Modern.az

Ayaz Mütəllibova qarşı sui-qəsdlər

Ayaz Mütəllibova qarşı sui-qəsdlər

1 İyul 2014, 11:32

Hakimiyyətdə lider kimi təmsil olunan simalar həmişə diqqət mərkəzində olur. Bu səbəbdən də dövlət başçılarının güclü mühafizə ilə əhatə edilməsi hər zaman prioritet məsələ olub.

Tarixən də, elə indinin özündə də dövlət başçılarına müxtəlif şəkildə sui-qəsdlər olur.

Ötən yazımızda sabiq prezident Əbülfəz Elçibəyə qarşı olan sui-qəsdlər barədə məlumat vermişdik.

Bu dəfə isə sabiq dövlət başçısı Ayaz Mütəllibova qarşı tərədilən sui-qəsdlərdən bəhs edəcəyik.

Azərbaycanda sovet hakimiyyəti dağılan ərəfədə siyasi gərginliyin yaratdığı ab-hava ürəkaçan deyildi. Belə bir zamanda, 1991-ci ilin sentyabrında Ayaz Mütəllibov prezident seçildi. Azərbaycanın ilk prezidenti seçilən Ayaz Mütəllibovun Azərbaycan Xalq Cəbhəsi  üzvləri ilə münasibətləri çox gərgin olub.

Mütəllibova yaxın dairələr bu barədə Modern.az-a bunları danışıb.

İlk olaraq, Xankəndi  hadisəsindən başlayaq. 1991-ci ildə Xankəndinə edilən səfərdə Ayaz Mütəllibova qarşı sui-qəsd törədilib. Maraqlıdır ki, bu günə qədər Mütəllibova qarşı Xankəndində təşkil olunan sui-qəsd hadisəsi dəqiq şərh olunmur. Belə ki, sabiq baş nazir Pənah Hüseynin Xankəndində ermənilərin Ayaz Mütəllibovun üzərinə hücum etməsini və Xalq Cəbhəsinin üzvləri Arif Hacılı ilə Fəhmin Hacıyevin yardımı sayəsində Mütəllibovu ermənilərin döyməsindən xilas etməsini sabiq müdafiə naziri Rəhim Qazıyev qəbul etməyib.

Sabiq müdafiə naziri Mütəllibova qarşı Xankəndində heç bir sui-qəsdin baş vermədiyi deyib. Amma yaxınları tərəfindən bu hadisə Ayaz Mütəllibova qarşı sui-qəsd hadisəsi kimi xarakterizə edilir. 

Digər sui-qəsd Ayaz Mütəllibovun ailə üzvlərinə qarşı baş verib. Amma bu sui-qəsdin də hədəfi Mütəllibov olub. Qara maskalı 3-4 nəfər  Mütəllibovun oğlunun evinə hücum edib. Hətta bu təxribatı törədənlərin kimliyi eks-prezidentə məlum olub.

Ayaz Mütəllibovun nəvəsini ortadan götürmək istəyiblər. Maraqlıdır ki, təxribatın üstü açılarkən sabiq daxili işlər naziri İsgəndər Həmidov belə bir təxribatın mümkün ola biləcəyinə etiraz bildirib. Guya, prezidentin ailəsi sadəcə olaraq, mühafizə olunub. Görünür, təxribatı törədənlərin məqsədi “Baxın Ayaz Mütəllibov, sizin etdiklərinizə qarşılıq olaraq, nəvəniz qurban getməlidir” olub. 

Azərbaycandakı məlum hadisələrdən sonra Ayaz Mütəllibov ailəsi ilə birgə Moskvada yaşamalı olub. Moskvada rahat və təhlükəsiz şəraitdə yaşamaq asan keçməyib. Ayaz Mütəllibov Moskvaya sıradan biri kimi “təşrif” buyurmamışdı. 1990-cı illərdə Moskvada partlayışlar, sui-qəsdlər törətmək adi məsələ idi. 

Moskvada məskunlaşana qədər Ayaz Mütəllibova qarşı sui-qəsdlər olub.

Moskvada xanımı ilə birgə yaşayan Ayaz Mütəllibovun bir nəfər də cangüdəni olmayıb. 1992-ci ildən 1999-cu ilə kimi Moskvada sənədsiz yaşayan və heç bir statusu olmayan Mütəllibov  görünür ölümü gözə aldığından, sui-qəsd və təxribatların olacağı barədə heç vaxt fikirləşməyib.  

Ayaz Mütəllibova qarşı sui-qəsd və təxribat xarakterli hadisələrin olacağı öncədən proqnozlaşdırılıb. Qeyri-rəsmi şəxslər Ayaz Mütəllibova ehtiyatlı olmağı və bəlli olmayan qüvvələr tərəfindən öldürülmə ehtimalının daim mümkünlüyünü xatırladıblar.

1992-ci ilin noyabrında Ayaz Mütəllibov Moskvada prokurorluq orqanları tərəfindən axtarışa verilib. Hətta Ayaz Mütəllibovu sovet posportu ilə saxlayıblar. O, Rusiya telekanallarında da axtarışa verilib. 

Ayaz Mütəllibova qarşı sui-qəsd və təxribatlar qeyri-millətlərin nümayəndələri tərəfindən də  təşkil olunub. Ayaz Mütəllibov Xankəndində erməni, Moskvada isə rus təxribatına məruz qalıb. Eks-prezidentin özü Modern.az-a bu deyilənləri nə təsdiq, nə təkzib edib.

 Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi