Modern.az

“Əvvəllər saytımızda Facebook bağlı idi” – Xəbər saytlarında əməkdaşlara sosial şəbəkədən istifadə yasağı varmı?

“Əvvəllər saytımızda Facebook bağlı idi” – Xəbər saytlarında əməkdaşlara sosial şəbəkədən istifadə yasağı varmı?

19 Avqust 2014, 12:34


Sosial şəbəkələrin gündəlik yaşamın bir parçası halına gəldiyini çətin ki kimsə dansın. Vaxtımızın çox hissəsini ayırdığımız bu virtual aləmdən evdə, küçədə, gəzintidə, işdə belə ayrılmırıq. Hətta bəzən işimizə yardımçı da olur. Modern.az informasiya saytları və qəzet rəhbərləri arasında sorğu keçirib. İş saatları çərçivəsində sosial şəbəkədən istifadəyə icazə verirsiniz? Düşünmürsünüz ki, müxbirlərin başı sosial şəbəkədə qarışar və işlərini ikinci plana atarlar?

 Aznews.az saytının baş redaktoru Elçin Zahiroğlu: “Ümumiyyətlə, “Aznews.az” da qadağa yoxdur. Sosial şəbəkədən də hamı istifadə edir, özü də aktiv istifadəçilərdir. Ən azı ona görə ki, indi sosial şəbəkə əlavə informasiya almaq mənbəyinə çevrilib. Ona görə də istifadə məhdudiyyəti qoymaq işin ziyanına olar. Məsuliyyətli işçi üçün qadağa lazım deyil. Hərə öz işinin məsuliyyətini dərk edirsə, bilir ki, haradan nə qədər istifadə etmək lazımdır”.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev: “Sosial şəbəkələrdən istifadəyə icazə verirəm. Sadəcə nəzarət edirəm. Bəzən istinadlarımızı oradan götürməyə məcbur oluruq. Ona görə də sosial şəbəkələrin istifadəsi artıq bu işin tərkib hissəsidir”.

 “Qafqazinfo” saytının baş direktoru Elbrus Ərud: “Sosial şəbəkələrdən istifadəyə heç bir məhdudiyyət yoxdur. Əməkdaşlar sui-istifadə etmədiyinə görə qadağa haqqında düşünməmişəm. Əməkdaşlar uşaqlar sosial şəbəkədə artıq işlə məşğul olmağa vaxt tapmırlar. Əgər belə bir şey olsa, əlbəttə pis baxaram. Arada bir kimsə nəsə paylaşa, ya status yaza bilər. Bu da normaldır. Gestapo rejimi deyil axı, bura mətbuatdır. Gərək jurnalist işini çırtma çala-çala görsün”.  

“Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov: “O mənada tam azadlıqdır. Çox nadir hallarda olur ki, bəzən hansısa təcili iş olur, onda kiçik iradlar olur ki, sosial şəbəkədən ayrıl, işini tamamla. Amma bu daimi deyil. Bir qayda olaraq hamısı işin gedişində də sərbəst şəkildə sosial şəbəkədən istifadə edirlər. Heç bir maneçilik yoxdur. Bunu özləri təsdiqləsələr daha yaxşı olar. Amma redaktor kimi deyirəm ki, heç bir problem yoxdur”.  

 Aktual.az saytının rəhbəri Anar Yusifoğlu: “İcazə verirəm. Sosial şəbəkədə hər kəsin şəxsi səhifəsi var və o istifadə edə bilər. İşi mane olan hallarda artıq bunu bilirik. Jurnalist işinə məsuliyyətlə yanaşmalıdır. Sosial şəbəkələrə vaxt ayırmaq işə mane olmamalıdır. Həm də sosial şəbəkələrdə xəbər də toplanır. Bizim işçilər məsuliyyətlidir. Ona görə heç bir problem yoxdur. Ümumiyyətlə, jurnalistlərə qadağa doğru deyil. Həm də qadağalar həmişə maraq oyadır.”  

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Təbii ki, sosial şəbəkələrdən istifadəyə icazə verirəm. Sosial şəbəkələrdən istifadənin bizim işimizə müsbət təsir göstərdiyi də olur. İstənilən insanı bəzən facebook-da tapıb cavab almaq olur. Gündəmi tutmaq, ölkədəki vəziyyəti bilmək üçün sosial şəbəkələrdən istifadə mütləqdir. Bizdə hüdudsuz istifadə yoxdur. Bu təbii ki, jurnalistin özünün məsuliyyətindən asılı bir məsələdir. Bu gün sosial şəbəkələrsiz ölkənin real durumunu müəyyən etmək mümkünsüzdür”.  

Hafta.az saytının redaktoru Səbinə Əvəzqızı: “Təbii ki, sosial şəbəkədən istifadəyə icazə verirəm. Uşaqlar balaca deyillər, 22-23 yaşındadırlar, iş yeri də türmə deyil ki. Ağılları başlarında olan uşaqlardılar və sosial şəbəkələrdən bir çox informasiyaları alırlar, daha tez əldə edirlər. Bundan əlavə təbii özüm istəyirəm nisbətən nəzarət saxlayım ki, işdən çox yayınmasınlar. Əgər təsadüfən işlərinə ciddi mane olsa, hansısa dəyişiklik, ya xəbərdarlıq etmək olar. Bir-iki dəfə ümumi xəbərdarlıqlar olubdu. Ancaq ciddi hansısa qadağalara keçmək barədə heç vaxt düşünmürəm və düşünənləri də düzgün hesab etmirəm. Mən bir neçə il qabaq işlədiyim bir şirkətdə (mətbuat orqanında) nəinki sosial şəbəkələrə, bəzi saytlara girməyə icazə yox idi. Onu heç doğru hesab etmədim və orada uzun müddət qala bilmədim”. 

Lent.az saytının baş direktoru Qabil Abbasoğlu: “Sosial şəbəkələrdən istifadəyə qadağa yoxdur. Kollektivimizi, ümumiyyətlə, ciddi jurnalistikada çalışan insanları vicdanlı adamlar hesab edirəm. Ona görə də onların vicdanına güvənirəm, amma nəzarət də öz yerindədir. Lent.az saytında sosial şəbəkələr heç vaxt qadağan olunmayıb. Sadəcə, şirkətdə orada vaxt itirmək, işə zərər vermək və s. barədə xəbərdarlıq olunub. Bir neçə il əvvəl saytımızda sosial şəbəkə bağlanmışdı. O da texniki bir məsələ idi”.  

Kulis.az saytının baş redaktoru Qan Turalı: “Təkcə, bizdə yox, APA Holdingə daxil olan bütün saytlarda sosial şəbəkənin istifadəsi qadağan deyil. Düzdür, belə qadağanı Azərbaycan da, xaricdə də bəzi mətbu orqanlar tətbiq edirlər. Şəxsən mən baş redaktor kimi hesab edirəm ki, jurnalist ona verilən tapşırığı yerinə yetirməlidir. Tapşırığı yerinə yetirəndən sonra istəyər facebook-da danışar, onun elə bir problemi yoxdur. Yaxşı jurnalist facebook açıq olsa da, işləyəcək. Pis jurnalist isə lap facebook açıq olmasın, gedib başqa yerdə avaralanacaq”.

Gün.az saytının təsisçisi və baş redaktoru Emil Quliyev: “İşçilərə sosial şəbəkələrdən istifadəyə icazə veririk. Çünki qəti əminəm ki, qadağaların işin effektivliyinə heç bir pozitiv təsiri yoxdur. Əksinə, qadağalar işə neqativ təsir göstərir, kollektivdə neqativ əhval-ruhiyyə yaradır. Digər tərəfdən də, texnologiyalar elə inkişaf edib ki, kompyuterdən sosial şəbəkələrə giriş qadağan edilsə də, hər bir kəs telefondan bunu edə bilər”.  

Mediaforum.az saytının baş redaktorunun müavini Hikmət Sabiroğlu: “Bizdə sosial şəbəkələrdən istifadə olunur. Heç vaxt qadağan etməmişik. Qadağan etməyin mənası da yoxdur. Həm də bəzən jurnalistlər facebook-dan informasiya mənbəyi kimi də istifadə edirlər. Facebook vasitəsilə müsahibə götürür, açıqlamalar alırlar.  

Misranə Həsənzadə
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ