Modern.az

700 bal toplayan abituriyentlər Modern.az-a danışdılar - ÖZƏL

700 bal toplayan abituriyentlər Modern.az-a danışdılar - ÖZƏL

16 İyul 2014, 10:14


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 12-də I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb. I qrupdan 5 nəfər, IV qrupdan 2 nəfər 700 bal toplayıb. Modern.az 700 bal toplayan abituriyentlərlə əlaqə saxlayıb.

I qrupa imtahan verən Nəbizadə Fatimeyi Zəhra, “Dəyanət” türk liseyini bitirib, həmçinin 3 il “Araz kursları”nda oxuyub: “Sınaqlarda 700 bal toplaya bilmirdim. Amma 3 ildir qarşıma məqsəd qoymuşdum ki, 700 bal toplayacağam. İmtahan çətin olmadı. Hansı universiteti seçəcəyimə hələ qərar verməmişəm. Amma ixtisasım mexanika müəllimliyi olacaq. Xaricdə oxumağı düşünürəm,  valideynlərimdən cavab gözləyirəm”

I qrupa imtahan verən Eltun İbrahimov Bakı şəhərində müəllim yanına fərdi hazırlığa gedib. “Bir ildir hazırlaşırdım. Sınaqlarda  700 bal toplamamışam, amma bu nəticəni gözləyirdim. İxtisas seçimində yalnız Bakı Ali Neft Məktəbini qeyd edəcəyəm”.  

700 bal toplamış abituriyent Nurlan Quluzadə (Bakı şəhəri, I qrup) : “Əvvəlcə 7 nömrəli məktəbdə, sonra “Zəkalar” liseyində oxumuşam. 10-cu sinifdə sınaq imtahanlarında 650-dan yuxarı nəticə göstərdim. Bu il də sınaqlarda 674-684 bal yığdım. Hansı ixtisası seçəcəyi ilə bağlı hələ dəqiq fikrim yoxdur. Ümumiyyətlə, xaricdə təhsil almağı düşünürəm”.

Nicat Qasımov (Ağsu rayonu, IV qrup): “Rayonun 1 nömrəli məktəbi bitirmişəm. Müəllim yanlarına hazırlıqlara getmişəm. Amma ən çox məktəbdə hazırlaşmışam. Mən də daxil olmaqla hamı belə bal toplayacağımı gözləyirdi. Amma əvvəl bir az həyəcan var idi ki, yığa bilmərəm, ancaq gözləyirdim. TQDK-nın sınaq imtahanlarında 670-680 bal toplayırdım. Araz kurslarının sınaqlarında da yüksək bal yığırdım. Amma sınaqlarda 700 bal yığdığım olmayıb. Azərbaycanda müalicə işi fakültəsində təhsil almaq istəyirəm. Eyni zamanda xaricdə təhsilimi davam etdirmək istəyirəm”.

700 bal toplayanlardan biri də IV qrupa imtahan verən Ağdam rayon sakini İlkin Məmmədzadədir: “Ağdamda orta məktəbi bitirmişəm. Abituriyent kimi 3 il idi hazırlaşırdım. Sınaqlarda yaxşı bal toplayırdım. Özümə güvənirdim. Çox çalışırdım. İxtisas seçiminə gəldikdə, Tibb Universitetinin müalicə fakültəsini seçəcəyəm”.

I qrupdan 700 bal toplayan  Dədə Qorqud Özəl Türk Liseyinin məzunu Məmməd Hacılı: “ Dədə Qorqud Özəl Türk Liseyini bitirmişəm. İki  ildir abituriyent kimi hazırlaşıram. Sınaqlarda 680-700 bal toplayırdım.  Belə bir nəticəni gözləyirdim. İxtisas seçimində Bakı Ali Neft Məktəbi və yaxud da  Qafqaz Universitetini yazmağı düşünürəm”.

Bakıda Araz kursunun məzunu I qrupa imtahan verən Qurbanlı Könül: “İki ildir "Araz kurslar"ında universitetə hazırlaşıram. Sonuncu sınaq imtahanında 690 bal topladım.  Qəbul imtahanı mənim üçün asan oldu. İxtisas seçimində Azərbaycan Diplomatik Akedemiyasını  və yaxud Bakı Ali Neft Məktəbini qeyd edəcəm.  ADA ilə gedib tanış olmuşam, seçimimdə Bakı Ali Neft Məktəbi də var”


Məltəm Talıbzadə

Misranə Həsənzadə


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi