Modern.az

96 yaşlı Ordumuzun gücü - ARAŞDIRMA

96 yaşlı Ordumuzun gücü - ARAŞDIRMA

25 İyun 2014, 23:36


Sabah Azərbaycan Silahlı Qüvvələri 96 yaşını qeyd edəcək.

Bu əlamətdar hadisə 1918-ci iyunun 26-da gərgin və qeyri-müəyyən geosiyasi vəziyyətdə Azərbaycan hökumətinin Əlahiddə Azərbaycan Korpusunun yaradılması barədə göstərişinə təsadüf edir.

O zamanlar zəif maddi-texniki bazası olan Azərbaycan Siahlı Qüvvələri bu 96 ildə böyük inkişaf yolu keçib.

Xüsusən, son 10 ildə ordu quruculuğu sahəsində nəzərəçarpacaq dəyişikliklər baş verib. Azərbaycan nizam-intizama malik, ən müasir silahlarla təmin olunmuş modern bir orduya sahibdir.

Özü də bu inkişaf həm də milli hərb sənayesinin inkişafı ilə paralel şəkildə baş verir.

Stokholm Dünya Problemlərinin Araşdırılması İnstitutunun 2009-2013-cü ildə dünyada silah dövriyyəsinin həcminə dair hesabatı Azərbaycanın öz hərbi potensialını sürətlə artırmasından xəbər verir.

Hesabatda yer alan məlumatlara əsasən Azərbaycan 4 il ərzində dünyada satılan silahların 1,6%-ni əldə edib. Avropaya ixrac edilən silahların 12%-i Azərbaycanın payına düşür. Doğurdan da, 2003-cü ildən sonra dövlət büdcəsində hərbi xərclərin həcminə nəzərə yetirdikdə maliyyənin kəskin şəkildə artığını görə bilərik.

Belə ki, 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 163 milyon dollar təşkil edirdisə, artıq 2005-ci 240,  2006-cı ildə 700, 2007-ci ildə isə 1 milyard dolları keçdi. Bunun sayəsində hərbi xərclərimiz öncə Ermənistanın hərbi büdcəsini, daha sonra isə dövlət büdcəsini də üstələdi. 2013-cü ildə hərbi büdcəmiz tarixi maksimumuna çataraq 3,7 milyard dollar təşkil edib.

Azərbaycanın hansı növ silahlar almasına gəlincə, öncə vurğulamaq lazımdır ki, ölkəmiz əsas 8 ölkə - Rusiya Federasiyası, Israil, Ukrayna,Türkiyə, Belarus, Cənubi Afrika Respublikası və ABŞ-la sıx hərbi əməkdaşlıqdadır.

2009-2013-cü illərdə ölkəmiz bu dövlətlərlə çoxmilyardlı müqavilələr imzalayıb. Azərbaycanın ən çox silah aldığı ölkə Rusiyadır. 2010-2012-ci illər ərzində Azərbaycan və Rusiya arasında dəyəri 4 milyard dollardan çox olan hərbi ticarət müqaviələləri imzalanıb. Bu müqavilələrə əsasən Rusiya Federasiyasının hərbi müəssisələri rəsmi Bakı üçün 2 “S-300” zenit-raker kompleksi divizionu, 94 “T-90S” müasir döyüş tankları, 20 “Mİ-35M” hərbi vertalyotları, 100 “BMP-3” piyada döyüş maşınları əldə olunub.

Xüsusən, Rusiyanın Azərbaycana tədarük etdiyi “SMERÇ” artilleriya atəş qurğusu Ermənistanda böyük təşvişə səbəb olmuşdu. Hətta Dağlıq Qarabağ erməniləri bunu ehtimal olunan müharibə zamanı Qarabağ ermənilərinin soyqırıma məruz qalacaqları kimi qiymətləndirmişdilər. Lakin Azərbaycan bu müddətdə silah ticarətində Rusiyanın inhisarına yol verməyərək digər ölkələrdən də silah idxal edib.

Rusiydan başqa, Gömrük İttifaqının digər üzvü Belarus Azərbaycana 93 “T-72M1” tankı, 25 “SU-25” qırıcı təyyarəsi, 27 ədəd Peçora” zenit-raket sistemi tədarük edib.

2011-2012-ci illərdə İsraillə imzalanmış 1,6 milyard dollarlıq müqaviləyə görə yaxın illərdə Azərbaycan ən müasir 60 pilotsuz təyyarə, rabitə və sahil müdafiə sistemləri ilə təmin olunacaq.

Hazırda vətəndaş müharibəsinin getdiyi Ukrayna rəsmi Bakıya 2 “MİQ-29” və 24 “Mİ-24G” döyüş vertalyotları satmaq barədə qərar verib.

Beləliklə, Stokholm Dünya Problemlərinin Araşdırmaları İnstitutunun məlumatlarına görə 2009-2013-cü illər ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalı 187 tank, 32 döyüş vertalyotu, 27 təyyarə, 2 “S-300” zenit raket kompleksi və 100-ə yaxın Piyada Döyüş Maşını ilə zənginləşəcək.

Bundan başqa, APA agentliyinin məlumatına görə müxtəlif illərdə Azəbaycan ordusu ABŞ-dan 2 ədəd TRML -3D tipli dəniz radarı, Gürcüstandan 7 ədəd SU-25/UB”Qraç” tipli döyüş təyyarəsi, Bosniya və Hersoqovinadan 10 ədəd 128 mm-lik RAK-12 “Plamen” reaktiv atəş sistemi satın alıb. 

Azərbaycanın silahlanmasında Türkiyə də  önəmli pay sahibidir. Belə ki, 2010-cu ildə Azərbaycan Türkiyədən 70 ədəd, 2011-ci ildə isə açıqlanmayan sayda «Cobra» tipli ZTR, 80 ədəd müxtəlif zirehli texnika alıb.

2011-ci ildə tərəflər arasında 36 ədəd 155 mm-lik T-155 «Fırtına» özüyeriyən haubitsaların alğı-satqısına dair müqavilə bağlanıb. Həmçinin Türkiyə tərəfindən 2010-cu ildə Azərbaycana 107 mm-lik T-107 reaktiv atəş sisteminin, 2011-ci ildə isə 120 mm-lik HY1-12 tipli minaatanların istehsalına lisenziya verilib. 

Azərbaycanın əsas hərbi texniki tərəfdaşlarından olan CAR ilə qeyd olunan dövrdə bir sıra layihələr reallaşdırılıb.

2009-2011-ci illərdə CAR-ın «Paramount Group» şirkətindən 45 ədəd «Marauder» və 45 ədəd «Matador» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsinin Bakıda istehsalına lisenziya alınıb.

Sifarişin böyük hissəsi icra edilib. Bundan başqa, CAR firmaları tərəfindən 12 ədəd Mi-24 tipli zərbə helikopteri modernləşdirilərək Mi-24 Super Hind Mk.IV səviyyəsinə çatdırılıb.           

Qeyd etmək lazımdır ki, xarici ölkələrdən silah-sursat idxalı ilə yanaşı, Azərbaycan öz hərbi sənayesinin inkişafına diqqət ayırıb.

Bu sahənin inkişaf etdirilməsi üçün 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin üzərinə böyük məsuliyyət düşür. Hələ sovet dövründən qalama 31 elmi-tədqiqat obyekti nazirliyin balansına verildi və tam modernləşdirildi.

163 yeni texnoloji avadanlıq və dəzgah, istehsal infrastrukturunun yenilənməsi Müdafiə Sənayesinin çoxçeşidli silah istehsalına şərait yatardı. Atıcı silahların, artilleriya qurğularının, mühəndis texnikasının istehsalına başladı.

Bundan başqa, hərbi sənaye obyektlərində döyüş maşınlarının, tank əleyhinə minaların, optik nişangahların və təlim aviasiya bombalarının yığılmasına başlanıldı.

Ölkənin yalnız investisiya siyasətində deyil, təhlükəsizlik konsepsiyasında hərbi sənayenini inkişaf etdirilməsinin diqqətdə olması perspektivdə Azərbaycanın silah idxalçısından silah ixracatçısına çevrilməsinə zəmin yaradır.

Əgər 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyi 43 adda hərbi məhsul istehsal edirdisə, 2010-cu ildə bu göstərici 413-ə çatdı. Ordumuz tam silah-sursat baxımından tam şəkildə yerli məhsullarla təchiz olundu. Elmi-Tədqiqat müəsssələrində və hərbi zavodlarda 2011-ci ildən başlayaraq tank, artilleriya və minamyot mərmilərinin istehsalına başlanıldı. 107 və 122 mm-lik reaktiv raket qurğularının, lazer nişangahlı tankəleyhinə raketlərin layihələndirilməsi, barıt, trotil, heksogen və s. partlayıcı maddələrin istehsalı ilə bağlı 5 hərbi obyektin inşa olunması bu saəhəski irəliləyişdən xəbər verirdi.

Qısa müddət ərzində Azərbaycan bölgədəki güc balansını tam şəkildə öz tərəfinə çəkərək Ermıənistan üzərində böyük üstünlük əldə etdi.

İstər şəxsi heyətinin hazırlığı, istərsə maddi-texniki bazasının inkişafı baxımından Azərbacyan ordusu yarandığı 1918-ci ildən bəri böyük inkişaf yolu keçərək regionun ən güclü ordusuna çevrildi.  


    

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi