bir göl olacaqdır.
İkinci mərhələdə isə gölün qalan böyük hissəsi də təmizlənəcəkdir. Beləliklə, biz şəhərimizdə yeni, gözəl istirahət, sağlamlıq zonası yaradacağıq. Dediyim kimi, bir neçə ildən sonra Bakı təmiz, gözəl göllər şəhəri kimi artıq öz sözünü deyəcəkdir. Düzdür, burada görüləsi işlər çoxdur, doqquz göldən söhbət gedir, - ancaq çalışmalıyıq ki, növbəti 5 ya 6 il ərzində yerinə yetirək. Əlbəttə ki, bütün bu işlər dövlət büdcəsində nəzərə alınmalıdır. Maliyyə resursları burada əlbəttə ki, təmin ediləcəkdir və bütün işlər ən yüksək səviyyədə aparılmalıdır”.
Bu il birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsinə qədəm qoyulduğunu xatırladan İlham Əliyev deyib ki, hazırda Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya Şəhərciyi demək olar ki, hazırdır.
A.Qorxmaz