“Elçibəyin bəyanatlarını Türkiyənin və ABŞ-ın kəşfiyyat zabitləri yazırdı”
Politoloq Zərdüşt Əlizadənin Modern.az saytına verdiyi müsahibəni oxuculara təqdim edirik:
- Ukrayna ətrafında gərginlik səngimir, rəsmi Kiyev Krım məğlubiyyətinin ağrısını unutmamış növbəti separatçılıq təhlükəsi ilə üz-üzə qalıb. Donetsk, Luqansk, Xarkov bölgələrində Rusiya meylli qüvvələrin fəallaşması, federallaşma tələbi ilə çıxış etməsi Ukraynanın parçalanması ilə bağlı ehtimalları artırır. Proseslərin perspektivi regiona nə vəd edir?
-Ukrayna hakim zümrəsinin kütbeyinliyi, antimilliliyi ucbatından dövlət faktiki olaraq tənəzzülə uğrayır. Burda həm Qərb, həm də Rusiya Ukraynanı öz təsir dairəsinə salmaq istəyir. Krımın Rusiyaya ilhaqından sonra Ukraynanın Şərqindəki əhalinin də o cür tələbləri üçün obyektiv zəmin yaranır. Etirazçılar tədricən, addım-addım şəhərləri, kəndləri, rayonları əsarət altına alırlar. Nəticədə Ukrayna parçalanma təhlükəsi ilə üz-üzə qalıb və vətəndaş müharibəsi qarşısındadır. Ukrayna Qərblə Rusiyanın mübarizəsi fonunda böhran günlərini yaşayır. Ukraynanın başqa əraziləri itirib-itirməyəcəyi artıq gündəmdədir. Federallaşma tələbləri ölkədə qarşıdurmalara, münaqişələrə son qoymayacaq. Federallaşmış Ukrayna belə əhali arasında münaqişələri qaçılmaz etməyəcək. Bütün bunlar münaqişələrin növbəti mərhələsinin başlanğıcıdır.
-Gündəmdə olan digər bir məsələ Ermənistanda yeni baş nazirin təyin edilməsidir. Keçmiş parlament sədri Ovik Abramyan Ermənistanın yeni baş naziri oldu. O da bəllidir ki, Ermənistanın rəsmi hakim dairələrində Gömrük İttifaqı ilə bağlı ciddi fikir ayrılığı yaranıb. Yeni baş nazir ölkəni iqtisadi və siyasi böhrandan çıxara bilərmi?
-Ermənistan özünü elə dərin bir böhrana salıb ki, heç bir şəxs, o cümlədən Ovik Abramyan da onu bu səfalətdən çıxara bilməz. Keçmiş baş naziri Tiqran Sərkisyan savadlı iqtisadçı idi. Lakin o da korrupsiyaya bulandı. Ovik Abramyan isə erməni xalqını talan etmiş oliqarxlardan biridir və cani bir ünsürdür. Ermənistanda ümumiyyətlə, iqtisadiyyat adlı bir sahə yoxdur. Gözəgəlimli bütün sahələr Rusiyanın nəzarətindədir. Ermənistan bir dövlət kimi yoxdur.
-Azərbaycan prezidenti və ardından müdafiə naziri İrana səfər etdi. Bu iki ölkə arasında əlaqələrin perspektiv mühitinə necə təsir edəcək?
-İki dövlət və xalq arasında münasibətlər çox yaxındır. Amma mübahisəli məsələlər də çox idi. Səfərlərdə razılaşdırılmış məsələləri müzakirə edib həll etməyə çalışırlar. İki qonşu dövlətin rəhbərləri görüşməli, danışmalı və bir sıra məsələləri həll etməlidir. Azərbaycanın İranla əlaqələrinin inkişafına geniş imkanlar var. Bu imkanlarda istifadə etmək lazımdır.
-ANS televiziyasında yayımlanan “Hesabat” verilişinin aparıcısı, tanınmış jurnalist Mirşahin sizin Azərbaycanın müstəqilliyi ilə bağlı sərgilədiyiniz ironiyalı çıxışlarınızı tənqid etdi. Maraqlıdır, niyə sizdə hər zaman “müstəqil Azərbaycan” sözü qıcıq yaradır və Mirşahinə nə cavab verərdiz?
-Mən ümumiyyətlə, ANS-ə baxmıram. O ki qaldı mənim müstəqilliyə kinayə ilə yanaşmağıma, bunun üçün ciddi əsaslarım var. Azərbaycanın iqtisadiyyatı, hərbi vəziyyəti, ərazi bütövlüyü, xarici siyasəti və s. xaricdən asılıdır. Azərbaycandakı dövlət çevrilişlərində həmişə xarici zümrələrin rolu olub. Sovet zamanında birinci katibləri Moskva təyin edirdi. Daha sonra Moskvanın iradəsi ilə Azərbaycanda dövlət çevrilişi oldu və Əbülfəz Elçibəy hakimiyyətə gətirildi. Elçibəyin bəyanatlarını Türkiyənin və ABŞ-ın kəşfiyyat zabitləri yazırdı. Sonra İran, Türkiyə, Rusiyanın birgə səyləri ilə Heydər Əliyev hakimiyyətə gəldi. Hansı müstəqillikdən söhbət gedə bilər?!Azərbaycana yalnız böyük dövlətlər nəzarət edir.
Mən sevindiyimdən kinayə ilə yanaşmıram. Mənin bu mənzərəyə ürəyim ağrıdığından ironiyalı çıxışlar edirəm. Bəzi dələduzlar yaranmış vəziyyətdən yararlanaraq pulları ciblərinə doldurmaq istəyir və ağız dolusu müstəqillikdən danışır. Mənim bir alim və təhlilçi kimi gəldiyim qənaət də budur. Əgər Mirşahinin başqa rəyi varsa, buyursun sübut eləsin ki, Azərbaycan həqiqətən müstəqildir. Müstəqiliksə, bəs niyə 20 ildən çoxdur ki, Qarabağ bizdə yoxdur? Nə üçün Qarabağın alınmasını bizə qadağan edirlər? BMT-nin nizamnaməsində nəzərdə tutulmuş qanuni ərazilərin zorla azad edilməsi hüququndan istifadə etməyə imkan vermirlər.
Aqşin Kərimov