Modern.az

Brejnevə 16 dəfə atəş açan zabit - MARAQLI+FOTOLAR

Brejnevə 16 dəfə atəş açan zabit - MARAQLI+FOTOLAR

Ölkə

12 Oktyabr 2014, 22:24

Bu hadisə1969-ci ildə baş verib. Bəlkə də həmin dövrdə heç kimin ağlına belə, gəlməzdi ki, kimsə ölkənin birinci şəxsinə, Baş katibə atəş açacaq, dayanmadan 16 gülləni Brejnevin avtomobil karvanına tuş edəcək.

Modern.az saytı tarixi vərələyərək, bu müdhiş hadisəni xatırladır.

1969-ci ilin yanvarında SSRİ-nin “Soyuz 4” və “Soyuz 5” kosmik raketləri tarixdə ilk dəfə kosmosda birləşib. Bu böyük nailiyyətlə bağlı keçiriləcək tədbirlərdə kosmonavtları “Vnukovo” aeroportunda Leonid İliç Brejnevin şəxsən qarşılaması, daha sonra isə Kremldə dövlət mükafatları ilə təltifolunma mərasimi planlaşdırılıb. Tədbirin keçirilməsi yanvarın 21-də nəzərdə tutulub. Ancaq bu tarix Vladimir İliç Leninin vəfatı günü olduğundan sonradan yanvarın 22-ə keçirilib. Və təbii ki, kosmonavtları Kreml qarşısında alqışlamaq arzusunda olan paytaxt sakinlərini mətbuat vasitəsi ilə bu haqda məlumatlandırıblar.

Brejnevə sui-qəsd edəcək şəxs isə bu haqda gec məlumat əldə edib. Ancaq bu gecikmə onun xeyrinə olub.

Viktor İlyin 1947-ci ildə Leninqradda anadan olub. Valideynlərinin hər ikisində xroniki alkoqolizm xəstəliyi olduğundan o körpəliyindən uşaq evinə verilib. Qısa bir müddət burda qaldıqdan sonra Viktoru övladı olmayan bir qadın övladlığa götürüb. 10 yaşı olanda nənəsi ona övladlığa götürülməsini söyləyib. Bu xəbər Viktor İlyini sarsıdıb və həmin gündən onda özünəqapalılıq yaranıb. Viktor topoqrafiya texnikumunu bitirdikdən sonra Leninqrad vilayəti ətrafında ordu sıralarında hərbi xidmətə yollanıb. Təhsil aldığı texnikumda hərbi kafedra olduğundan o xidmətini kişik leytenant rütbəsində zabit kimi başlayıb. Nümunəvi xidməti ilə fərqlənən İlyin həm də qeyri-adilikləri ilə seçilib. O zabit yoldaşlarına Amerika Birləşmiş Ştatlarının prezidenti Con Kennediyə qarşı olan sui-qəsd haqqında tez-tez söhbət açıb və bu söhbətlərin sonunda xüsusilə bir cümləni vurğulayıb:

“Bir atəşlə də tarixə düşmək olar”.

23 yaşlı Viktor İlyin sevdiyi qızla mübahisə edib ayrılanda da müəmmalı bir ifadə işlədib: “Yaxın günlərdə mənim kim olduğumu sən eşidəcəksən”.

Əlbəttə, söylənilən bu fikirlər heç kimdə onun törədəcəyi hadisə haqqında şübhə yaratmayıb. Sadəcə onunla həmsöhbət olanlar bu ifadələri hisslərin, emosiyaların məhsulu kimi qəbul ediblər.

1969-cu ilin yanvarın 20-də Viktor İlyin hərbi hissədə sutkalıq növbəyə daxil olub. Səhərisi gün yanvarın 21-də saat səhər saat 7-8 radələrində hərbi hissənin əsas növbətçisi səhər yeməyinə gedəndə İlyin bu fürsətdən istifadə edərək silah saxlanılan xüsusi otaqdan 2 ədəd “Makarov” tipli tapança və 4 ədəd güllə darağı götürərək hərbi hissəni tərk edib. Artıq 2 saatdan sonra o Leninqrad-Moskva reysi ilə paytaxta uçub. O yalnız Moskavda xəbər tutub ki, kosmonavtlarla bağlı tədbir yanvarın 22-də keçiriləcək. Viktor İlyin həmin gecəni Moskvada yaşayan və vaxtilə Daxili İşlər orqanlarında çalışmış qohumugildə keçirməyi qərara alıb. Gəlişinin səbəbini isə qohumlarına belə izah edib ki, sovet kosmonavtlarının qarşılanma mərasimində iştirak etmək istəyir. Ancaq bu iştirakın hansı məqsəd daşıdığını gizlədib. Səhərisi günü evdən çıxanda qohumundan milis şinelini geyinmək istədiyini xahiş edib və bu istəyi belə əsaslandırıb ki, o milis formasında kosmonavtların avtomobillərinin keçdiyi yola daha yaxın məsafədə dayana bilər. Beləliklə hərbçi İlyin “milis İlyin” kimi Kremlin qarşısına tələsib. Çoxsaylı insanların arasından geydiyi formaya görə birinci sırada özünə yer tuta bilib.

40 ildən sonra Viktor İlyin həmin anlar haqqında xatırladıqlarını və törətdiyi əməli belə bölüşüb:

- Avtomobil karvanı Kremlə yaxınlaşanda meydana toplaşanlar alqışlamağa başladılar. Əvvəlcə birinci avtomobil keçdi. Özlüyümdə dəqiqləşdirmişdim ki, Brejnev birinci avtomobildə ola bilməz. Nəzərdə tutmuşdum ki, ikinci və üçüncü avtomobili hədəf seçmək lazımdır. Düşündüyüm kimi də etdim. Düzdür maşında kimlərin əyləşdiyini görmürdüm. Tapançaların ikisini də çıxarıb hər ikisindən atəş açmağa başladım. 16 atəşdən 9-u ikinci və üçüncü avtomobilləri tutmuşdu. Brejnev isə dördüncü avtomobildə imiş. Bir göz qırpımında karvanı müşayiət edən motosikletçilərdən biri üstümə şığıdı və elə həmin andaca mülki geyimli şəxslər məni qandalladılar. Açdığım atəşdən sürücülərdən biri öldü, bir neçə nəfər isə yaralanmışdı. O cümlədən kosmonavtlardan Bereqovoy və Nikolayev də zədə almışdılar.

Hadisədən heç bir saat keçməmiş Viktor İlyin Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropovun suallarını cavablandırıb.

Bir il davam edən istintaqdan sonra İlyin ruhi xəstə kimi Kazan şəhərində qapalı psixatriya xəstəxanasına göndərilib. O, 18 il cəmisi 5 kv.m-lik palatada tək qalıb. 18 ildən sonra onu Leninqraddakı eyni təyinatlı xəstəxanaya köçürüblər. Nəhayət, 1990-cı ildə SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası onun xəstəxanadan çıxarılması haqqında qərar qəbul edib.

Viktor İlyin məcburi müalicədən azadlığa çıxdıqdan sonra 20 illik əmək haqqını, hələ bununla yanaşı, xəstəliyi ilə bağlı 1-ci qrup əlil olduğuna görə Leninqrad şəhərində 1 otaqlı mənzil almağa da nail olub.

Viktor İlyinin törətdiyi sui-qəsd haqqında ictimaiyyətə geniş məlumat verilməyib. Rəsmi məlumatlarda isə onun kosmonavtlara qarşı sui-qəsd etmək istədiyi göstərilib.



Törədilmiş bu cinayət haqqında bir çox versiyalar irəli sürülüb, bu hadisənin arxasında hansısa qüvvələrin dayandığı da söylənilib. Versiyalardan biri SSRİ DTK-sında Yuri Andropovla Semyon Sviqunun qarşıdurması faktı da səslənib. Ancaq bir çox tarixçilər və siyasətçilər bu versiyaları yanlış qiymətləndirərək, Viktor İlyinin həqiqətən də ruhi xəstə olmasını əsas qəbul ediblər. Viktor İlyin də bu şayiələrin əsasız olduğunu söyləyib:

- Bu haqda yayılan şayələr, bu sui-qəsdin sifarişli olması ilə bağlı səslənən fikirlər hamısı yanlışdır. Bu mənim şəxsi fikrim olub və bu haqda mən heç kimə danışmamışam. Mənə elə gəlirdi ki, Brejnevi öldürsəm, ölkədə hər şey yaxşılığa doğri dəyişəcək. Açığını deyim ki, məqam gözləyirdim. Kosmonavtların məsələsi gündəmə gələndə artıq mənim çox sadə iki bənddən ibarət olan planım hazır idi. Hərbi hissədən silah götürmək və Brejnevi güllələmək. Həmin anlarda ölümüm haqqında belə düşünmürdüm. Düşündüyüm tək o idi ki, məqsədimə nail olum. Bu gün də heç bir peşimançılıq hissi küçirmirəm. Yalnız günahsız sürücünün ölməsində özümü çox narahat və günahkar sayıram.

Hazırda Viktor İlyin Sankt-Peterburq şəhərində yaşayır. 20 illik məcburi müalicədə tənha ömür sürən İlyin hələ də səsli-küylü şəhər həyatına uyğunlaşa bilmir. Bəlkə elə ailə qurmamağının səbəbi də bu olub. Baş katibi öldürüb insanları ağ günə çıxarmaq istəyən bu qeyri-adi killer yenə də insanlara kömək etmək istəyindən vaz keçmir.
Ancaq bu dəfə kimisə öldürməklə yox, aldığı təqaüdlə imkansızlara əl tutmaqla.

İlham Cəmiloğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi