Modern.az

Deputat: “Bəzi məzunlara attestat verilməməsi maddi məsələlərlə bağlıdır”

Deputat: “Bəzi məzunlara attestat verilməməsi maddi məsələlərlə bağlıdır”

10 İyun 2010, 13:11

Təhsil Nazirliyi 3-16 iyun aralığında orta məktəblərdə buraxılış imtahanları keçirir. Bu il ümumtəhsil məktəbinin XI sinfini bitirən 103 min 317 məzun buraxılış imtahanları verir. Onlardan 23 minə yaxını Bakının orta məktəblərini bitirir. XI sinfi bitirənlərdən buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən götürülür. İmtahan test suallarının sayı 120-dir. İmtahanda qiymətləndirmə hər bir fənn üzrə ayrılıqda aparılacaq. Hər bir fənn üzrə sualların 20%-nə müsbət cavab verən məzunun biliyi 3 (kafi) qiymətləndirilir. XI sinifi bitirənlərin yekun qiymətləri Təhsil Nazirliyinin müəyyən etdiyi müvafiq düstur üzrə çıxarılacaq. Attestata yazılacaq yekun qiymət XI sinifdə yoxlama imtahanının nəticələri, illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Təhsil Nazirliyindən bildirlib ki, mərkəzləşdirilmiş buraxılış imtahanlarından uğurla keçə bilməyən onbirincilərə attestat verilməyəcək, onlar yalnız məktəbi bitirmək haqqında arayışla təmin olunacaqlar. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Lalə Abbasova orta məktəbləri bitirən məzunlara attestatın verilməməsinin əleyhinədir. Deputat Modern.az-a deyib ki, şagirdlərin attestat almaması üçün müxtəlif əngəllər yaradılır: “Bu gün 11-ci sinifi bitirən məzunlara attestat verilməməsi üçün süni əngəllər yaradılır. Bunu niyə gizlədək, cəmiyyətimizdə belə neqativ hallar mövcuddur. Burada maddi məsələlər də mühim rol oynayır. Nəticədə o uşaq ortada qalır, sınır. Hətta bununla bağlı elə uşaqlar olub ki, özlərinə qəsd ediblər. Düşünürəm ki, bu bizim cəmiyyətimizə qarşı cinayətdir. Bunu heç cür etmək olmaz. Bizim dövrümüzdə 8-ci sinfi bitərənlərdən özündə yetərli potensial hiss edənlər 10-cu sinifə gedirdilər. Yuxarı sinfdə oxumaq istəməyənlər də texnikumlara, peşə məktəblərinə gedirdilər, müəyyən peşə sahibi olurdular. Ancaq şəxsən mən sovet təhsil sistemini daha çox qəbul edirəm. İndi belədir ki, istəyirsən oxu, istəmisən oxuma. Seçim sənindi. Ancaq sovet sistemi oxumağa məcbur edirdi. Savadsız cəmiyyətin gələcəyi yoxdur. Azərbaycanda uşaqlara məcburi qaydada savad vermək lazımdır. Onlar uşaqdı, indi bunu anlamasa da, sonradan dərk edəcək. Cəmiyyət savadlı olmalıdır. Mən demirəm hamı akademik, alim olsun. Ancaq orta təhsil mütləq qaydada olmalıdır. Bir neçə il keçəcək biz onun faciəsini başa düşəcəyik. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il bir qanun kəşf edir. Uşaqlar ilin sonunda hazırlaşırlar, yanvar ayında isə deyilir ki, yox, indi imtahnaların keçirilmə qaydasında dəyişiklik var. Bu nə deməkdir? Düşünürəm ki, bu  gənclərə böyük zərbə vurmaqdır”.

Millət vəkilinin sözlərinə görə, müəlimləri də attetasiyadan keçirmək lazımdır: “Sovet sistemində işləmiş müəllimlər indikilərdən daha güclüdürlər. Bünövrə zəif qoyulduğuna görə də təhsilimiz də zəifdir. İndi elə müəllimlər var ki, cümlələri düz yaza bilmir. “Müəllim” adı yüksək olmalıdır. Mən düşünürəm əgər bizim dövlət inkişaf etmək istəyirsə, o müəllimlərin həm maaşını qaldırmalıdır, həm də müəllimlərdən ciddi iş tələb etməlidir. Müəllim bilsə ki, onun məvacibi yüksəkdir və sabah uşağa bilik verməsə, pulu kəsiləcək, onu etməz. İnsanın canında hardasa bir az qorxu olmalıdır”.

Təhminə Paşayeva

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI