3 il müddətinə azadlıqdan məhrum edilmiş eks-deputat Gülər Əhmədova Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxıldı.
“Gülər Əhmədova bəraət almaq üçün müraciət edəcək”. Bu barədə sabiq deputatın vəkili Əfsər Talıblı Modern.az-a bildirib. Vəkil deyib ki, Apellyasiya Məhkəməsinin qərarını nəzərə alıb Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.
“Gülər Əhmədova dəfələrlə təqsirsiz olduğunu bildirib. Apellyasiya Məhkəməsinin qərarını nəzərə alıb, Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Sonrakı mərhələlər isə Gülər Əhmədovadan asılı olacaq. O, necə istəsə, mən də o cür hərəkət edəcəyəm. Amma kassasiya şikayətinin verilməsi vaxtını hələ qərara almamışıq”.
Gülər Əhmədovanın evə buraxılmasından sonra onunla bu məsələləri müzakirə etmədiyini deyən Əfsər Talıblının sözlərinə görə, qərarı alandan sonra məsləhətləşəcəklər.
Xatırladaq ki, sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra, ötən il fevralın 13-də həbs olunub.
Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, üç il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi “külli miqdarda dələduzluq” və “qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə” maddələri ilə üç illik azadlıqdan məhrum edilən sabiq deputat Gülər Əhmədovanın kassasiya şikayətini təmin edilib və iki gün öncə məhkəmə zalından azadlığa buraxılıb.
Gültəkin ƏLƏSGƏR