“O mənim 87-ci anamdır. DNT analizi versin, əgər anamdırsa, əlbəttə sevinərəm”. Bunu Modern.az-a açıqlamasında xalq artisti Arif Quliyev ATV-nin “Səni axtarıram” verilişinə çıxaraq onun anası olduğunu iddia edən 85 yaşlı qadınla bağlı danışarkən deyib.
Aktyor bildirib ki, qadına analiz verməsi üçün təkid ediblər: “Mən də, Xoşqədəm xanım da təkid etdik ki, analiz versin. Qadın “venamdan ömürboyu qan verməmişəm” deyir. Bildirdik ki, heç olmsa sidik və nəcis analizi versin. Ona da razı deyil.
Dedi “ac-susuzam”. Xoşqədəm xanım da dedi ki, get evə, ye-iç, gəl analiz ver. Qadın deyir “məndə qəbzlik var”. Qan vermir, sidik, nəcis analizi vermir, başından tük götürmək istədilər, onu da vermədi. Burun toxumcuqlarından maye götürmək istədilər, onu da vermir. Analiz vermək istəmir. Axı mən ona necə inana bilərəm ki... İndiyə kimi o qədər anam, bacım, qardaşım tapılıb...”.
Arif Quliyevin sözlərinə görə, o, uşaq evinə qoyularkən ortada ünvan olmayıb: “Məni Bakıya gətiriblər, burdan Ordubada aparıblar... Bu yaxında Xızıdan bacım tapılıb, Şirvanda “bacım” var, təmizlik işinə baxır, Lənkəranda bir “bacım” süd zavodunda işləyir, Biləsuvarda “anam” var, Sabirabaddan “atam” tapılıb.. . Bu siyahını uzada da bilərəm. Bu qadın da onlardan biridir...”.
“Qadını ananız kimi qəbul edəcəksinizmi” sualına cavab olaraq aktyor bu həftə “Səni axtarıram”a baxmağı məsləhət görüb.
ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı proqramın fevralın 8-də efirə gedən buraxılışında tanınmış aktyor, xalq artisti Arif Quliyevin anasının tapıldığı barədə xəbər verib. Bir neçə verilişdir xalq artistlərindən birinin anasının tapıldığını anons edən teleaparıcı, nəhayət fevralın 8-də həmin şəxsin kimliyinə aydınlıq gətirib. Xoşqədəm Hidayətqızı verilişə dəvət etdiyi 85 yaşlı bir qadının oğlunu axtardığını söyləyəndən sonra, axtarılan şəxsin xalq artisti Arif Quliyev olduğunu bildirib və onu da studiyaya çağırıb. Lakin Arif Quliyev studiyaya daxil olanda aparıcı tamaşaçılar intizarda qalsın deyə, verilişi yekunlaşdırıb ki, növbəti həftəki buraxılışı gözləyənlər çoxalsın.
Modern.az-ın məlumatına görə, 1950-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş Arif Əli oğlu Quliyev yetimxanada böyüyüb.
Xalq artisti deyib ki, hələ 2 yaşı olarkən qara çarşablı bir qadının onu Mərdəkandakı 17 nömrəli uşaq evinin qabağında qoyub çıxıb getməsini yaxşı xatırlayır: "O qadın məni atıb gedəndən sonra oranın müəllimləri məni götürüb içəri apardılar. O qadının sözü hələ də yadımdadır. Mənə dedi ki, “peçenye alıb gəlirəm”. Getdi, amma gəlmədi. O qadın, o sözlər hələ də beynimdə qalıb. Qara çarşablı, hündür bir qadın idi. Getdi və ondan sonra mən nə qohum gördüm, nə də valideyn".
Sonradan Əli-Bayramlı (indiki Şirvan) şəhərindəki Uşaq Evinə göndərilən Arif Quliyevə soyadı (Quliyev) və ata adı (Əli) da orada verilib.
Müəllimlərinin məsləhəti ilə Bakı Mədəni Maarif Texnikumuna daxil olan Arif Quliyev buranı bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrında fəaliyyətə başlayıb. Daha sonra Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.
Arif Quliyevin Azərbaycan teatrı və kinosunda müxtəlif maraqlı rollar oynayıb.
Gülşən RAUFQIZI