Serj Sərkisyan təxminən bir ay bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla görüşüb.
Modern.az saytının məlumatına görə bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti etibarlı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilib ki, Ermənistan prezidenti Serj Sərkisyanın Robert Köçəryanla görüşündə əsas müzakirə mövzusu 2018-ci ildə keçiriləcək prezident seçkiləri olub.
Serj Sərkisyanın konstitusiya islahatlarından asılı olmayaraq Ermənistanın indiki müdafiə naziri Seyran Ohanyanın prezidentliyə namizəd olacağını dediyi qeyd olunur. Sözügedən nəşr yazıb ki, Robert Köçəryan da Seyran Ohanyanı prezidentliyə ən münasib namizəd kimi dəyərləndirsə də, özünün həmin seçkidə iştirak etməyəcəyinə dair təminat verməyib.
Qəzetin məlumatına görə Robert Köçəryan, “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Çarukyanın onu dəstəkləyəcəyi təqdirdə Ermənistanda keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini bəyan edib.
“Əgər Qaqik Çarukyan başqasını dəstəkləyəcəksə və ya özü prezidentliyə namizəd olacaqsa, o zaman Köçəryan Seyran Ohanyanı dəstəkləyə bilər”,-deyə “Aykakan Jamanak” yazıb.
Aqşin Kərimov