Bəzi mütəxəssislər deyirlər ki, son illər Azərbaycanın dağ çaylarında sululuq səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bu nə ilə əlaqədardır?
Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometereoloji Proqnozlar Birosunun baş hidroloqu Asif Verdiyevlə söhbətləşdik.
Asif Verdiyevin sözlərinə görə, dağ çaylarında sululuq səviyyəsinin ilin müəyyən dövrlərində aşağı düşməsi müşahidə olunur.
“Müəyyən müddət ərzində çaylarda azalma prosesi baş verir. Bu da yağıntıların az düşməsi ilə əlaqədardır. Çaylarda az sululuq dövrü avqust və iyul aylarında olur ki, bu da dediyim kimi, yağıntıların azalması ilə bağlıdır.
2002-ci il Azərbaycan ərazisində ən quraq il kimi tarixə düşüb. Həmin il nəinki, dağ çaylarında, həmçinin Kür, Qanıx, Arazda da suyun səviyyəsi normadan çox aşağı düşmüşdü. Havanın quraq keçməsi həmin çaylarda kəskin su azalmasına gətirib çıxarmışdı.
Bu il isə çaylarda sululuq bir qədər yüksəlib”.
Asif Verdiyev deyib ki, Azərbaycan ərazisində çaylar qeyri-bərabər paylanıb. “Məsələn, Balakən-Qazax, Böyük Qafqaz, Kiçik Qafqaz, Lənkaran-Astara zonasında çayların sululuq səviyyəsi son on gün üçün normaldır. Ancaq Naxçıvan ərazisindəki çaylarda quraqlıq müşahidə olunur. Son dövrlər havaların kəskin isti keçməsi Qusar və Quba rayonlarında çayların səviyyəsini artırıb. Bu daha çox Qusarçayda müşahidə olunur. Bu da onun 8 buzlaqdan qidalanması və bu buzlaqların əriməsindən irəli gəlir”.
Asif Verdiyev bildirb ki, sululuğu azalan və quruyan çaylar yağış suları ilə qidalananlardır. “Bəli elə çaylarda ilin isti dövrlərində suyun səviyyəsi aşağı düşür. Bu əvvələr də müşahidə olunubdu, indi də müşahidə olunur”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş hidroloqu deyir ki, Azərbaycan çaylarında belə bir xüsusiyyət var: ümumən qış dövrü çaylarda az sulu dövrdü. “Həmin dövrdə az sululuq müşahidə olunur. Amma son dövrlər iqlimdə baş verən dəyişiklik nəticəsində qış dövründə çaylarda artım müşahidə olunur. Yayda isə yağıntıların az düşməsi çaylarda suyun səviyyəsinin azalmasına səbəb olur. Ümumi götürəndə, Azərbaycandakı çaylarda sululuğun azalması müşahidə olunur. Amma Kür və digər böyük çaylarda sabitlik var”.
Vüqar Ağamalıoğıu