Milli Məclisin deputatı, “Qarabağın Azərbaycanlı İcması”nın İdarə Heyətinin üzvü Rövşən Rzayev bir müddət öncə Modern.az saytına açıqlamasında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsində sülhə alternativ olmadığını vurğulamışdı.
Deputatın bu açıqlaması cəmiyyətdə birmənalı qarşılanmadı.
Torpaqlarımızın işğaldan azad edilməsində hərbin alternativi olmadığını düşünənlər Rövşən Rzayevin bu fikrinə qarşı çıxdılar.
Saytımıza yenidən açıqlama verən R.Rzayev yenə də fikrində qaldığını qeyd edib: “Təbii ki, mən Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad olunmasını istəyirəm. Və əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə buna nail olacağıq. Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasət suveren, güclü Azərbaycan deməkdir. Dövlətçiliyimizin möhkəmlənməsi deməkdir. Azərbaycanın dünya çapında tanınması deməkdir. Ancaq bu, o demək deyil ki, Azərbaycan müharibə tərəfdarıdır. Bəli, bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Onu da bilmək lazımdır ki, bizim ordumuzun güclənməsi ölkəmizin müdafiəsinə, suverenliyinə xidmət edir. Bu, mühribə üçün deyil. Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Artıq Azərbaycanın istehsal etdiyi silahlar dünya səviyyəsində sərgilənir. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar Azərbaycanın özünü müdafiəsi üçündür. Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Bundan sonra da olmayacaq. Azərbaycanın bütün ölkələrələ dostluq, müttəfiqlik siyasəti aparır. Ancaq neyləyək ki, Ermənista bizim torpaqlarımızı işğal edib, bizə düşmənçilik edir”.
Deputat deyib ki, hazırda Azərbaycanın torpaqları Ermənistanın işğalı altındadır: “Şübhə etmirik ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Biz bu məsələdə sülhün alternativini görmürük. Ancaq seperatçılar torpaqlarımızı boşaltmaslar, Azərbaycan antiterror əməliyyatı həyata keçirməklə öz ərazilərini separatçılardan təmizləmək məcburiyyətində qalacaq. Bu, antiterror əməliyyatıdır, müharibə deyil. Biz hansısa dövlətə qarşı heç vaxt müharibə etməyəcəyik. Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bütün beynəlxalq hüquq Azərbaycana imkanı verir ki, öz ərazi bütövlüyünü bərpa etsin. Təbii ki, güclü Azərbaycan dövləti beynəlxalq hüququn verdiyi imkanlardan istifadə etmək hüququnu özündə saxlayır”.
Millət vəkili sonda qeyd edib ki, hazırda dünya, super dövlətlər terroçulara qarşı birgə mübarizə aparır: "Həmin terrorçuların bir qismi də Qarabağda gizlənirlər. Hesab edirəm ki, bu məsələ dünyanın diqqətindədir".
Modern.az