Modern.az

Türkiyənin Azərbaycandakı səfiri: "Türkiyə-Azərbaycan sözdə deyil, özdə strateji əməkdaşdır" - MÜSAHİBƏ

Türkiyənin Azərbaycandakı səfiri: "Türkiyə-Azərbaycan sözdə deyil, özdə strateji əməkdaşdır" - MÜSAHİBƏ

10 Fevral 2015, 10:59

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:

- Türkiyənin Azərbaycandakı rəsmi nümayəndəsisiniz. İstərdik elə ilk olaraq Türkiyə-Azərbaycan iqtisadi əlaqələrindən danışasınız. Azərbaycanda çoxlu sayda türkiyəli iş adamı biznes fəaliyyəti ilə məşğuldur. Bu, iki ölkə arasındakı iqtisadi münasibətləri gələcəkdə hansı səviyyəyə qaldıra bilər?

- Türkiyə ilə Azərbaycan arassında həm enerji, həm nəqliyyat, həm də digər sahələrdəki iqtisadi əlaqələri yaxşı inkişaf edir və bu, iki ölkə arasındakı iqtisadi münasibətləri daha da dərinləşdirir. Azərbaycan Türkiyənin güc aldığı müttəfiq səviyyəsinə gəlib çıxıb. Bütün bunlar Azərbaycanın mövcud potensiallarını Türkiyənin imkanları ilə birləşdirməyə şərait yaradır.
Üçüncü ölkələrdə Türkiyə ilə Azərbaycan iş adamlarının birlikdə fəaliyyət göstərmələri, kapital yatırmaları üçün strateji əhəmiyyətli hədəflər ortaya qoyuruq. Türkiyənin və Azərbaycanın daxilindəki resursların birləşdirilərək, bir araya gətirməyi və bununla daha böyük nəticələr
əldə etməyi qarşımıza məqsəd qoymuşuq.
Bütün bunlarla həm Türkiyə, həm də Azərbaycana, dolayısı ilə ortaq millətimizə xeyir vermək üçün çalışırıq. Biz bunların daha geniş təsir dairəsi olacağını bilib hərəkət edirik. Azərbaycan və Türkiyə son dərəcə strateji düşüncə ətrafında, birlikdə addımlar atır.

- Azərbaycandakı türk biznesmenlərin problemləri də olmamış deyil. Bu problemlər konkret nədən ibarətdir?

- Təbii ki, problemlər var. Əlaqələrin sıx olduğu hər sahədə bu cür problemlərin olması təbii haldır. Amma bu, bizim Azərbaycana qarşı hər hansı tənqidimizin olması anlamına gəlməməlidir. Fevralın 5-də Türkiyənin iqtisadiyyat naziri, cənab Nihad Zeybekçi Azərbaycana səfəri çərçivəsində türk iş adamları ilə görüşdü. Türkiyəli iş adamları burdakı problemləri ilə yanaşı, Türkiyədə qarşılaşdıqları çətinlikləri nazirə bildirdilər. Yəni bir iş adamının baxış bucağından yanaşsaq, deyə bilərik ki, fəaliyyət göstərdikləri ölkələrin hüquq və vergi sisteminin, kapital qoyuluşu şəraitinin sağlam zəmində olması önəmlidir. Bunu, normal qarşılamaq lazımdır.
Biznesmenlər bu sahələrdə hər hansı xoşagəlməz sürprizlərlə qarşılaşmaq istəmir. Çünki sürpriz olmayanda, onlar fəaliyyət göstərdiyi ortamın maliyyə şərtlərini dəyərləndirər və özünə müəyyən riskə girməyi uyğun görər.
Eyni şeyi Türkiyədəki azərbaycanlı iş adamlarına da aid etmək olar. Onlar da daha yaxşı şərtlər altında işləmək istəyirlər. Azərbaycan şirkətlərinin, iş adamlarının Türkiyədə müxtəlif sahələrdə kapital qoymalarını gözləmək mümkündür. Çünki, Türkiyə böyüyən, sabit bir bazardır.

- Dünya bazarlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşmaqda davam edir. Azərbaycanın isə dövlət büdcəsi əsasən, neft gəlirlərindən asılıdır. “Qara qızıl”ın qiymətinin düşməsindən sonra türkiyəli iş adamlarının Azərbaycanı tərk etməsi halları olubmu?

- İş adamları iqtisadi perspektivi dəyərləndirərək hərəkət edir, bunu normal qarşılamaq lazımdır. Lakin Azərbaycan bu məsələdə türk iş adamlarının qəlbində fərqli yer tutur.

Azərbaycan enerji, sənaye, kənd təsərrüfatı sahəsində əlindəki böyük imkanları uzun müddət üçün istifadə etmək axtarışındadır. Türkiyə olaraq, bizim buna çox böyük ümidlərimiz var. Bu səbəbdəndir ki, neftin qiymətinin düşməsinə rəğmən, biz Türkiyədən Azərbaycana daha çox kapital qoyulmasını istəyirik və bunun gələcəyinə inanırıq.

Azərbaycanın yeri son dərəcə stratejidir. Bu, praktik addımlarla daha da inkişaf edəcək. Azərbaycanın iqtisadi və siyasi inkişaf tempi artan xətt üzrə inkişaf edir. Sərmayəçilərin isə bu uzunmüddətli gerçəkləri diqqətə almaları lazımdır. Neftin qiyməti bu günlərdə aşağı düşsə də, bu, Azərbaycanın orta və uzun müddətli iqtisadi perspektivinə elə də ziyan vurmayacaq. Bu baxımdan, iş adamları uzunmüddətli gələcəyi nəzərə almalıdır.

- İki qardaş ölkə arasındakı əlaqələr yaxşı olsa da, viza rejimi ilə bağlı problemlər hələ də həll edilməyib. Viza ilə bağlı problemlərin həll edilməsini gözləyirsinizmi?

- Türkiyə ilə Azərbaycanın əlaqələrini dəyərləndirərkən, ürəkdə deyirəm ki, heç zaman “problem” kəlməsindən istifadə etmirəm. Bizim aramızda problem olmaz. Çünki Türkiyə də, Azərbaycan da eyni hədəfə doğru irəliləyir. Eyni hədəfə gedərkən istifadə edilən metodlar isə fərqli ola bilər. Bu fərqləri müzakirəyə çıxarıb, həll etmək istəyirik. Təbii ki, Türkiyə vətəndaşları Azərbaycana gələrkən vizadan asılı olmaması gözləntiləri var və bunu təbii qarşılamaq lazımdır.

Viza rejiminin sadələşdirilməsi üçün mexanizm yaradılması zəruridir. Bu isə üç-beş günün işi deyil. Biz viza məsələsini Azərbaycanla Türkiyə arasındakı problem kimi şərh etməməliyik. Lakin, Türkiyə tərəfinin səmimi bir ümidləri də var.

- Türkiyə-Azərbaycan iqtisadi əlaqələrindən söz açdınız, amma iki dövlət arasında siyasi münasibətlər də artıq bir model kimi nümunə sayıla bilər. Bu siyasi əməkdaşlıq Bakı ilə Ankara arasında strateji səviyyəyə qalxır. Türkiyə ilə Azərbaycanın strateji əməkdaşlıq səviyyəsindəki münasibətləri region üçün hansı perspektiv vəd edir?

- Hər il Türkiyə və Azərbaycan prezidentləri səviyyəsində iki ölkənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasları keçirilir. Bu iclaslarda hər iki ölkənin müxtəlif sektorlarda əməkdaşlıq imkanları müzakirə edilir.

Qeyri-sabitliyin, problemlərin olduğu böyük bir coğrafiyada Azərbaycan və Türkiyə sabitlik adasıdır. Ölkələrimizin iqtisadi və siyasi inkişafı daha da yüksəlir ki, bu da ətraf ölkələrə nümunədir. İki qardaş ölkə formalaşdırdığı potensialı da bir araya gətirir və bununla daha da böyük təsir dairəsinə sahib olmaq istəyirik. Beynəlxalq aləmdə Türkiyə və Azərbaycan birlikdə addımlar ataraq strateji əməkdaşlıqları ilə dünyadakı proseslərə də bir qatqı qatmaq istəyir.

Azərbaycan və Türkiyə qədim adət-ənənələrinə uyğun olaraq, eyni zamanda həm tolerantlıq anlayışının təbliği, həm də İslamofobiyaya qarşı mübarizə sahəsində sıx əməkdaşlıq halındadırlar.

- Türkiyə və Almaniya ATƏT-in Minsk qrupunun üzvüdür. Minsk qrupunun həmsədr dövlətləri isə bu vaxta qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərinə düşən vasitəçilik missiyasını effektiv şəkildə yerinə yetirə bilmir. Buna görə də Minsk qrupu formatının dəyişdirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və Türkiyə ilə Almaniyanın həmsədr olması təklif edilir. Nə düşünürsünüz, Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri ola bilərmi?

- Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə həll edilməsi bizim üçün önəmlidir. Bunu, yəni ərazi bütövlüyü məsələsini Azərbaycanın istədiyi formada hansı ölkə həll edə bilərsə, biz bunu ayaqda alqışlayarıq.

Dediyiniz kimi, Türkiyə Minsk qrupunun üzvüdür. Məqsədimiz isə Minsk qrupu üzvü olaraq Dağlıq Qarabağ probleminin həlli prosesində aktiv şəkildə iştirak etməkdir. Türkiyənin Minsk qrupu həmsədrləri ilə yaxın əlaqələri var. Türkiyə Minsk qrupunun aktiv olmasını istəyir. Yanlış anlaşılmasın, bizim bütün dərdimiz Minsk qrupunu tənqid etməkdən ibarət deyil. Amma Türkiyə olaraq Minsk qrupu və onun həmsədrlərindən çox böyük gözləntilərimiz var. Buna bizim haqqımız var. Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyəni maraqlandıran bir məsələdir. Türkiyə bu coğrafiyanın ölkəsi olaraq Qarabağ konfliktin həll edilməsi məsələsində ortaya çıxmaq haqqını özündə görür. Çünki region ölkələrindən biri olaraq bu problem bizə də təsir edir. Həmsədrlik məsələsinə gəlincə, onu deyə bilərəm ki, bu, rəsmi səviyyədə müzakirə obyekti deyil. Mənim fikrimcə, onsuz də simalar o qədər də önəmli deyil. Əsas məsələ odur ki, Türkiyə Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normalarına uyğun həllini istəyir. Bunu reallaşdırmaq üçün, Azərbaycan ilə koordinasiya və əməkdaşlıq halında hər cür addım atmağa hazırıq. Bu məsələdə doğru istiqamətdə irəliləyişin olması Ermənistanın da maraqlarına uyğundur.

Çünki mövcud şərtlərdə Ermənistan regiondakı əməkdaşlıq proseslərindən faydalana bilmir. Bu isə erməni xalqını bu önəmli potensialdan məhrum edir. Halbuki, Ermənistan iqtidarı işğala son verib, regionda vəziyyətin normallaşması istiqamətində lazımi addımları atsa, əməkdaşlıq proseslərinə daxil olması və bu geniş coğrafiyanın gələcəyinin formalaşdırılmasında töhfə verməsi mümkün olacaqdır. Azərbaycan tərəfinin verdiyi bəyanatlar da bu həqiqətə işarət edir.

- Türkiyə ilə Rusiyanın iqtisadi və siyasi əməkdaşlığı ildən-ilə yaxşılaşır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Bu mənada, Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı qatqı verə bilər?

- Biz Rusiya ilə regional və beynəlxalq məsələlərin həllində birgə hərəkət edərək, proseslərə müsbət təsir edə biləcəyimizi düşünürük. Mən diplomat olaraq ilk fəaliyyətə Moskvada başladım. 1992-ci ildə diplomatik fəaliyyətə başlamaq üçün Moskvaya getmişdim.

Elə həmin ildə Türkiyə ilə Rusiya ilə arasındakı diplomatik əlaqələri qurulmasının 500-cü ildönümü tədbirini keçirdik. Qısacası, Rusiya ilə əsrləri əhatə edən tarixi keçmişi olan münasibətimiz var. İndiki zamanda da Rusiya Türkiyə üçün hər baxımdan böyük əhəmiyyət kəsb edən və əlaqələrimizi daha da inkişaf etdirmək istədiyimiz ölkədir.
Rusiya ilə bəzi məsələlərdə anlaşmadığımız məqamlar da var ki, bunlardan biri Ukrayna böhranı, xüsusilə Krımın işğalı ilə bağlıdır. Buna rəğmən Rusiya ilə əlaqələri inkişaf etdirmək niyyətindəyik. Rusiya təbiəti etibarı ilə göz ardı edilə biləcək bir ölkə deyil. Biz bölgə məsələlərində Rusiya ilə intensiv şəkildə müzakirələr aparırıq. Dağlıq Qarabağ münaqişəsinin həlli isə Rusiya ilə həyata keçirdiyimiz müşavirələrdə bizim üçün prioritet məsələdir. Bu, Türkiyə və Rusiyanın əsas müzakirə obyektidir. Bu yöndə Rusiya ilə yaxın təmaslarımız davam edəcək.

- Bu il qondarma erməni soyqırımının 100 illik tədbiri keçiriləcək. Azərbaycanla Türkiyə uydurma erməni soyqırımı ilə bağlı gözlənilən erməni təxribatlarına qarşı konkret olaraq hansı addımlar atmalıdır ki, biz dünya ictimaiyyətinin nəzərində daha da haqlı görünək.

- Məsələ 1915 hadisələri ilə bağlı erməni iddiaları haqqında gerçəkləri anlatmaqdır. Dünya bu gerçəkləri anlayacaqsa, kimin haqlı, kimin haqsız olduğuna dair düzgün mühakimə yürüdə biləcək. Görünən isə odur ki, beynəlxalq ictimaiyyət Ermənistanın və erməni diasporlarının iddialarını daha çox mənimsəyib. Biz belə bir problemlə qarşı-qarşıyayıq. Azərbaycan inkişaf edir, güclənir, Ermənistan isə zəifləyir. Bəlkə də buna görədir ki, hər kəsin erməniləri məzlum görmək hazırlığı var. Halbuki, Azərbaycanın ərazilərinin 20 faizi işğal edilib. Azərbaycanın, Türkiyənin inkişafını görən bəziləri belə başa düşür ki, biz, Ermənistana iqtisadi təzyiq göstəririk. Yaxşı, işğal faktı necə olacaq?!

Ermənistanın iddialarının qəbul edilməsinin bir səbəbi də ermənilərin illərlə apardığı təbliğatdır. Türkiyə Azərbaycanla bu reallığı görməlidir və erməni təbliğatına qarşı daha çox birgə fəaliyyət göstərməliyik. Azərbaycan və Türkiyə prezidentləri də bu məsələdə ortaq mövqedədirlər və lazımi təlimat veriblər. Əslində, dünyaya öz həqiqətlərini çatdırmaq məsələsində Azərbaycan və Türkiyənin işi daha asan olmalıdır. Çünki biz yeni bir tarix yazmaq məqsədi ilə yola çıxmamışıq və gerçəkləri təhrif etməyə də ehtiyacımız yoxdur.
Bu baxımdan Azərbaycan və Türkiyə diasporlarının dünyada daha da aktiv işləməsinə çalışırıq.  Türkiyə ilə Azərbaycan eyni güclə tariximizin təhrif edilməsinə qarşı mübarizə aparacaq. Bizim əlimizəki imkanlar daha güclüdür, çünki həqiqətləri deyirik.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın 23 aprel 2014-cü il tarixində, Baş nazir olduğu zaman qeyd etdiyi kimi, Türkiyənin o dönəmdəki hadisələrə ədalətli yaddaş anlayışı ilə Osmanlı imperatorluğunun bütün təbəqələrinə təsir edən hadisələrin məcmusuna tarixi həqiqətlər işığında təvəccöhlə yanaşma təşəbbüsünə lazımi diqqətin göstərilməsini və qiymət verilməsini gözləyirik. Regionda nifrət şüarlarına deyil, keçmişimizi olduğu qədər, gələcəyimizi də tolerantlıq və qarşılıqlı anlayışa əsaslanaraq, qiymətləndirə biləcəyimiz konstruktiv zəmin yaratmağa çalışırıq.

- Türkiyənin baş naziri Əhməd Davudoğlu erməni jurnalist Etyen Mahçupyanı özünə baş müşavir təyin etdi. Türkiyə hüquqi dövlət sisteminin güclü ənənəsi olduğundan hər hansı etnik və ya milli azlığın vəzifəyə gətirilməsini də normal qarşılamaq lazımdır. Amma qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində belə bir addım bir az təəccübə səbəb olmaya bilməz. Bu mənada, mlliyyətcə erməni birinin uydurma soyqırımı ilə bağlı planlaşdırılan böyük tədbirlər ərəfəsində mühüm posta gətirilməsi, Türkiyə cəmiyyətində narahatlığa səbəb olmur?

- Türkiyədə müxtəlif dairələrdə buna fərqli reaksiyalar verilə bilər. Kimsə tənqid edə bilər, kimsə bu addımı alqışlaya bilər. Bunlar Türkiyə reallığında ola biləcək şeylərdir. Çünki Türkiyə cəmiyyəti müzakirəyə açıqdır. Cənab baş nazirimiz verdiyi qərarların hər kəs tərəfindən ayaqda alqışlanmasını gözləmir. Biz plüralist cəmiyyətik.

Rəsmi səviyyədə verilən qərarları, atılan addımları Türkiyənin bütün reallıqları prizmasından qiymətləndirmək lazımdır. Türkiyənin Konstitusiyası qarşısında bütün vətəndaşlar bərabər hüquqlara malikdir. Vətəndaşların etnik mənsubiyyəti Türkiyə dövlətini maraqlandırmır. Cənab baş nazirimiz də Konstitusiyanın müddəaları çərçivəsində bu addımı atıb. Əslində, bu, Andolu torpaqlarında yeni bir şey deyil. Osmanlı təcrübəsinə baxdıqda, görmək olar ki, dövlət vəzifələrində qeyri-müsəlmanlar da çalışıb.

- Türkiyə hüquq-mühafizə orqanlarının apardığı “paralel yapı” əməliyyatları çərçivəsində həbs olunan jurnalistlərlə bağlı Avropa siyasi təsisatları rəsmi Ankaranı tənqid etdi. Belə iddialar da səslənir ki, jurnalistlərin həbsi Türkiyənin Avropa Birliyinə üzv olması istiqamətində problemlər yaradacaq. Bu proseslər fonunda Türkiyə Avropa Birliyinə üzv ola biləcəkmi?

-Türkiyədə heç kim jurnalist fəaliyyətinə görə həbs edilmir. Bizim belə bir təcrübəmiz yoxdur. Amma bir cinayətdə şübhəli bilinənlərin həbs edilməsi, bunlar içərisində təsadüfən jurnalistlərin olması isə başqa məsələdir. Biz hüquqi dövlətik. Beynəlxalq aləm, xüsusilə Avropa təşkilatları isə əllərinə fürsət düşmüş kimi bizi tənqid edirlər. Deyirlər ki, Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində problem yaradacaq.

Guya bu olmasaydı, Türkiyəni yanlarına alacaqdılar?! Avropa Birliyi ilə bağlı məsələ Türkiyənin xarici siyasətini prioritelərindən biridir. Bu, hökumətin proqramında da yer alıb. Lakin açıq danışsaq, bu həm də qarşılıqlı səmimiyyəti zəruri edən bir prosesdir. Biz bu məsələdə həyəcanla Avropa Birliyində səmimiyyət axtarmağa çalışırıq, amma bunu görə bilmirik. Türkiyə Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olaraq çox önəmli bir müzakirə mərhələsindən keçməkdədir. Önəmli olan Avropa İttifaqı ilə razılaşma halında yola çıxdığımız bu səfərdə qarşımızdakı şəxslərin sözünə və öhdəliklərinə sadiq qalmasıdır.

- Türkiyədə artıq böyük təhlükə sayılan Gülən camaatının, onların yaratdığı şəbəkənin uzantıları Azərbaycana da gəlib çıxdı. Hələ Rəcəb Tayyib Ərdoğan baş nazir olan vaxtlarda, ötən ilin aprelində Azərbaycana gəldi və sonra buradakı Gülən camaatına məxsus təhsil ocaqları qapadıldı. Nə düşünürsünüz, Gülən camaatı Türkiyədə olduğu kimi, Azərbaycanda da xaosa səbəb ola biləcək təxribatlar törədə bilərdimi?

-SOCAR-ın həmin məktəblərin bağlanmasına dair ortaya qoyduğu iradə və verdiyi qərar onun öz işidir. Bu qərarla Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri arasında bir əlaqə qurmaq sizin öz şərhinizdir. Bu da bir reallıqdır ki, Türkiyədə çox ciddi şəkildə dövlət içərisində “paralel yapılanma” ortaya çıxdı. Onlar dövlətin önəmli sinir mərkəzlərinə qədər nüfuz etmək, surətilə öz iradələri və ambisiyaları ilə addım atmaq istəyirlər. Bunu heç bir dövlət qəbul etməz. Biz hüquq çərçivəsində öz daxilimizdə buna qarşı mübarizə aparırıq. “Paralel yapılanma”nın başqa dövlətlərdə uzantıları varsa, Türkiyə də həmin ölkələrə bununla bağlı öz bilgilərini və təcrübəsini paylaşır. “Paralel yapılanma”nın Azərbaycanda təxribat xarakterli addımları olacaqsa, əminəm ki, ölkə rəhbərliyi buna qarşı lazım olan addımları atacaq. Buna heç bir tərəddüdümüz yoxdur. Hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycana olan inamımız çox böyükdür.

- Cənab səfir, bayaq Türkiyə-Avropa arasında yaranan problemlərdən söz açdınız. Ümumiyyətlə isə Türkiyə ilə Qərb dairələri arasında bir gərginlik sezilməkdədir. Bu gərginlik nədən qaynaqlanır, Qərbin Türkiyəyə qarşı qısqanclığından yoxsa başqa məsələlərdən?

- Türkiyə heç kimlə gərginlik yaratmaqda maraqlı deyil. Türkiyə təhlükəsizliyini, sülhü, qorumağa, iqtisadi inkişafını daha da gücləndirməyə, bizə dost olmaq istəyən ölkələrlə də əlaqələri daha da gücləndirməyə çalışır.

Türkiyənin ətrafında bir çox gərginlik var.  İraqdakı, Suriyadakı prosesləri buna misal çəkmək olar. Avropa ilə əlaqələrdə Türkiyə gərginlik yaratmır. Lakin Avropada bizim vətəndaşlara yönəlik, Türkiyəni narahat edən, Türkiyəni və İslam dinini hədəf alan fəaliyyətlər varsa, bununla bağlı həssaslığımızı özümüzə güvənərək ortaya qoyuruq. Biz demək istəyirik ki, dünyadakı proseslərlə bağlı məsələlərdə Türkiyənin də söz haqqı var. Başqalarının bizə anlatdıqlarını olduğu kimi qəbul etmək kimi bir məcburiyyətimiz yoxdur, nəzərə alınmalıdır ki, bizim də maraqlarımız var.

- Siyasi proseslər onun perspektivləri barədə məncə, kifayət qədər danışdıq. İndi isə bu ağır siyasi yüklü müzakirələrə bir yüngüllük verərək, nisbətən asan cavab tələb edən suallara keçək. Azərbaycanın müxtəlif bölgələrinə getmisiniz, ən çox xoşunuza gələn nə olub?

- Çox şey xoşuma gəlib. Qışda Şahdağda qızlarımın xizəklə qarda yuvarlandıqlarını seyr etmək, yazda Şəkinin gözəlliklərini görmək, bəzi yerlərdə bayramlarda iştirak etmək çox xoşuma gəlib. Bundan başqa, Göyçayda nar festivalında qələbəliyin içərisində olmaq, qızmar yay olmasına baxmayaraq, Naxçıvanda Əshabi Kəhfə yürüş etmək mənə həzz verdi.

- İki ildən artıqdır ki, Azərbaycandasınız. Kolleksiya yığırsınızmı?

- Elə bir adətim yoxdur.

- Türkiyənin Azərbaycandakı sizdən əvvəlki səfiri Hulusi Kılıça Türkiyə Xarici İşlər Nazirliyində vəzifə verildi. Siz necə, özünüzünn daha yüksək vəzifədə təmsil olunmaq perspektivini görürsünüzmü?

- Mən bu günə baxıram. Bu gün mənə verilən vəzifəyə layiq olmağa çalışıram. Azərbaycanla Türkiyə arasındakı ortaq taleyə, tarixi qardaşlığa layiq olmağa çalışıram. Bundan sonra mənə hansı vəzifənin veriləcəyini əvvəlcədən bilə bilmərəm. Dövlət rəhbərlərimiz hansı vəzifəni layiq görsələr, başımız üstündə yerləri var.

- Azərbaycanda dostluq etdiyiniz insanlar varmı?

- Allaha şükürlər olsun ki, Azərbaycanda çox geniş çevrəmiz var. Mənim həyat yoldaşım və iki qızım da burdadır və darıxmaq heç müzakirə mövzusu da ola bilməz.

- Deyəsən  gəncliyinizdə idmanla da məşğul olmusunuz. Xarici görünüşünüz  belə təsir bağışlayır.

- Professional idmançı olmamışam. Gənc olarkən basketbol oynayırdım və komandalarda təmsil olunurdum. Amma onlar peşəkar komandalar deyildi. Çox uğur əldə etməsəm də, amma pis də deyildim, orta səviyyəli bir oyunçu idim. Hazırda da tennis oynayıram, xizək sürməyə çalışıram. Həftədə iki-üç dəfə idman zalına gedərək, məşq edirəm. 50 yaşıma yaxınlaşıram, iki balaca qızım var. Buna görə də sağlamlığıma diqqət etməyə çalışıram.

- Dəyərli vaxtınızı ayırıb, Modern.az saytına müsahibə verdiyinizə görə təşəkkür edirik!

- Siz də sağ olun!


Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi